İlham Əliyev: "Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni həll etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail olduğunu vurğulayıb.

1544425
İlham Əliyev: "Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

 Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni həll etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail olduğunu vurğulayan Əliyev qəbulda deyib:

"Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.

Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. 

Müharibə zamanı beynəlxalq mediaya verdiyim çoxsaylı müsahibələrimdə mən bildirmişdim ki, bizim erməni xalqı ilə problemimiz yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Ermənilər isə hazırda ölkəmizin müxtəlif bölgələrində yaşadığı kimi, təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər. 

 Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Bu adamın heç bir bilik və təcrübəsi yoxdur. Onun beynəlxalq münasibətlər və ölkənin idarəçiliyi haqqında təsəvvürü yoxdur. Həyatında kiçik bir kolxoza belə rəhbərlik etməyən insandır. Yəni, təkcə onu günahlandırmaq olmaz. Düzdür, o, bizi təhrik etdi, qəbuledilməz hərəkətlər etdi və buna görə cəzalandırıldı. Lakin biz, Sarkisyan və Köçəryan ordusunu məğlub etdik. Bu ordunu 30 il ərzində yaradanlar onlar idi.

Beləliklə, bu hərbi cinayətlər hazırda sənədləşdirilir. Biz artıq şəhərlərimizə qarşı törədilən əməllərlə bağlı hüquqi prosedurlara başlamışıq.

Hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar. Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir. İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək.

Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür. Həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır".

 



Әlaqәli Xәbәrlәr