Şəfa mənbəyi Naftalandakı daha bir möcüzə ilə tanış olun

Hər il dünyanın müxtəlif ölkələrindən Naftalana üz tutan minlərlə turist üçün buranın yalnız balneoloji neft vannaları deyil, həm də şəhərin havası əsl şəfa mənbəyidir. Naftalanın iqlimi ağciyər və tənəffüs yolları xəstəlikləri olan, eləcə də oynaqlarında problem yaşayan insanlar üçün çox əlverişlidir.

Naftalana daxil olan kimi qonaqlar yol boyunca cərgə-cərgə düzülən şam ağaclarını görür. Eyni mənzərə Naftalanın mərkəzində, parklarda, xiyabanlarda da hər kəsi bu şəhərin iynəyarpaqlılarının gözəlliyinə məftun edir.

Mütəxəssislər bildirirlər ki, şəhərin hər tərəfində əkilən və mühafizə olunan Eldar şamı ağacları landşaftın zənginliyinə xidmət etməklə yanaşı, həm də burada xüsusi mikroiqlim zonası yaradaraq, tənəffüs yollarında bronxit, astma kimi xəstəlikləri olan insanlara şəfa verir. Yalnız Azərbaycan təbiətinə xas olan Eldar şamı ağaclarının təbiətə yaydığı oksigen Naftalanın quru iqlimi ilə birləşərək bu yerlərdə müalicəvi mühit yaradır və ağciyərlərində, tənəffüs yollarında, eləcə də sümüklərində və oynaqlarında xəstəliyi olan insanlara müsbət təsir göstərir.

Möcüzəvi Naftalan nefti ilə yanaşı, həm də şəhər üçün bir o qədər əhəmiyyətə malik Eldar şamı ağaclarının sayəsində bir çox xəstənin sağlamlığına qovuşacağına əmin olan naftalanlılar şəhərin ekologiyasına da xüsusi qayğı ilə yanaşırlar. Belə ki, əhali yaşlı Eldar şamlarını qorumaqla bərabər, özləri də şəhər rəhbərliyinin köməkliyi ilə yol kənarlarında, yaşayış massivlərinin ətrafında, parklarda, xiyabanlarda şam fidanları əkir, yeni-yeni yaşıllıq zonaları salırlar.

 AZƏRTAC