Türkiyə “F-16” mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır

“Bloomberg” agentliyinin yaydığı məlumata görə ...

2082079
Türkiyə “F-16” mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır

 

  Türkiyə ABŞ-ın “General Electric” korporasiyasının “F-16” qırıcılarında istifadə olunan “F110” mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.

  “Bloomberg” agentliyinin yaydığı məlumata görə, rəsmi Ankara Vaşinqtondan “F110” mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace İndustries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd “F110” mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub.

  Qeyd edək ki, “Kaan” qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən Milli Döyüş Təyyarələri proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməlidir. Türkiyə rəsmiləri bildirirlər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın “F-35” döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan “F-16” qırıcılarını əvəz edəcək.



Әlaqәli Xәbәrlәr