Ankarada Türk Dilində Danışan Ölkələrin Qurultayı

  2017-ci il noyabrın 13-16 noyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada Türk Dilində Danışan Ölkələrin Qurultayı keçirildi.

  Video-müsahibələrdə Kamil Vəli Nərimanoğlu, Aidə Eyvazova, Timur Kocaoğlu, Qafar Çaxmaqlı, Bayram Durbilməz, Nuridə Novruzova, Ramiz Əsgər, Vaqif Sultanlının çıxışlarını görə və dinləyə bilərsiniz, kimin hansı dəqiqə arasında danışdığı mətndə qeyd olunur.

Müxbir Sevda Mirzə:  I Türkoloji Qurultay 1926-cı ilin 26 fevral - 6 mart tarixlərində - doqquz gün ərzində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirildi. Bu, XX yüzillikdə türk xalqlarının həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşdü.Türk xalqlarının mədəni inteqrasiyasında xüsusi və mühüm bir mərhələnin əsasını qoydu bu möhtəşəm Qurultay. Təxminən bir əsrə yaxın zaman keçib. Bu gün Türkoloji Qurultayların keçirilmə məkanlarından biri və demək olar ki, ən aktiv yeri yenə Azərbaycan və Türkiyədir. 2017-ci il noyabrın 13-16 noyabr tarixlərində Türkiyənin paytaxtı Ankarada Türk Dilində Danışan Ölkələrin Qurultayı keçirildi, yəni türk xalqları ölkələrinin qurultayı. Biz TRT “Türkiyənin səsi” radiosu olaraq bu qurultayda iştirak etdik və dünyanın müxtəlif ölkələrindən gələn dil və ədəbiyyat alimlərindən müsahibələr götürdük. (P.S: Video-müsahibələrdə hansı dəqiqədən kimin danışdığı qeyd olunur.)   

Kamil Vəli Nərimanoğlu, professor, Azərbaycan (01.36 – 03:48): Yeni Türkiyə Strategiya Mərkəzinin bu tədbiri olduqca ciddi tədbirdir. 50 ölkədən 200-dən artıq alimin gəlməsi və bir problemin hərtərəfli dəyərləndirilməsi, məncə, türk dünyası üçün olduqca önəmlidir. Alimlərin üzərinə nə düşür? Onlar nə edə bilər? Xalqın tələbi budur ki, biz sözlüklər istəyirik, bütün ləhcələrin sözlüyü olsun, danışma sözlükləri olsun, indiki texnologiyanın tələbinə cavab verən, internet sisteminə uyğun dil öyrədən vasitələr olsun. Bunlar nə qədər çox olarsa, ləhcələr arasındakı fərq də o qədər aradan qalxmış olar. Əslində Türkiyənin içində bütün ləhcələr var. Min illik dövr Türkiyəni bütün türk qövmləri, tayfalar üçün açıq edib. Burada türk olan da, olmayan da birlik və bərabərlik içindədir. Bu baxımdan, əlbəttə ki, heç bir fərq qoymadan bu yaxınlaşma sürəsinə hər kəs bir damla da olsa, yardım etməlidir. Məsələn, mən kitab yazıramsa, burada özbək türkünü də diqqətə almalıyam, tatar türkünü də, başqırd türkünü də, türkmən türkünü də. Yalnız Azərbaycan üçün, yalnız Türkiyə üçün kitab yazma zamanı artıq keçmişdir. Bu, xüsusən humanitar bölümlər – tarix, ədəbiyyat, dil, incəsənət üçün çox önəmlidir. Və bu cür kitabların yazılması bizim gələcək ortaq dərs kitabları üçün çox zəruridir. Bunu da deyim ki, mən Azərbaycan deyərkən ana adımız olan türkdən qopmaq istəmirəm, yəni biz Azərbaycan türküyük.             

Müxbir Sevda Mirzə (03:49 – 04:25): Bir xanım var Azərbaycanda, Aidə Eyvazova. Aidə Eyvazova, bərabər işarəsi, türk dünyası. Və yaxud türk dünyası, bərabər işarəsi, Aidə Eyvazova. Bütün varlığıyla türk dünyasının içində olan adamlar mütləq bu adı tanıyırlar. Türk dünyasına xidmətləri olan bu xanım bir müddət Qazaxıstanda çalışıb, bir müddət də Özbəkistanda olub.

