Türkiyə Xocalı qətliamını bir daha qınadığını bəyan etdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır ...

2107185
Türkiyə Xocalı qətliamını bir daha qınadığını bəyan etdi

 

  Xocalı Soyqırımının 32-ci ildönümü ilə bağlı Türkiyə Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törədilmiş qətliamı bir daha qınadığını bəyan edib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “1992-ci il fevralın 26-da Xocalıda baş verən vəhşilik bəşər tarixində qaranlıq iz qoydu.

  Xocalıda şəhid olan 613 bacı-qardaşımızın, həmin gün yaralanan, əsir və itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir.

  Qətliam nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı veririk.

  1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik”.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da Xocalıda törədilmiş qətliam qurbanlarının xatirəsini anıb.

  Numan Kurtulmuş faciənin 32-ci ildönümü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib.

  “1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın - bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm.

  Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına məhəl qoymasa da, onlar həmişə var olacaq. Azərbaycanlı qardaşlarımızı hər zaman yaxşılıqla xatırlayacağıq”.

   "32 il əvvəl Xocalıda, dünyanın gözü önündə qətlə yetirilən qardaşlarımızı rəhmətlə anır, Can Azərbaycana başsağlığı verirəm".

Bu barədə isə xarici işlər naziri Hakan Fidan sosial media paylaşımında deyib. 

    “Türkiye daima Azərbaycanın yanındadır”, - XİN rəhbəri vurğulayıb.



    Әlaqәli Xәbәrlәr