FETÖ-nun ifşası Türkiyəyə nələr qazandırdı?

AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, yazıcı və tədqiqatçı-jurnalist Sabir Şahtaxtı 15 İyul Türkiyə Demokratiya və Milli Birlik Günü tarixinə işıq salaraq TRT/Azerbaycan saytına araşdırma-yazısını təqdim edib

1855413
FETÖ-nun ifşası Türkiyəyə nələr qazandırdı?

 

  15 İyul Türkiyədə Demokratiya və Milli Birlik Günüdür. Altı il əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alındı. Nəticədə Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyə dövlətinin yanında olub.

  AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru, yazıcı və tədqiqatçı-jurnalist Sabir Şahtaxtı 15 İyul Türkiyə Demokratiya və Milli Birlik Günü tarixinə işıq salaraq TRT/Azerbaycan saytına araşdırma-yazısını təqdim edib.

  Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günü ölkədə rəsmi bayramdır. Prezident Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək xalqı şəhidlərin anım mərasimlərinə qatılmağa dəvət edib. Dövlət başçısının iştirakı ilə İstanbulun Saraçhanə məhəlləsində izdihamlı mitinq keçiriləcək. Hərbi cinayətin ildönümü ilə əlaqədar ölkənin hər yerində tədbirlərin, anım mərasimlərinin keçirilməsi planlaşdırılıb. Tarixin bütün dövrlərində qəhrəman övladlarını əziz tutan Türkiyə xalqı birlik və cəsarət nümayiş etdirərək, 2016-cı il iyulun 15-də dövlət çevrilişinin baş tutmasına yol vermədiyi kimi, bu qanlı hadisənin unudulmasına da imkan vermir.

  Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələşmiş terrorçu təşkilatın ifşasına səbəb oldu. Bu qalibiyyət aşağıdakı mühüm cəhətləri özündə ehtiva edir:

- Türkiyədə əsasən xarici ssenariləri ardıcıl həyata keçirən paralel hakimiyyətin varlığına son qoyuldu;

- Fətullah Gülən “hərəkatı”nın əsl mahiyyəti üzə çıxdı və ifşa edildi;

- Fətullah Gülən “hərəkatı” FETÖ Terror Təşkilatı (Fethullahçı Terör Örgütü) kimi tanındı və dünyaya qəbul etdirildi.

FETÖ Türkiyə dövlətinə qarşı nələr edib?

FETÖ Terror Təşkilatı yaranandan bəri Türkiyənin dövlətçilik ənənələrinin təməl prinsiplərini sarsıdan zərbələr vurub. Xüsusilə hərbi təyinatlı məktəblərə qəbul imtahanlarında edilən saxtakarlıqlar, strateji əhəmiyyətli istehsal sahələrinin, eləcə də milli müdafiə sənayesinin yaradılmasına yaradılan süni əngəllər, xammal ehtiyatlarının, o cümlədən karbohidrogen resurslarının mövcudluğunun saxta arayışlarla gizlədilməsi, ölkəni xarici dövlətlərdən asılı saxlamaq kimi əməllər FETÖ-nün Türkiyə dövlətinə qarşı törətdiyi ən ağır cinayətlər sırasındadır.

Savadlı və sədaqətli gənclərin yerinə saxta imtahanlar əsasında təhsil almağa qəbul edilən şəxslər qul psixologiyası ilə yetişdirilərək uzun illər FETÖ-nun mərkəzləşmiş təlimatları əsasında dövlətə, xalqa və ayrı-ayrı vicdanlı vətəndaşlara qarşı amansız cinayətlər törədiblər. Layiqli şəxslərin qanunsuz olaraq vəzifədən və ya işdən uzaqlaşdırılması, hüquqi əsası olmadan həyata keçirilən həbslər ölkədə dövlətə olan inamı azaltmışdı.

FETÖ-nun ifşası Türkiyəyə qarşı olan bütün terror təşkilatlarına sarsıdıcı zərbə oldu

2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin qarşısının alınması Türkiyənin dövlətçilik tarixində qazandığı ümumxalq qələbəsidir. Bu qalibiyyətin əhəmiyyəti bir neçə mühüm amillə xarakterizə edilə bilər. Bunlardan ən mühümü FETÖ-nun ifşasından sonra Türkiyə hökumətinin ölkə daxilində və dövlət sərhədləri boyunca başladığı genişmiqyaslı antiterror əməliyyatıdır. Uzun illər Türkiyəni təhdid edən PKK terror təşkilatının fəaliyyəti məhz bu antiterror strategiya sayəsində məhdudlaşdırrılıb. Hökumət FETÖ-nün PKK və PYD/YPG terror təşkilatları ilə eyni mahiyyətli olduğunu bütün dünyaya, eləcə də beynəlxalq təşkilatlara qəbul etdirib.

