“Türkiyə ilk gündən bu addımın qeyri-qanuni olduğunu bildirib”, R.T.Ərdoğan

III Krım Platforması Zirvə Toplantısına videomüraciət göndərən R.T.Ərdoğan çıxışında deyib ...

2028369
“Türkiyə ilk gündən bu addımın qeyri-qanuni olduğunu bildirib”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Krımın ilhaqını tanımayan Türkiyənin ilk gündən bu addımın qeyri-qanuni olduğunu bildirdiyini vurğulayıb.

  III Krım Platforması Zirvə Toplantısına videomüraciət göndərən R.T.Ərdoğan çıxışında deyib: “Ukrayna prezidenti Volodimir Zelenski, dövlət və hökumət başçıları, Krım tatarları təşkilatlarının sədrləri, Ukraynanın krımlı deputatı Mustafa Kirimoğlu, bütün Krım tatar - türk soylarını və iştirakçıları salamlayıram.

  Ukraynanın Müstəqillik və Bayraq Gününü təbrik edirəm.

  Krım mücadiləsini sülh yolu ilə daha təsirli şəkildə müdafiə etmək üçün qurulan bu platformanın Krımla bağlı çatdırmaq istədikləri mesajları gücləndirəcəyinə inanıram.

  Türkiyə ilk gündən bu addımın qanunsuz olduğunu bildirib və Krımın ilhaqını tanımayıb. Bizim Ukraynanın ərazi bütövlüyü və suverenliyi lehinə mövqeyimiz yerində qalır.

  Təhlükəsizliyini və rifahını müdafiə etdiyimiz Krımın yerli xalqlarından biri olan tatar türk soyu bizim prioritetlərimiz sırasındadır.

  Krım Tatar Milli Məclisinin sədr müavini Nəriman Cəlal və dostlarının azadlığa buraxılacağı günü gözləyirik.

  Həmişə dediyim kimi, “Müharibədə qalib, sülhdə uduzan yoxdur”. Bu anlayışla biz iki ilə yaxındır davam edən müharibəyə ədalətli və davamlı sülhlə son qoyulmalı olduğuna inanırıq. Qan tökülməsinin dayanması və tərəflərin danışıqlar masasına hazır olması üçün rabitə kanallarının açıq qalmasına böyük səylər göstəririk.

  Qara dəniz bölgəsində gərginliyi artıracaq və sülhə zərər verəcək hər hansı addımdan uzaq durmaq lazımdır.

  Biz yorulmadan sülhün bərqərar olması istiqamətində asanlaşdırma və vasitəçilik səylərimizi davam etdiririk. Müharibənin bitməsi və Qara dəniz hövzəsində sülhün və sabitliyin bərpası təkcə regiona deyil, bütün dünyaya nəfəs verəcək.”



Әlaqәli Xәbәrlәr