İsrail prezidenti Türkiyəni tərk etdi

Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla açıq və səmimi görüş keçirdiklərini deyən İ.Herzoq bu səfərin iki ölkə arasında əlaqələrinin yaxşılaşdırılması üçün mühüm addım olduğunu vurğulayıb

1793439
İsrail prezidenti Türkiyəni tərk etdi

 

  İsrail prezidenti İsaak Herzoq rəsmi təmaslar üçün gəldiyi Türkiyəni tərk edib.

  Herzoq Türkiyəyə 2 günlük səfəri çərçivəsində martın 9-da İstanbulda yəhudi icmasının üzvləri ilə görüşüb.

  İstanbulun Beyoğlu rayonundakı Neve Şalom sinaqoqunda keçirilən mərasimdə çıxış edən İsaak Herzoq belə bir özəl gündə Türkiyədə olmaqdan məmnunluq hissi duyduğunu bildirib.

  Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla açıq və səmimi görüş keçirdiklərini deyən İ.Herzoq bu səfərin iki ölkə arasında əlaqələrinin yaxşılaşdırılması üçün mühüm addım olduğunu vurğulayıb.

  Türkiyə-İsrail əlaqələrinin Yaxın Şərqdə sülh üçün əhəmiyyətinə diqqət çəkən Herzoq bölgədə müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşaması, eləcə də regional sabitliyin vacibliyi məsələsində Türkiyə prezidenti ilə həmfikir olduqlarından məmnunluq hissi duyduğunu bildirib.

  Ukraynada baş verən faciədən kədərləndiyini deyən İsrail prezidenti Ukrayna yəhudi icmasının dərdlərdən tezliklə xilas olması üçün dua etdiyini söyləyib.

  Yəhudilərin İspaniyadan qovulması və Osmanlı torpaqlarına gəlişlərinin 500-cü ildönümü münasibətilə atası, İsrailin VI prezidenti Haim Herzoqun və anasının Türkiyəyə səfər etdiklərini xatırladan İ.Herzoq deyib: “Ailəmizdə Türkiyəyə gələn ilk şəxs atam deyildi. 1944-cü ildə nasistlərin Avropa yəhudilərini məhv etmək planları reallaşanda babam Yitzhak İsaak Herzoq Allevi və əmim Yaakov Avropa yəhudilərini xilas etmək üçün xüsusi tapşırıqla buraya gəliblər. Atam da, babam da buradakı səfərlərindən danışanda Türkiyənin onlara qapılarını və könüllərini açmasından, yəhudilərin burada dinclik tapmasından danışırdılar.

  Həm İspaniyadan sürgün edilən, həm də Türkiyədə yaşayan yəhudilərin türk cəmiyyətinə inteqrasiya olunması yəhudi xalqının tarixinin yazılmasında böyük rol oynayıb.

  Neve Şalom sinaqoqunda ibadət mərasimindən sonra İsaak Herzoq və onu müşayiət edən heyəti aparan təyyarə İstanbul Atatürk Hava Limanından İsrailə yola düşüb.

  İsrail mətbuatı prezident İsaak Hersoqun Türkliyə prezidenti Rəcəb Tayyib Ərdoğanla martın 8-də paytaxt Ankarada keçirdiyi görüşünü “dönüş nöqtəsi” və “tarixi” adlandırıb.

  Qeyd edək ki, İsaak Herzoqun gəlişi 2008-ci ildən bəri İsraildən Türkiyəyə ilk yüksək prezident səfərdir.



Әlaqәli Xәbәrlәr