Aidə Eyvazova, jurnalist, Azərbaycan (04:26 – 05:34): Xoş gördük TRT və bütün türk dünyası. Bu gün belə bir tədbirdə iştirak etdiyim üçün özümü çox bəxtli sayıram. Baxıram ki, jurnalist kimi hər kəsə nəsib olmur və burada çox az jurnalist var. Ən çox nəyə sevinirəm bu tədbirdə? Dünyanın hər yerindən türk dilində danışan, türk dilini öyrənən, tarixini daşlardan kitablara yazan alimlər, professorlar gəlib-yığışıb burada bir araya. Bu gün də onlardan öyrənirik. Gözəl mühazirələr oxuyur, bizi bir daha tariximizə aparır və sübut edirlər ki, dünya yenə dönür türkə. Balkanlardan, Amerikadan, Yaponiyadan türk dilinin böyüklüyünə, şirinliyinə gəliblər. Belə qurultayların keçirilməsi çox böyük töhfədir. Bu, bizim arzuadığımız türk birliyinə atılan, Turana gedən yolların başlanğıcıdır.

Müxbir Sevda Mirzə (05:35 – 05:46): Türkiyənin paytaxtı Ankarada keçirilən qurultayda Amerikadan da qonaq var. O qonağı bizə azərbaycanlı qonağımız təqdim edir.

Aidə Eyvazova, jurnalist, Azərbaycan (05:47 – 06:47): Timur Kocaoğlu çox böyük türkçüdür. Türk dilinin tarixini, siyasətini hər yerdə təbliğ edir. Sosial şəbəkələrdə dili şeirlər şəklində də paylaşır, türk dilinə olan sevgisini ifadə edir. Timur hocamız Amerikanın Miçiqan Dövlət Universitetinin professorudur. Özü Türkiyədən İstanbuldandır. Türkcəni Amerika kimi böyük bir ölkənin universitetində yayır. Ətrafına nə qədər türkü sevənlər toplaşıb.   

Timur Kocaoğlu, professor, ABŞ (06:48 – 09:03): Mən buraya türk dillərinin ortaq əlifbası mövzusunda çıxış üçün gəldim. Amma başda bunu söyləmək istəyirəm ki, ürəyimiz hər zaman Azərbaycan üçün döyünür. Biz Azərbaycanın bu günkü tarixini, mədəniyyətini yaxından izləyirik. Azərbaycan da bizim üçün bir candır. Türk xalqları arasında hal-hazırda latın əlifbasına keçidlə bağlı problemlər var. Azərbaycanın latın əlifbası çox gözəldir, əfsus ki, başqa türk xalqlarında belə deyil. Məsələn, Özbəkistan çox yanlış latın əlifbasına keçdi, Qazaxıstan da. Bunlar bizi çox üzür. Çünki əsil məqsəd latın əlifbasına keçmək deyil, bütün türklərin eyni əlifbada yazmasıdır.Yəni azərbaycanlılar Azərbaycanca yazır, özbək özbəkcə, qazaxlar qazaxca, amma eyni əlifbanı istifadə edərsə, o zaman aramızda bir dil birliyi olar. 1926-cı ildə - Türkiyədən iki il əvvəl Sovetlər dövründə bütün türk xalqları latın əlifbasını istifadə edirdi. Amma bu, ortaq əlifba idi. Qazaxlar, qırğızlar, hətta yakutlar, çuvaşlar – hamısı bir latın əlifbasından istifadə edirdi, 1938-ci ilə qədər, 10 il işlədildi. Demək, bizim bir latın əlifbası təcrübəsi var. Amma əfsus ki, indiki zamanda latın əlifbasına keçərkən bir çox türk ölkəsi bu ortaqlığa baxmadı, dedi ki, “Mən istədiyim bir latın qrafikasına keçirəm”. Bu da o birilərdən fərqli olur. Bu mövzuda bunların birlikdə müzakirəsi, görüşləri lazımdır. Amma hər zaman deyirəm: Azərbaycanın latın əlifbasını nümunə almaq lazımdır. Çünki onlar düzgün əlifbaya keçmişlər.            

Müxbir Sevda Mirzə (09:04 – 09:38): Qafar Çaxmaqlı uzun müddət Azərbaycanda çalışmış bir Azərbaycan alimidir və erməni dilində yazan jurnalistlərdən olub bir zaman. Bu gün Azərbaycan, Türkiyə türkcələrini, erməni dilini çox gözəl qarşılaşdıran, Azərbaycan-Ermənistan məsələlərində çox böyük araşdırmaların müəllifi kimi müasir tariximizə düşən alimdir.        

