Türkiyə prezidenti İran-İsrail-Qəzza münaqişələrinə münasibət bildirdi

Paytaxt Ankarada keçirilən Nazirlər Kabineti iclasının yekunlarına dair brifinqdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib ...

2128598
Türkiyə prezidenti İran-İsrail-Qəzza münaqişələrinə münasibət bildirdi

 

  “Türkiyənin müdafiə sənayesi son dövrdə nəhəng layihələrə imza atıb. Ölkəmizin bu sahədə idxaldan asılılığı sürətlə azalıb”, bunu paytaxt Ankarada keçirilən Nazirlər Kabineti iclasının yekunlarına dair brifinqdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyənin müdafiə sektorunun artan gücünə diqqət çəkib, dövlətin bu sahənin inkişafına xüsusi dəstək verdiyini vurğulayıb. Bildirib ki, hazırda Türkiyədə 90 milyard ABŞ dolları həcmində 850 müxtəlif müdafiə təyinatlı layihə icra olunur.

  Dövlət başçısının sözlərinə görə, Türkiyə istehsalı 230 növ silah, müdafiə sistemi və hərbi avadanlıq 185 ölkəyə ixrac edilir.

  “Müdafiə sənayemiz dövlətin gücünə və Türkiyənin dünyada artan nüfuzuna ciddi töhfə verir. Müasir Türkiyə müdafiə sahəsində daxili tələbatı qarşılayan ölkəyə çevrilib”, - deyə prezident Ərdoğan vurğulayıb.

  2012-ci ildən bu günə kimi 50 ölkə ilə PUA satışına dair 770 müqavilənin imzalandığını bildirən Türkiyə lideri yalnız 2023-cü il ərzində ölkədən 1,8 milyard ABŞ dolları həcmində pilotsuz uçuş aparatının ixrac edildiyini deyib.

  “Türkiyə Akıncı, TB2, AKSU və bu kimi digər müasir pilotsuz uçuş aparatlarına, texnologiyalarına sahib dünyanın 3 lider dövlətindən birinə çevrilib. Müdafiə sektorumuz, eyni zamanda, kamikadze-PUA-ları istehsal edir”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. O həmçinin bildirib ki, Türkiyədə istehsal olunan yüngül atıcı silahlar 110 ölkəyə ixrac edilir.

  Türkiyə prezidenti İran-İsrail-Qəzza münaqişələrinə də toxunaraq deyib: “İranla yaşanan gərginliyə tək məsul şəxs İsrailin baş naziri Binyamin Netanyahudur.

  Qəzzada zülm və soyqırım dayanmayınca bölgəmizin yeni gərginliklərə hamilə olduğu aydındır. Düz 193 gündür bütün dünyanın gözü qarşısında Qəzza zolağında soyqırım törədən və ictimai təzyiqi azaltmaq üçün hər cür küstahlıq nümayiş etdirən Netanyahudan başqası deyil. Aprelin 13-nə keçən gecə ürəyimizə ağzımıza gətirən gərginliyin - İranın İsrailə hava hücumunun əsas səbəbi Netanyahu və onun qaniçən administrasiyasıdır.

  Türkiyə xüsusilə son 2 gündə Qəzzadakı qırğınları arxa plana keçirməmək üçün danışıqları artırıb.

  Alova yanacaq tökmək və Netanyahu rejimini ərköyünləşdirmək heç kimə xeyir gətirməyəcək”.

 



Әlaqәli Xәbәrlәr