Onunla nəinki Türkiyə, bütün türk dünyası fəxr edir

10 noyabr böyük türk sərkərdəsi Atatürkün xatirə günüdür

1731669
Onunla nəinki Türkiyə, bütün türk dünyası fəxr edir

 

  Onunla nəinki Türkiyə, hətta bütün türk dünyası fəxr edir. Sərt baxışlı bu adam özünü dərk edəndən yalnız bir məqsəd uğrunda savaşdı. Böyük və güclü türk dövləti quracaq, ədalət və demokratiyanın bərqərar olduğu bir ölkəni idarə edəcək.

  Əlbəttə ki, o, məqsədlərini həyata keçirəcək qədər güclü şəxsiyyətə malik idi və bacardı. 29 oktyabr 1923-cü ildə Mustafa Kamal Atatürk "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideologiyası əsasında Türkiyə respublikası yaratdı.

  Bəs Mustafa Kamal kim idi? Atatürk ləqəbini, türk insanlarının inamını necə qazandı? Bu sualların ətrafında günlərlə dövrə vurub, uzun-uzadı, ən əsası qürurverici tarixi səhifələri vərəqləmək olar. Mavi gözlü, sarışın, azacıq da enli burunlu, xüsusən çox cəsarətli bu oğlan 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində Əlirza bəyin və Zübeydə xanımın ailəsində doğulub. Uşaq ikən iki bacı və iki qardaşını itirən Mustafanın yalnız Makbulə adlı bacısı qalır. Uşaqlığından çalışqanlığı ilə seçilən Mustafa 1896-1899-cu illərdə indiki Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunur. 1902-ci ildə isə leytenant rütbəsi ilə məzun olandan sonra Hərbi Akademiyada təhsilini davam edir. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1907-ci ildə adyutant rütbəsi alır. 1909-cu il aprel ayının 19-da isə İstanbula daxil olan Hərəkat Ordusunda qərargah rəisi kimi fəaliyyətə başlayır. Beləcə, getdikcə hərbi təcrübəsi və bacarığı artan Mustafa Kamal 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayır.

  Bu dövrlərdə Osmanlı imperiyası iqtisadi cəhətdən zəifləməkdə idi. Buna baxmayaraq, türk ordusu Orta Şərqin ən güclü ordusu idi. Əlbəttə ki, bu, Avropa ölkələrini narahat edirdi. Üstəlik Avropa ölkələrinin gözü məhz Osmanlı torpaqlarına yönəlmişdi. Artıq bu torpaqları bölüşdürmək üstündə planlar qurulur, hətta hansı ərazinin kimin hakimiyyətinə keçməsi barədə danışıqlar mübahisə yaradırdı.
  Avropa dövlətləri Osmanlı ilə müttəfiq olmağa və siyasi əlaqələr qurmağa çalışırdılar. Digərlərindən daha cəld və siyasi fənd işlədən isə məhz Almaniya olur. İmperator II Kayzer Vilhelm hələ I Dünya müharibəsindən öncə Osmanlı imperiyası ilə dostluq münasibətləri qurmaq üçün bura gəlir. O, özünün də gözləmədiyi böyük təntənə ilə qarşılanır.

  Osmanlı I Dünya müharibəsi başlayanda İngiltərə ilə Almaniya arasında seçim etməli olur. Çünki İngiltərə həm də Osmanlının əzəli düşməni Rusiya ilə müttəfiq idi. Ona görə də 29 oktyabr 1914-cü ildə Osmanlı dostluğa xilaf çıxmayaraq müharibəyə Almaniya ilə müttəfiq olaraq qoşulur.

  1915-ci ilin fevral ayında ingilislər Gelibolu sərhədlərinə qədər irəlilədilər. Onların məqsədi İstanbulu ələ keçirib Rusiya gəmilərinə Aralıq dənizi rolunu açmaq idi. Həmin vaxt Mustafa Kamal Geliboluda idi. Onun hərbi taktikası Osmanlı ordusunu düşmən qarşısında üzü ağ çıxartdı.

