"Regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir, M.Çavuşoğlu

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiya ilə işini davam etdirib.

859365
"Regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir, M.Çavuşoğlu

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiya ilə işini davam etdirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səmərəli regional əməkdaşlığın Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərt olduğunu vurğulayaraq deyib ki, əfqan qardaşlarla həmrəliyimiz hər zaman davam edəcəkdir.

İstanbul Prosesinin dərin köklərə, uzun tarixə malik olduğunu bildirən nazir deyib ki, amma siyasi səviyyə istənilən yer deyil. Terror, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir. Atılacaq hələ çox addım var, davamlı dialoqun əməkdaşlığı gücləndirəcəyinə inanıram.

Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı sessiyasında iştirakçılar Əfqanıstanın sülh və sabitliyə qovuşması və iqtisadiyyat sahəsində inkişafı üçün dəstəklərini dilə gətiriblər.

Konfransın ikinci səssiyasında Mövlud Çavuşoğlu ilə yanaşı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Əfqanıstanın xarici işlər naziri Saluhiddin Rabbani, Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif, İranın xarici işlər naziri Cavab Zərif və Hindistanın xarici işlər naziri Mobaşar Caved Akbar qatılıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2011-ci ildə təsis olunduqdan bəri “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin istər Prosesdə iştirak edən dövlətlər, istərsə də Prosesə dəstək verən dövlətlərin və təşkilatların Əfqanıstanda və regionda vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş səylərinin möhkəmləndirilməsi baxımından səmərəli çoxtərəfli platforma kimi özünü sübut etdiyini söyləyib. O bildirib ki, bu platforma regionda və regiondan kənarda yerləşən dövlətlər arasında dialoq və əməkdaşlıq yolu ilə Əfqanıstanda sülh, sabitlik və rifahın əldə edilməsi üçün nadir imkan yaradır.

Nazir deyib: “Bu gün biz İstanbul Prosesinin həmsədri kimi öz missiyamızı yekunlaşdırırıq. Buna baxmayaraq, Azərbaycan ikitərəfli səylər və müxtəlif çoxtərəfli platformalar vasitəsilə Asiyanın Qəlbi regionunda sabitliyi, sülh şəraitində yenidənqurma səylərini və inkişafı dəstəkləməyə davam edəcək. Öz həmsədrliyindən istifadə etməklə Azərbaycan Prosesin qarşıya qoyduğu məqsədlərə çatmaq istiqamətində bütün mümkün töhfələri verib. 2017-ci ildə biz Bakı və Nyu-York şəhərlərində yüksək vəzifəli məmurların görüşlərini, eləcə də Narkotiklərlə Mübarizə və Regional İnfrastruktur üzrə Etimad Quruculuğu Tədbirləri çərçivəsində ekspertlərin görüşlərini təşkil etmişik.

İnanırıq ki, təhlükəsiz, özünəinamlı və özünü təmin edə bilən Əfqanıstan regionun daha yaxşı gələcəyində mühüm rol oynaya bilər. Məhz buna görə də Azərbaycan Əfqanıstanın dayanıqlı dövlət qurmaq səylərini ardıcıl olaraq dəstəkləyib, əfqan rəsmiləri üçün genişmiqyaslı hərbi, dövlət idarəçiliyi, hüquq mühafizə, minalardan təmizləmə, tibbi və reabilitasiya sahələri üzrə təlimlər təşkil edib, elektron idarəçilik və ictimai xidmətlərin çatdırılması üzrə öz təcrübəsini Əfqanıstanla paylaşıb. Bu gün bizim hərbçilərimiz Qətiyyətli Dəstək Missiyasında xidmət edir və biz Əfqanıstan Milli Ordusuna yardımlarımızı davam etdiririk”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə qeyd edib ki, terrorla ilə mübarizə aparmaq üçün regional formatda birgə səyləri davam etdirmək lazımdır. O, İranın regional səviyyədə terrorizmlə, ekstremizmlə fəal mübarizə apardığını, amma böhranın siyasi yolla həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb. Narkotiklərlə mübarizə məsələsinə toxunan İranın xarici işlər naziri ölkəsinin narkotik alverinə qarşı mübarizədə Əfqanıstan ilə fəal əməkdaşlıq etdiyini söyləyib.

“Asiyanın Qəlbi-İstanbul Prosesi” mənalı dialoq üçün səmərəli müstəvidir. Əfqanıstanda sülh və sabitlik region üçün əhəmiyyətlidir.

Bu fikirləri isə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif deyib. Pakistanın qonşu Əfqanıstanın məruz qaldığı terror hücumlarından narahatlığını ifadə edən nazir qeyd edib ki, Pakistan bu problemin həlli üçün bütün təşəbbüslərə dəstək verəcək.

Hindistanın xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbar diqqətə çatdırıb ki, Əfqanıstandakı böhran sülh yolu ilə həll olunmalıdır. Terrorla mübarizə üçün iqtisadi imkanları artırmalıyıq. Sərhədlərdə maneələrin aradan qaldırılması buna xidmət edəcək. Tranzit və nəqliyyat sazişləri regional əməkdaşlıq prosesinə qatılmağa kömək edəcək.

Tədbir iştirakçıları Azərbaycanın bu konfransa ev sahibliyini yüksək qiymətləndiriblər.

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına  Türkiyə, Azərbaycan, Əfqanıstan İslam Respublikası, Çin Xalq Cümhuriyyəti, Hindistan, İran İslam Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan, , Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.



Әlaqәli Xәbәrlәr