"Suriya İdlibdə atəşkəsə əməl etməzsə..." R.T.Ərdoğan

Sözügedən mövzu ilə bağlı Türkiyə prezidenti deyib...

1376421
"Suriya İdlibdə atəşkəsə əməl etməzsə..." R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində hökumət atəşkəsə əməl etməzsə, əvvəlkilərdən daha ağır şəkildə cavab verəcəklərini söylədi.

  Sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisindəki qrup yığıncağında etdiyi çıxışında R.T.Ərdoğan dedi:

  “Türkiyənin İdlibdə bir ay boyu icra etdiyi əməliyyatlar və fevralda başlanan “Bahar qalxanı” hərəkatı sərhədlərə söykənən təhdidlərin qarşısının alınmasının bir ifadəsidir.

  Rusiyaya keçən həftəki səfərimdə həmkarım Vladimir Putinlə görüşdən sonra İdlibdə təmin edilən atəşkəslə xalq uzun bir fasilədən sonra ilk dəfə rahat nəfəs aldı.

  Rejim və onunla birlikdə çalışan məzhəbçi qulluqçularının atəşkəsə nə qədər bağlı qalacaqları naməlumdur. Artıq indidən az da olsa, atəşkəs pozuntuları yaşanır. Rusiya tərəfiylə əldə etdiyimiz müqaviləyə uyğun şəkildə bu prosesləri paylaşır və tədbirlər görülməsini gözləyirik.

  Suriyada Türkiyənin müşahidə məntəqələrinə olacaq ən kiçik hücuma cavab verməklə qalmayacaq, daha ağır qarşılıq verəcəyik.

  Rejim və onu dəstəkləyən hərbçilərin atəşkəs xəttində hərəkətlərini yaxından izləyirik. Götürdüyümüz öhdəliyə qarşı tərəf də eyni həssaslığı göstərərsə, biz də sözümüzə bağlı qalarıq, amma onlar əməl etməzsə, bundan əvvəlkindən daha ağır şəkildə üzərlərinə getməkdən də əsla vaz keçməyəcəyik.

  Suriya ilə olan 911 kilometrlik sərhəd xəttinin hər qarışını həm terror təşkilatları, həm də məzhəbçi hökumət qüvvələrindən uzaq tutacağıq. Türkiyə bu müvəqqəti atəşkəsi və buna bağlı müqavilələri Suriya hökumət qüvvələri və ya terror təşkilatlarına gücü çatmadığı üçün deyil, İdlibdəki böhrana həll yolu tapılması üçün etdi.

  Rejim və onu dəstəkləyənlərə əvvəlcə ölkənin üçdə birini bürüyən bölücü terror təşkilatının işğalından qurtarmağa çağırıram. Bu, təmin edildiyikdən sonra İdlibdə və digər bölgələrdəki problemlərin həlli asanlaşar. Beynəlxalq cəmiyyəti isə daha çox səy göstərməyə və Türkiyəyə dəstək verməyə dəvət edirəm”.



Әlaqәli Xәbәrlәr