ABŞ erməniləri Azərbaycan və Türkiyə rəsmilərinə sözlü və fiziki hücum ediblər

ABŞ Dövlət Departamenti Los-Ancelesdə Türkiyə ilə bağlı keçirilən konfransda erməni təxribatını araşdırdıqlarını açıqlayıb

2044549
ABŞ erməniləri Azərbaycan və Türkiyə rəsmilərinə sözlü və fiziki hücum ediblər

 

  ABŞ Dövlət Departamenti Los-Ancelesdə Türkiyə ilə bağlı keçirilən konfransda erməni təxribatını araşdırdıqlarını açıqlayıb.

  Sentyabrın 30-da Los-Ancelesdə Yunus Əmrə İnstitutunun rəhbərliyi ilə keçirilən “Türkiyə xarici siyasətində ictimai diplomatiyasının rolu” adlı konfrans erməni qruplaşmasının hücumuna məruz qalıb.

  “TRT Haber” ABŞ Dövlət Departamentinə keçmişdə şəhid olan türkiyəli diplomatları xatırladaraq hadisəni necə qiymət verdiklərini soruşub. Göndərilən yazılı cavabda ABŞ Dövlət Departamentinin məsələni araşdırmaq üçün Los-Anceles Polis İdarəsi ilə birlikdə çalışdığı bildirilib: "Cənubi Kaliforniya Universitetinin ev sahibliyi etdiyi tədbirdə Türkiyə səfiri ilə bağlı insidentdən xəbərdarıq. Biz diplomatların təhlükəsizliyinə dair qəti öhdəliyimizi bir daha bildiririk və diplomatik missiyası olanların təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik."

  Xatırladaq ki, 30 sentyabrda Los-Ancelesdə keçirilən “Türkiyə xarici siyasətində ictimai diplomatiyanın rolu” konfransı erməni qruplaşmasının hücumuna məruz qalıb. Amerika, Türkiyə və Azərbaycan rəsmilərinin iştirak etdiyi tədbir elə əvvəldən erməni təxribatçısı tərəfindən kəsilib. Türkiyə və Azərbaycan rəsmilərini təhqir edən adam zaldan çıxarılıb.

  Türkiyənin ABŞ səfiri Murat Mercan kürsüdə olarkən də bir qrup təxribat törədib. Erməni təxribatçı Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanova sözlü hücum edib. Qrup mühafizəçilərin müdaxiləsi ilə zaldan çıxarılıb. Erməni qrup bu dəfə konfrans zalından kənarda səs-küy salaraq içəridəki çıxışların qarşısını almağa çalışıb. Təxribat xarakterli hücum konfrans başa çatdıqdan sonra da davam edib. Binadan çıxarkən Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş, Türkiyənin Los-Anceles dini xidmətlər attaşesi İsmayıl Dəmirəzən və media meneceri Saner Ayar çöldəki nümayişçilər tərəfindən sözlü və fiziki hücuma məruz qalıblar.



Әlaqәli Xәbәrlәr