Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətləri Ankarada toplandı

Türkiyə prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıçın ev sahibliyi ilə Prezident Aparatından keçirilən görüş təxminən 3 saat sürüb

1999813
Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətləri Ankarada toplandı

 

  Türkiyə, Finlandiya, İsveç və NATO nümayəndə heyətlərinin daxil olduğu Daimi Birgə Mexanizmin IV Toplantısı paytaxt Ankarada keçirildi.

  Türkiyə prezidentinin baş müşaviri, səfir Akif Çağatay Kılıçın ev sahibliyi ilə Prezident Aparatında keçirilən görüş təxminən 3 saat sürüb.

  Toplantıda NATO nümayəndə heyətinin sədri NATO Baş Katibliyi Nazirlər Kabinetinin rəhbəri Stian Yensen (Stian Jenssen), İsveç nümayəndə heyətinin sədri İsveç Xarici İşlər Nazirliyinin dövlət katibi Yan Knutson (Jan Knutsson) və Finlandiya nümayəndə heyətinin sədri Finlandiya Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Yukka Salovaara (Jukka Salovaara) iştirak ediblər.

  Görüşdə İsveçin Üçtərəfli Memorandumdakı öhdəliklər kontekstində atdığı addımlar müzakirə olunub. Terrorla mübarizə sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə də İsveçdə 2023-cü il iyunun 1-dən qüvvəyə minən yeni qanunvericilik aktlarının İsveçdəki terror təşkilatlarının fəaliyyətinə dair əksləri konkret nümunələr əsasında danışılıb.

  NATO-nun baş katibi Yens Stoltenberq 15-16 iyun tarixlərində keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı öncəsi mətbuata açıqlamasında Ankaradakı görüşün konstruktiv atmosferdə keçdiyini və müəyyən irəliləyişlərin əldə edildiyini bildirib. O, İsveçin üzv kimi təsdiqlənməsi üzərində işləməyə davam edəcəklərini söyləyərək deyib: “Üzvlüklə bağlı təqvim verə bilməyəcəyik. İsveç öhdəliklərini yerinə yetirdi. Onlar konstitusiyanı dəyişdilər, terrorizmlə mübarizə qanununu sərtləşdirdilər və Türkiyəyə silah ixracına qoyulan məhdudiyyəti aradan qaldırdılar, bu həftə PKK-ya bağlı bir adamın ekstradisiyası vəd edildi. Bu, İsveçin həm terrorla, həm də mütəşəkkil cinayətkarlıqla mübarizə səyləri üçün yaxşıdır. Çünki bu qruplar əsasən bir-biri ilə bağlıdır. İsveçdə mütəşəkkil cinayətlə məşğul olanlar Türkiyədə terror aktlarında iştirak edənlərlə çox vaxt eyni adamlar olur.”

  Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzvlük üçün müraciət edən İsveç və Finlandiya ilə Türkiyə arasında iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə Toplantısında Türkiyənin narahatlığını aradan qaldırmaq üçün üçtərəfli memorandum imzalanıb. Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü təsdiqləsə də, terroru dəstəkləyən İsveçə veto qoyub.

 



Әlaqәli Xәbәrlәr