Türkiyə tam şəkildə əsaslandırıb ki, həyata keçirdiyi antiterror əməliyyatları təkcə qardaş ölkənin özü üçün deyil, bütün region dövlətlərinin təhlükəsizliyi, eyni zamanda, beynəlxalq ictimai sabitliyin qorunması üçün vacibdir. Çünki bir sıra hallarda xarici qüvvələrin dəstəyi ilə fəaliyyət göstərən terror təşkilatları insan alveri, qaçaqmalçılıq, narkoticarət kimi qanunsuz fəaliyyətlərdən maliyyə qaynağı kimi istifadə edirlər.

Aparılan təbliğat-təşviqat işləri, eləcə də PKK-ya qarşı keçirilən antiterror əməliyyatları nəticəsində çox sayda insanın terror təşkilatı sıralarını tərk etməsi PKK-nın günahsız insanları terrorçu fəaliyyətə zorla qoşduğunu açıq şəkildə göstərir. FETÖ-nün məhv edilməsi Fətullahçı cinayətkar qrupun uzun illər bu və ya digər formada himayə etdiyi PKK terror təşkilatının öz mövcudluğunu qorumaq imkanlarını da məhdudlaşdırıb. Çünki FETÖ-nun sıradan çıxması ilə, ilk növbədə, dövlət sirlərinin və strateji informasiyaların kənara sızmasının qarşısı alınıb.

Azərbaycan qardaşlıq missiyası ilə Türkiyə dövlətinin yanında olub

Məlumdur ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnikadan, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhdə 9 minə yaxın hərbiçi cəlb olunmuşdu. O qanlı gecədə Türkiyə üzərində dolaşan qara buludların dağıdılması üçün döyüşən mülki şəxslər, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.

Dövlət çevrilişinə cəhd zamanı bütün gücü ilə Türkiyənin yanında olan Azərbaycan qətiyyətli mövqe nümayiş etdirib. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Azərbaycan dövləti və xalqı “Türkiyəsiz Azərbaycan yoxdur!” şüarı ilə bir daha öz iradəsini və gücünü ortaya qoyub. Təsadüfi deyil ki, çevrilişin ən qızğın anlarında azərbaycanlılar üçrəngli bayraqlara sarılaraq küçə və meydanlara axışıb, həyatlarını təhlükəyə ataraq Türkiyəyə olan sevgi və məhəbbətlərini, həmrəyliklərini nümayiş etdiriblər.

Dövlət çevrilişi cəhdi, silahlı hücumlar və bombardmanlar Türkiyə dövlətinə və xalqına böyük miqdarda maddi və mənəvi zərər vurdu. Bütün dünyada dövlətçilik yolunda mübarizədə ən çox şəhid verən qardaş ölkə 2016-cı il iyulun 15-də qəhrəman övladlarının sayəsində öz dövlətini sanki yenidən qurdu və xüsusi inkişaf yolu seçdi. Tarixin ən çətin günlərində qardaşlığını nümayiş etdirən Azərbaycan dövlət çevrilişi cəhdinin fəsadlarının aradan qaldırılmasında da öz dəstəyini əsirgəmədi. Qardaş Türkiyə xalqı hər zaman olduğu kimi, bu hadisələrdə zmaanı da Azərbaycanın göstərdiyi qətiyyətli mövqeyi yüksək dəyərləndirdi.

Azərbaycan-Türkiyə müttəfiqliyi Avrasiyada alternativsiz inkişaf və əməkdaşlıq mühiti yaradıb

Altı il əvvəl törədilən dövlət çevrilişi cəhdinin qarşısının alınması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə qarşı olan maneələri tamamilə aradan qaldırdı. Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı parlaq hərbi Qələbə regionda bütün ölkələrə və xalqlara təhlükəsizlik və inkişaf yolu vəd edir. Hazırda bütün sahələr üzrə çoxistiqamətli inkişaf dinamikası yaşayan iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Azərbaycan-Türkiyə müttəfiqliyi Avrasiyada alternativsiz inkişaf və əməkdaşlıq mühiti yaradıb. Təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq Zəfər bütün parametrlər üzrə Türkiyənin beynəlxalq arenadakı nüfuzunun və mövqeyinin də əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Azərbaycan və Türkiyənin liderliyi ilə həyata keçirilən beynəlxalq layihələr Qafqaz və Anadolu coğrafiyalarını Avrasiyanın enerji təhlükəsizliyinin təminatında, eləcə də daşımalarda tranzit qovşağa çevirib. Əminliklə demək olar ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə fəaliyyətlərə daha bir töhfə olacaq.



Әlaqәli Xәbәrlәr