Qafar Çaxmaqlı, professor, Azərbaycan (09: 39 – 11:12): Məlumdur ki, türk dilində danışan yalnız türk ölkələri deyil, Balkan, Qafqaz coğrafiyaları və digər yerlərdə də türk dili dünyanın əsas dillərindən biridir. Uzun zaman ermənilər türkcə danışıb, indiyə qədər də evlərində, ailələrində bilirlər, danışırlar. Mənim bu qurultaydakı məruzəm "Türk dilinin erməni cəmiyyətində yeri və türkcədən ermənicəyə keçən kəlmələr" mövzusudur. Məlumdur ki, 1700-cü illərdən indiyə qədər həm Türkiyə, həm Azərbaycan, həm Ermənistanın özündə belə böyük qaynaqlar var ki, erməni hərflərilə türkcə mətnlər, hekayələr, qəzetlər, jurnallar, kitablar var. Bundan başqa, Ermənistanda türk dilinə münasibət məsələsini də qabartmaq istəyirəm. Onların Türkiyə və Azərbaycan türkcələri problemi olmasa da, yenə də bu məsələyə çox diqqət yetirirlər. İrəvan Dövlət Universitetində, Ermənistan Elmlər Akademiyasında Azərbaycan və Türkiyə türkcələrini öyrənən qurumlar var. Hətta 80-ə yaxın tələbələri var İrəvan Dövlət Universitetinin.

Müxbir Sevda Mirzə (11:13 – 12:03): Bayram Durbilməz Kayseri Erciyez universitetinin dosentidir. Mən bir neçə il əvvəl Kayseridə olarkən və Bayram müəllimlə görüşərkən ona ilk sualım bu oldu: “Siz Azərbaycanlısınız?” O: “Yox, Türkiyə türküyəm”, - dedi. Mən: “Amma bu qədər Azərbaycanla bağlı məlumata maliksiniz, istər dil, istər tarix, istərsə də folkloru baxımından". Bayram hocanın mənə verdiyi cavab bu oldu: ”Azərbaycan və Türkiyənin tarixi də, dili də eyni kimidir. Ona görə bunları mən heç ayırmıram”.

Bayram Durbilməz, dosent, Kayseri Erciyez Universiteti (12:04 – 14:13): Azərbaycan və Türkiyədə aşıq sənəti ən köklü sənətlərdən biridir. Azərbaycan və Türkiyə həqiqətən “iki dövlət, bir millətdir”, bunu biz hətta 7 cümhuriyyət üçün də söyləyə bilərik. 1993-cü ildə mən Azərbaycanda Bakıda çalışdım. İlk türk dünyası çalışmalarını Bakıda atdıq, daha sonra türk dünyasının başqa yerlərinə gedib görmək imkanımız oldu. Bugünkü qurultayımızın əsas başlığı “Dilimiz kimliyimizdir”. Əgər türk dünyasından bəhs ediriksə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə və digər türk cümhuriyyətlərindən bəhs ediriksə, bizi biz edən əsas səbəb türk dili dediyimiz üst kimliyimizdir. Bu, bizi bir-birimizə yaxınlaşdırır. Buna görə sizinlə söhbətlərimizdə birlikdən, bərabərlikdən bəhs etmişik. Ana birliyimiz dildir. Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında çox fərq yoxdur, bir neçə söyləmə tərzi var. Özü də bir, sözü də bir, hər şeyi birik. İndi türk dünyasının ortaq kültür dəyərlərinin, başda dil olmaqla, ortaya çıxrılmasıyla dünyada türk cümhuriyyətləri və türk dünyası daha gülcü olacaq. Dünyada ən böyük güc mədəniyyətdir. Kültürü güclü olanlar daha sonra o kimliyini qoruyaraq iqtisadiyyatda da, texnologiyada da o gücünü inkişaf etdirə bilər. Beləliklə, kültürümüzün pozulmadan, amma bir-birilə uyğunlaşdıraraq, ortaq kültür dəyərlərimizi yaxınlaşdıraraq, zənginləşdirərək gələcəyə əmin addımlarla yürüməmiz gərəkdir. Beləliklə, türk dünyası gələcəkdə daha güclü olacaq.   

