Ukrayna taxılı üçün İstanbul Birgə Koordinasiya Mərkəzi açıldı

İmzalanan sənəd 120 gün müddətində qüvvədə olacaq

1860369
Ukrayna taxılı üçün İstanbul Birgə Koordinasiya Mərkəzi açıldı

 

  Ukraynadan taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbulda yaradılan Birgə Koordinasiya Mərkəzinin rəsmi açılışı olub.

  Tədbirdə çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar mərkəzdə Türkiyə Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla, hər bir tərəfdən beş nümayəndənin olacağını bildirib və “Qara dənizdən gələn ticarət gəmilərinin qeydiyyatı və müşayiət edilməsi mərkəz tərəfindən idarə olunacaq” deyib.

  Nazir dəhlizin 25 milyon tondan çox taxılın təhlükəsiz daşınması baxımından zəruriliyini vurğulayıb.

  Qeyd edilib ki, İstanbul Birgə Koordinasiya Mərkəzinin vəzifəsi Ukraynadan ixrac olunacaq taxıl və müvafiq ərzaq məhsullarının Odessa, Çernomorsk və Yuzni limanlarından dənizlə təhlükəsiz daşınmasını təmin etməkdir. Bu mərkəz təşəbbüsə daxil olacaq ticarət gəmilərinin qeydiyyatını və monitorinqini həyata keçirəcək, kommersiya gəmilərinin yola çıxmasına rabitə vasitələri ilə texniki nəzarət edəcək, bütün fəaliyyətini tərəf ölkələri və BMT ilə razılaşdırmaqla həyata keçirəcək. Gəmilər Ukrayna limanlarında yükləndikdən sonra və Türkiyə limanlarına çatdıqdan sonra uyğun hesab edilən yerlərdə birgə təftiş qrupları tərəfindən yoxlanılacaq. Minatəmizləmə ehtiyacı yaranarsa, tərəflərin razılaşdırdığı kimi, planlaşdırma aparılacaq.

  İmzalanan sənəd 120 gün müddətində qüvvədə olacaq. Tərəflər xitam tələb etmədikcə davam edəcək və yenilənəcək.



Әlaqәli Xәbәrlәr