Bu iki münasibət onların ruhunu incidir

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslərin günü kimi qeyd olunur. Əslində isə bu gün sadəcə bir çox adamlara onların varlığını vurğulamaq üçündür.

622778
Bu iki münasibət onların ruhunu incidir

  İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir.  

  İnsan amilini xüsusi diqqətdə saxlayan dövlətlər əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını ildən-ilə gücləndirməyə çalışır. Ölkələrdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları var. Bu proqramlarda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunlar öz əksini tapır.

  Təkcə anadangəlmə deyil, sonradan da insanlar əlilliyə düçar olur. Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlığını itirən insanlar da əlil sayılır. Onların və şəhidlərin qarşısında baş əyirik.

  Amma əslində əlilliyi olan insanların əsas problemi təkcə fiziki cəhətdən qüsurlu olmaqla bağlı deyil. Onlar daha çox yanındakı insanların münasibətindən təsirlənirlər. Bu münasibət əsasən iki cür olur: əlillərə yazığı gəlmək və əlilləri yararsız hesab etmək. Bu iki münasibət onların özlərinə qarşı inamını, həyat eşqini azaldır, mənəvi cəhətdən az qala məhv edir.

  Fiziki cəhətdən sağlam insanı belə psixoloji cəhətdən aşağılamaq o qədər çətin deyil, o ki qala fiziki qüsurlu insanları. Amma az da olsa, fiziki qüsurlu insanların bəziləri özlərində güc tapır, cəmiyyətin onları inteqrasiya edəcəyini gözləmir, əksinə, özünü ictimaiyyətin bir fərdi olaraq meydana qoya bilir. Belə rəssamlar var, əl arabasında oynayan voleybolçular var, yerindən qalxa bilmədən yazan şairlər var və sair və ilaxır.  

  Bu yerdə mən fiziki cəhətdən şikəst olan azərbaycanlı gənclərin bir neçə ay əvvəl bir araya gələrək yaratdıqları dünyaya toxunmaq istəyirəm. Azərbaycanın paytaxtı Bakıda əlilliyi olan bu cavanlar müstəqil ƏSA Teatrı yaratdılar. Hazırda on iki nəfərdən ibarətdirlər.

  Dünyada əlilliyi olan və ya daun sindromlu aktyorlardan ibarət teatr olsa da, sayları çox azdır. ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atdı və incəsənətin sərhəd və əngəl tanımadığını təsdiq etdi.  

  Yəni öz qabiliyyətinə inanan, özündə güc tapan və bunu üzə çıxarıb hər kəsə göstərməyə çalışan, xüsusən fiziki cəhətdən əlilliyi olan hər kəs həm ətrafındakı insanların, həm də dövlətlərin hörmət və qayğısının ən yüksək dərəcəsinə layiqdir. Qısası, normal insanların vəzifəsi isə onlara hər mənada yardım etməkdir. Əsas odur ki, beyinlər əlil olmasın.



Әlaqәli Xәbәrlәr