Ankarada “Şuşa ili” və bu mövzuda kitabların təqdimatı

Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universitetinin (AU) birgə təşkilatçılığı ilə universitetdə təntənəli mərasim keçirilib

1909206
Ankarada “Şuşa ili” və bu mövzuda kitabların təqdimatı
Ankara_Şuşa ili_.jpeg
Ankara_Şuşa ili_02.jpg
Ankara_Şuşa ili_15.jpeg

 

  Azərbaycanın Türkiyədəki Səfirliyi və Ankara Universitetinin (AÜ) birgə təşkilatçılığı ilə universitetdə təntənəli mərasim keçirilib. Əvvəlcə “Şuşa ili” mövzusunu tərənnüm edən sərginin açılışı olub. Mərasimə qatılan rəsmi şəxslər, Ankara Universitetinin professor, müəllim və tələbə heyəti sərgi ilə tanış olublar. Azərbaycanın qədim tarixini, təbiətinin əsrarəngiz gözəlliyini, Bakının əzəmətini, Naxçıvanın füsunkar dağlarını və s. özündə əks etdirən fotolar barədə iştirakçılara ümumi məlumat verilib. Sonra Azərbaycan həqiqətlərinə dair nadir nəşrlərlə tanışlıq olub.

  Mərasimin girişində ümummilli lider Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal Atatürk və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

  Şuşanın dünənini, bu gününü, düşmən işğalından azad olunmasını və digər mühüm məqamları tərənnüm edən filmin nümayişindən sonra çıxışlar olub.

  Rəsmi açılışda Ankara Universitetinin rektoru Necdət Ünivar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış ediblər.

  Ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadələrini xatırladan rektor Necdət Ünivar Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı rəşadətli qələbəni və Şuşanın qurtuluşunu tarixlərə işıq saçan qəhrəmanlıq salnaməsi, Azərbaycan və Türkiyənin ortaq milli sərvəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Şuşanın böyük qəhrəmanlıqla fəth olunması bütün türk dünyasının qürur mənbəyinə çevrilib.

  Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkədə “Şuşa İli” elan olduğunu diqqətə çatdıran səfir Rəşad Məmmədov dövlət başçısının söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” kəlamını xatırladaraq deyib ki, Qarabağ təkcə Azərbaycanın deyil, Türkiyə başda olmaqla bütün türk dünyasının mənəvi qibləgahı, Şuşa isə Qarabağın ürəyidir. Səfir çıxışında təqdimatı keçirilən əsərlərdən, eləcə də iştirakçılara paylanan “İRS” jurnalından bəhs edərək dərginin baş redaktoru Musa Mərcanlının yaradıcılığının tarixi əhəmiyyət daşıdığını qeyd edib.

  Çıxışlarda qeyd olunub ki, qədim türk yurdu olan Şuşanın təbii gözəlliyi kimi milli irs kimi qorunması başda türk dünyası olmaqla dünya mədəniyyətinə böyük töhfədir. Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşa bundan sonra da dünya mədəniyyətinin inkişafında öz sözünü deməkdə davam edəcək. Sonra “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəşrlərin təqdimatı keçirilib. Mövzu ətrafında “İrs” jurnalının baş redaktoru Musa Mərcanlının, “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılovun və AU-nun əməkdaşı Cavid Abdullahzadənin çıxışları dinlənilib.

  Baş redaktor Musa Mərcanlı çıxışında əminliklə bildirib ki, birgə mübarizə üçün ortaq nəşrlər mühüm təsirə malikdir. Təqdim olunan kitablar və jurnal Azərbaycan həqiqətləri ilə bağlı oxuculara geniş məlumat verəcək. Türk dilində hazırlanan kitablar bundan sonra da davamlı şəkildə Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

  Rəhbərlik etdiyi şirkətin təsis olunması və inkişaf yoluna toxunan “PAŞA Həyat Sığorta” ASC-nin sədri Niyaz İsmayılov ortaq dəyərlərin qorunmasında nəşrlərin rolundan bəhs edərək deyib ki, indiyədək ondan çox kitabın ərsəyə gəlməsini təmin ediblər. Şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən çıxışçı diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbə dövlətçilik tariximizin ən parlaq səhifəsidir. “Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!” fikri ilə sözlərini bitirən şirkət rəhbəri əminliklə bildirib ki, bu istiqamətdə nəşrlərin hazırlanması bundan sonra da davam edəcək.

  Ankara Universitetinin əməkdaşı Cavid Abdullahzadə çıxışında “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” nəşrlərində toplanan materialların tarixi mənbə kimi əhəmiyyətini yüksək dəyərləndirib. Çıxışçı bildirib ki, hər iki nəşr ümumilikdə elmi ictimaiyyət üçün əhəmiyyətli vəsaitdir. Çıxışında Azərbaycanın XX əsr dövlətçilik tarixinə geniş yer ayıran alim diqqətə çatdırıb ki, Qarabağın gerçək tarixi bütün dövrlərdə Türkiyə ictimaiyyəti üçün maraqlı olub. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlanan məlum keçmiş münaqişənin bütün acılarının bundan sonra da nəsillərə çatdırılması təxirəsalınmaz vəzifə olmalıdır. Bu anlamda təqdim olunan kitablar mühüm əhəmiyyət daşıyır.

  Çıxışlarda Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətlərinə toxunulub, diqqətə çatdırılıb ki, iki ölkə başçısının ortaq siyasi qərarları və qətiyyətləri bütün türk dünyasının həmrəyliyinə, əlaqələrin strateji səviyyəyə yüksəlməsinə müstəsna təsir göstərib.

  Qeyd edək ki, “Salam Azərbaycan” və “Qarabağın qara kitabı” adlı nəfis tərtibatda və yüksək dizayn və poliqrafiya ilə hazırlanan nəşrlər “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib.

  Mərasimin sonunda “Şuşa” və Ankara Universitetinin Dövlət Konservatoriyasının musiqi qruplarının zəngin musiqi proqramı olub.



Әlaqәli Xәbәrlәr