“Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq”, R.T.Ərdoğan

Rəhbərlik etdiyi ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən prezident Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən hər bir vətəndaşa təşəkkürünü bildirib

2122898
“Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq”, R.T.Ərdoğan

 

  “Seçkini demokratiyamıza yaraşan yetkinliklə başa vurduq. Seçkilər demokratiyanın ən kritik nöqtəsidir. Bəzi təcrid olunmuş hadisələri nəzərə almasaq, seçki abı-havasına kölgə salacaq, təəssüf doğuran hadisələr baş vermədi. Millət sözünü, siyasətçiyə mesajını, təqdir və etirazını sandıqda ifadə edir. Bütün bunların ölkəmizdə yaşanması özü-özlüyündə böyük bir qazancdır. 31 mart bizim üçün bir dönüş nöqtəsidir. Seçkinin əsas qalibi milli iradəmiz, demokratiyamızdır. Seçkiləri qazanan hər kəsdən əvvəl millətimiz oldu”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri ilə bağlı açıqlamasında ifadə edib.

  Rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) mərkəzi qərargahından vətəndaşlara səslənən prezident Ərdoğan azad iradəsini ifadə edən, seçkilərdə fəaliyyət göstərən hər bir vətəndaşa təşəkkürünü bildirib.

  Seçkinin Türkiyə üçün xeyirlərə vəsilə olmasını diləyən Ərdoğan bu səsvermənin 22 illik siyasi fəaliyyəti dövründə qazanaraq gəldiyi 18-ci seçki olduğunu xatırladıb.

  Prezident seçkilərindən sonra Cumhur İttifaqı olaraq bu seçkidən istənilən nəticəni əldə edə bilmədiklərini də söyləyən R.T.Ərdoğan təşviqat kampaniyası çərçivəsində son iki ay ərzində ölkəsinin 52 fərqli rayonuna getdiyini deyib.

  Xalqa inamını ifadə edərək bundan sonra da yola birgə davam edəcəklərini deyən Türkiyə prezidenti millətin iradəsində üstün heç bir gücü tanımadığını, indiyə qədər millətin qərarı əsasında hərəkət etdiklərini bildirib. O, hökumət olaraq indiyə qədər etdikləri kimi, millətin səsi ilə seçilən bütün yerli idarəçilərə öz şəhərlərinin rifahı naminə işlərində dəstəkləməyə davam ediləcəklərini deyib.

  Prezident Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn 4 il ərzində səhvlərin düzəldilməsi, çatışmazlıqların yerinə qoyulması başda olmaqla ölkənin rifahı və təhlükəsizliyi istiqamətində fəaliyyətlərinə davam edəcəklərini bildirib.

  Türkiyə prezidentinin çıxışı zamanı AK Partiyanın mərkəzi qərargahı ətrafına toplanan izdiham ölkə başçısına dəstək şüarları səsləndirib.



Әlaqәli Xәbәrlәr