Türkiyə Rusiyadan aldığı S-400 müdafiə sistemlərinin qurulmasını davam etdirir

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb

1413582
Türkiyə Rusiyadan aldığı S-400 müdafiə sistemlərinin qurulmasını davam etdirir

 

  Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin qurulması prosesini davam etdirir. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

  Nazirliyin mətbuat katibi İsmayıl Dəmir bildirib: “S-400 zenit-raket komplekslərinin qurulması prosesi davam edir. Artıq müəyyən elementlər istifadəyə verilib. Sistemlərə yalnız Türkiyənin kompaniya və hərbçilərinin tam girişi olacaq”.

  Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Bu saziş rəsmi Ankara və Vaşinqton arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib, əks halda Vaşinqton ən yeni F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Rəsmi Ankara güzəştə getməyəcəyi barədə bəyanat verdikdən sonra onun proqramdakı iştirakı dayandırılıb.

  Rusiyanın hava hücumundan ən yeni müdafiə sistemləri S-400 zenit-raket kompleksləri 2019-cu il iyul ayının ortalarından Türkiyəyə çatdırılmağa başlanılıb.

  Uzaq məsafəli zenit-raket sistemi - S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Fəaliyyət radiusu 400 kilometrə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.

  Türkiyə Belarus və Çindən sonra “Triumf” zenit-raket kompleksləri alan üçüncü ölkədir.



Әlaqәli Xәbәrlәr