Türkiyə Pakistana başsağlığı verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır...

1872978
Türkiyə Pakistana başsağlığı verdi

 

  Türkiyə Pakistanda baş verən sel fəlakəti nəticəsində həyatını itirənlər üçün başsağlığı verib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır: “Pakistanda davam edən və artan sel fəlakətləri nəticəsində ortaya çıxan çox sayda insanın həyatını itirməsi və ziyanlara görə dərin hüznlə kədərləndiyimizi bildiririk. Allah həyatını itirənlərə rəhmət eləsin. Dost və qardaş Pakistan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik. Türkiyə seldən zərər çəkən pakistanlı qardaşlarımızın yaralarının sağalması üçün köməyə hazırlıq görüb və humanitar yardım aparan təyyarə Pakistana göndəriləcək.”

  Pakistanda görünməmiş musson yağışları və daşqınlar miqyaslı dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Asim İftixar Əhməd mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təbii fəlakət müxtəlif regionlarda, xüsusən Sind və Bəlucistan əyalətlərində kütləvi dağıntılara gətirib çıxarıb. Hökumət böyük miqdarda insan tələfatı, əmlak itkiləri, infrastrukturun dağılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. 33 milyona yaxın insan zərər çəkib, mindən çox insan isə həlak olub.

  Asim İftixar Əhməd deyib ki, ölkənin mülki və hərbi rəhbərliyi təbii fəlakətin nəticələrini yumşaltmaq məqsədilə bütün mövcud resursları və imkanları səfərbər edib. Baş nazir Şahbaz Şərif bu məsələ ilə şəxsən məşğul olur. Hökumət başçısı cümə günü xarici səfirlərin bir qrupu ilə görüşərək onları faciənin miqyası barədə məlumatlandırıb. Avqustun əvvəlində hökumət təcili humanitar yardım üçün BMT-yə və digər beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Xilasetmə əməliyyatlarına Pakistan hərbi hava və dəniz qüvvələrinin bölmələri cəlb olunub.

  Pakistanın təbii fəlakətlərlə mübarizə milli idarəsinin məlumatına əsasən, iyun ayından bəri davam edən musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 937 nəfərə çatıb, 1343 nəfər xəsarət alıb. Ölkə üzrə 39 mindən çox ev tamamilə dağılıb. Daşqınlardan ümumilikdə 670 minə yaxın ev ziyan görüb.



Әlaqәli Xәbәrlәr