Nuridə Novruzova, dosent, Azərbaycan (14:15 – 16.25): XX əsr türk dünyasına yeni bir düzən gətirdi: dünyanın siyasi xəritəsi dəyişdi, yeni türk dövlətləri yarandı, bununla da türk xalqlarının yeni bir dövrü başlandı. Bu cür tədbirlər türk dünyasının həm elmi, həm siyasi, həm iqtisadi, həm mədəni baxımdan bir-birinə yaxınlaşması üçün çox yardım göstərir. Qurultayın əsas mövzuları nələrdir: ortaq türkcə, ortaq əlifba, tərcümə və çevirmə, yaxın, uzaq və qohum türk cəmiyyətlərində türkcənin öyrədilməsi. Azərbaycan alimləri burada böyük bir heyətlə təmsil olunur. Mən də Bakı Slavyan Universitetindən gəlmişəm. "Türk dillərində tərcümə və çeviri" məsələsindən danışıram. Türk xalqlarının bir-birini daha yaxşı anlaması, tanıması üçün elmi, ədəbi və mədəni ədəbiyyatın bir-birinə birbaşa tərcüməsi çox vacibdir. Məsələn, əvvəllər qazax dilindən Azərbaycan dilinə məqalə və əsərlər rus dilindən tərcümə olunurdu. Bu ikiqat tərcümə qazax, qırğız və ya noqay dilinin özünəməxsus milli xüsusiyyətlərini itirirdi. Dil çox önəmlidir, çünki mədəniyyəti təmsil edir, xalqın ruhudur. Bu mənada biz güclü olmalıyıq. 

Ramiz Əsgər, professor, Azərbaycan (16:26 – 18.20): Avstraliyadan başqa dörd qitədən təxminən 260-a yaxın qonaq var, bu da ən az 260 məruzə deməkdir. Altı böyük salonda eyni zamanda dinlənilir. Burada təəssüflü məsələ odur ki, biz salonun birində özümüz çıxış edəndə beşini izləyə bilmirik. Bu isə gözəldir ki, tədbirdəki bütün məruzələr böyük bir cild halında çap olunacaq və biz nə böyük türkoloji işin öhdəsindən gəldiyimizi görəcəyik. Bir də, bildiyimiz kimi, türk dünyasının ortaq bir televiziyası var: TRT Avaz. Biz onu izləyirik. TRT Avaz-ın siyasəti budur ki, qonağı olan hər bir türk yerli ana dilində danışsın, qazaxdırsa qazaxca, qırğızdırsa qırğızca. Bu, yaxşıdır, öz ölkəsində çox rahat anlaşılır. Amma başqa tamaşaçı kanalı dəyişir. Bu dili dinləmək, öyrənmək istəyən digər tamaşaçılar, xüsusən ziyalılar istəyir ki, onlar İstanbul türkcəsinə yaxın bir türkcədə danışsınlar. Yaxud bir sözün bir neçə sinonimi işlənsin. “Mən bu ölkəyə mehman gəldim” deyərkən həm də “qonaq gəldim”, “misafir gəldim” desin.    

Vaqif Sultanlı, professor, Azərbaycan (18:21 - 20.34): Bu cür tədbirlərin keçirilməsi, şübhəsiz ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin ayrı-ayrı ad altında təqdim olunan xalqlarımızın yaxınlaşmasında, vahid bir türk birliyinin yaradılması baxımından olduqca önəmlidir. Dil siyasi məsələdir. Buna görə də xalqlarımızın yaxınlaşması üçün lazım olan o siyasi addımlar atılmalıdır. Mən "İsmayıl Qaspiralı və ortaq türk dili" mövzusuna toxunmuşam. Hələ 130-140 il əvvəl ortaq türk dili məsələsiylə başlamışdı fəaliyyətə İsmayıl Qaspiralı. Özünün “Tərcüman” qəzeti və ondan əvvəlki fəaliyyətilə bütövlükdə ortaq türk dili məsələsinə xidmət etməyə çalışırdı. O zaman İsmayıl Qaspiralı yazırdı ki, "Ortaq türkcəni yaratmaq üçün ortaq əlifba, ortaq imla və dilin sadələşməsi məsələləri mühümdür". Əlbəttə, İsmayıl Qaspiralı o zaman Osmanlı türkcəsini örnək olaraq qəbul edilməsi tərəfdarı idi. Amma Osmanlı türkcəsində olan ərəb, fars kəlmələrinin tədricən çıxarılması və bunun yerinə türkcədə olan sadə kəlmələrin qoyulması tərəfdarı idi. İsmayıl Qaspiralı yazırdı ki, "Türk dil birliyi o zaman gerçək olacaq ki, müstəqil türk dövlətləri yaranacaq". Amma baxın, 25-26 ildir müstəqil türk dövlətləri var, amma hələ də bir ortaq əlifba və ortaq imla məsələlərinin ilkin mərhələsini belə həll edib axıra çatdıra bilməmişik. Türk dilinin coğrafiyası siyasi coğrafiya ilə ölçülmür, əlbəttə. Türk dili harada danışılırsa, ora biz vətən kimi baxmalıyıq. Vətən kimi baxacağıqsa, o zaman dilimizi genişləndirəcəyik və türk dilini keçmiş tarixdə olduğu kimi işlək vəziyyətə gətirəcəyik.