  10 ay sonra ingilislər məğlubiyyəti qəbul edib türk sularından çəkilməyə məcbur olur. Belliklə, 18 mart günü Türkiyə tarixinə zəfər günü, Çanaqqala zəfəri kimi yazılır. Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, yəni 18 mart Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edildi.

  Mustafa Kamal Birinci Dünya müharibəsi zamanı Çanaqqala boğazının müdafiəsində şücaət görsədərək general rütbəsi və paşa titulu alır. 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə adlandırılan “kamalçılar” hərəkatına başçılıq edir.

  1918-ci ilin noyabr ayında I Dünya müharibəsindən qalib çıxan ölkələrin gəmiləri İstanbul limanına axışdı. Osmanlının qüdrəti xeyli zəifləmişdi. Artıq sultanın söz deməyə, etiraz etməyə gücü qalmamışdı. Liman işğalçı dövlətlərin əsgərləri ilə dolub daşırdı.

  Mustafa Kamal ölkədə vəziyyətin daha da qarışdığını görüb yaxın çevrəsi ilə birgə qurtuluş savaşını hazırlamaqda idi. Nəhayət o, qələbə qazanacağına ordunun qarşısında and içir. Bu hadisə sultanın gözünü qorxudur və Mustafaya geri çəkilməsi üçün təzyiq göstərir. Lakin Mustafa Kamalı xalqının azadlığı uğrunda mübarizəyə başladığı bu yoldan çətin ki, geri döndərə bilərdilər. Xalq ona necə inanırdısa, bütün gücünü ortaya qoyub yadellilərlə savaşa hazırlaşırdı. Hətta əli bir az bərkiyən, yetkin yaşa çatmayan oğlan uşaqlardan tutmuş qocalara qədər hər kəs birləşib cəbhəxana tikdilər.

  Antanta ordusu İstanbulu işğal edəndən və ingilislər “Məclisi-məbusan”ı - Deputatlar palatasını dağıdandan sonra Atatürk 1920-ci il aprelin 23-də Ankarada yeni parlament - Türkiyə Böyük Millət Məclisini yaratdı. O, məclisin və təşkil etdiyi hökumətin sədri seçildi və ingilis-yunan müdaxiləçilərinə qarşı milli azadlıq müharibəsinə rəhbərlik etdi.

  1922-ci ilin payızında Atatürkün rəhbərliyi ilə yunan-türk müharibəsindən qalib çıxan Türkiyə ordusu bütün müdaxiləçiləri tamamilə darmadağın edəndən sonra İstanbula gəlir. Xalq ordunu və qəhrəmanını böyük sevinclə qarşılayır.

  Atatürkün 1923-cü il oktyabrın 29-da Türkiyə respublika elan edilir və bununla da paytaxtı Ankara olan Türkiyə Cümhuriyyətinin əsası qoyulur. Qazi Mustafa Kamal Paşa Türkiyə dövlətinin ilk başçısı olur. Bununla Türkiyənin tarixində yeni mərhələ - demokratik tərəqqi mərhələsi başlanır.

  1933-cü ildə Cumhuriyyətin qurulumasının 10 illiyi ilə bağlı xalq qarşısında məşhur 10-cu il nitqini söyləyən Mustafa Kamala bir il sonra - 24 noyabr 1934-cü ildə Türkiyə parlamenti tərəfindən "Atatürk" soyadı verilir.

  Türkiyənin atası Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də İstanbulda Dolmabaxça sarayında vəfat edir. Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilsə də, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülür.

  Türkiyə Cümhuriyyətinin qurucusu, türk dövlət, hərbi və siyasi xadimi, Türkiyənin ilk rəhbəri general və paşa Mustafa Kamal Atatürk bir sıra islahatlar apararaq ölkənin sürətli inkişafına nail olmuşdu. Bu gün də Türkiyə onun qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirir.

  Allah səni rəhmət eləsin, böyük türk oğlu Atatürk!



Әlaqәli Xәbәrlәr