R.T.Ərdoğan Tehrana Türkiyə-İran VII Toplantısına gedir

Tehranda Türkiyə və Rusiya prezidentlərinin ikitərəfli görüşü də planlaşdırılıb

1855944
R.T.Ərdoğan Tehrana Türkiyə-İran VII Toplantısına gedir

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində Tehranda iyulun 19-da keçiriləcək Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII toplantısında iştirak edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, toplantıda Türkiyə-İran əlaqələrinin bütün istiqamətləri və ikitərəfli münasibətlərin inkişafı üçün imkanlar nəzərdən keçiriləcək.

  Məlumatda diqqətə çatdırılır ki, elə həmin gün Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə rəsmi Tehranın ev sahibliyi çərçivəsində Astana formatında Üçtərəfli Zirvə Toplantısı təşkil olunacaq. Bu toplantıda Suriyadakı proseslər, PKK/YPG və DAEŞ (İŞİD) başda olmaqla bölgədəki təhlükəsizliyə təhdid olan terror təşkilatları ilə mübarizə, böhranın siyasi həlli yolları, humanitar yardım və suriyalıların vətənlərinə könüllü şəkildə geri dönmələri barədə müzakirələrin aparılması nəzərdə tutulub.

  Tehranda Türkiyə və Rusiya prezidentlərinin ikitərəfli görüşü də planlaşdırılıb.



Әlaqәli Xәbәrlәr