Rəcəb Tayyib Ərdoğan Kiryakos Mitsotakis ilə görüşüb

''Türk Evi''ndə baş tutan görüşdə xarici işlər naziri Hakan Fidan və yunanıstanlı həmkarı Giorgos Gerapetritis də iştirak edib.

2040210
Rəcəb Tayyib Ərdoğan Kiryakos Mitsotakis ilə görüşüb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78 sessiyası çərçivəsində Nyu Yorkda Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisi qəbul edib.

''Türk Evi''ndə baş tutan görüşdə xarici işlər naziri Hakan Fidan və yunanıstanlı həmkarı Giorgos Gerapetritis də iştirak edib.

Ərdoğan və Mitsotakis iki ölkə arasındakı münasibətlərdə mövcud müsbət atmosferin davam etdirilməsi mövzusunda qətiyyətli olduqlarını ifadə ediblər.

Xarici işlər nazirlərinin sentyabrın 5-də paytaxt Ankarada keçirilən görüşündə razılaşdırılan məsələlər liderlərin gündəmində olub.

Ərdoğan və Mitsotakis həmin görüşdə qərara alınan iki ölkə arasındakı təmaslara dair  yol xəritəsini və təqvimini təsdiqləyib.

Bu çərçivədə oktyabr ayında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin, noyabrda isə etimad tədbirlərinə dair görüşlərin keçiriləcəyi bildirilir.

Dekabrın 7-də Yunanıstanın Saloniki şəhərində Türkiye-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

İki lider regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə həmçinin miqrasiya problemi də gündəmə gəlib.

Aralıq dənizi regionunda yaşanan təbii fəlakətlər və iqlim böhranı da müzakirə edilib.
Mülki müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar razılıq əldə olunub.
Görüşdən sonra rəsmi internet səhifəsində paylaşım edən Rəcəb Tayyib Ərdoğan görüşün iki ölkə üçün faydalı olmasını arzulayıb.

Türkiye Prezidenti daha sonra Cənubi Afrika Respublikasının Prezidenti Ramafosa ilə görüşüb.

Görüşdə ikitərəfli və çoxtərəfli səviyyələrdə mövcud güclü əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar qiymətləndirilib.

Ərdoğan görüşdən sonra etdiyi paylaşımda  Türkiyenin Afrika qitəsi ilə sıx əməkdaşlığını, tərəfdaşlığını və həmrəyliyini davam etdirəcəyini bildirib.

Prezident Ərdoğan həmçinin  Malayziyanın baş naziri Ənvər İbrahimi də qəbul edib. Görüşdə regional və qlobal məsələlər müzakirə olunub. Müdafiə sənayesi sahəsində atılacaq addımlar müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Amerika Yəhudi İcması Təşkilatlarının nümayəndələri ilə də görüşüb.



Әlaqәli Xәbәrlәr