Hulusi Akar:"Azərbaycana yenə də dəstək verməyə hazırıq"

Türkiye Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimi keçirilib.

1922617
Hulusi Akar:"Azərbaycana yenə də dəstək verməyə hazırıq"
akar.jpg

"Azad olunmuş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yenə də dəstək verməyə hazırıq".

Bunu milli müdafiə naziri Hulusi Akar Türkiye Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində deyib.

Tədbirdə çıxış edən nazir H.Akar Azərbaycan və Ermənistan arasında 44 gün davam edən 2-ci Qarabağ müharibəsində baş verənlərin Türkiye tərəfindən yaxından izləndiyini bildirib.

Azərbaycan torpaqlarının ədalətsiz müharibə nəticəsində işğal edildiyini dilə gətirən Akar deyib:

"(Azərbaycanlılar) Hamınızın yaxşı bildiyiniz, lakin dünyanın eşitmək, görmək istəmədiyi çox ağır qırğınlara, qatillərə, qətllərə məruz qalıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa müdaxilə etməyib. Nəticədə Azərbaycan özü bu məsələni həll edib. Türkiyə və Azərbaycan birdir və ayrılmazdır. Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz Azərbaycan Silahlı Qüvvələrinə hərtərəfli dəstək verir və onların modernləşdirilməsində fəal iştirak edirik".

“Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq. Əgər Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutarsa, regionda sülh bərqərar olar, biz də bunun tərəfdarıyıq", - Akar qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə Azərbaycanla birlikdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində, müdafiə kompleksinin inkişafında, ordunun təlimində iştirak edir.

Qeyd edək ki, “Qarabağ Azərbaycandır!” şüarı altında təşkil olunan mərasimdə iki qardaş ölkənin müdafiə nazirləri, Silahlı Qüvvələrinin komandanları, səfirlər, beynəlxalq təşkilatların təmsilçiləri, millət vəkilləri, tanınmış alimlər, kursantlar, Türkiyedə yaşayan və çalışan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki ölkənin Dövlət himnləri səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini, iki ölkənin qardaşlığını, Qarabağ zəfərini əks etdirən film nümayiş olunub.

Mərasim zəngin bədii proqramla davam edib.

Qeyd edilib ki, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşridir.



Әlaqәli Xәbәrlәr