“Bir milyon suriyalının vətənə geri dönməsi üçün yeni layihə başlanır”, R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyasında Suriyanın İdlib şəhərində tikilən briket evlərinin açar təslimetmə mərasimində bildirib

1821698
“Bir milyon suriyalının vətənə geri dönməsi üçün yeni layihə başlanır”, R.T.Ərdoğan

 

  “Türkiyəyə sığınan bir milyon suriyalının könüllü olaraq vətənlərinə geri dönməsi üçün yeni layihəyə başlanılır”, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyasında Suriyanın İdlib şəhərində tikilən briket evlərinin açar təslimetmə mərasimində bildirib.

  Mərasimə videoformatda qoşulan prezident Ərdoğan Türkiyənin Suriyada dərinləşən humanitar faciə qarşısında sərhədyanı əməliyyatlara başladığı 2016-cı ildən indiyədək təxminən 500 min suriyalının təhlükəsiz bölgələrə qayıtdığını xatırladaraq deyib: “Heç kim vətənini, evini səbəbsiz yerə tərk edib naməlum gələcəyə doğru getmək istəməz.

  Türkiyə dünyanın müxtəlif ölkələrində məzlumların qorunması üçün layihələr həyata keçirir. Ölkəmiz heç kimin dərisinin, saçının, gözünün rənginə, inancına, dilinə baxmayaraq hərəkət edir. Bu anlayışla təkcə Suriyada deyil, dünyanın bir çox yerində yardım və dəstək proqramları həyata keçiririk.

  İllərdir Afrika və Balkanların bir çox yerində geniş fəaliyyət dairəsi ilə dostlarımızla birlikdəyik. Əfqanıstandan Pakistana, Banqladeşdən Fələstinə, Yəməndən Ukraynaya qədər geniş bir coğrafiyaya humanitar yardım göndəririk. Ötən həftələrdə Əfqanıstana 5000 ton humanitar yardım vasitəsindən ibarət 10 ayrı xeyriyyə qatarı yola saldıq. Ukraynada böhran başlayandan bəri bu ölkəyə 100 yük maşını humanitar yardım göndərmişik. Qeyri-hökumət təşkilatlarımızın dəstəyi ilə ciddi çətinliklər yaşayan Livana üç xeyriyyə gəmisi çatdırmışıq. Suriyanın müxtəlif bölgələrində ümumilikdə təxminən 6 milyon insana yardım tədbirləri həyata keçirmişik”.

  Hazırda Türkiyənin ölkəyə sığınan bir milyon suriyalının könüllü olaraq vətənlərinə geri dönməsi üçün yeni layihə başlatdığını deyən prezident Ərdoğan bu layihənin yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçiriləcəyini bildirib: “Başda Azzez, Cerablus, Əl Bab, Tel Abyad və Rəsuleyn olmaqla 13 fərqli bölgədə yerli şuralarla birlikdə həyata keçirəcəyimiz bu layihə kifayət qədər genişdir. Bu layihədə yaşayış binalarından məktəbə, xəstəxanaya qədər gündəlik həyatın bütün ehtiyacları, eləcə də kənd təsərrüfatından sənayeyə qədər insanların özlərini təmin etmələri üçün bütün iqtisadi infrastruktur da yer alacaq. İnşaallah, Suriyanın digər bölgələri də zamanla təhlükəsiz vəziyyətə gəldikdə, biz orada da oxşar araşdırmalar aparacaq və suriyalıların vətənlərinə könüllü qayıtması üçün lazımi zəmin hazırlamaq istiqamətində işlər görəcəyik”.



Әlaqәli Xәbәrlәr