Rəcəb Tayyib Ərdoğan:"Bizim də özümüzə məxsus əks sanksiyalarımız olacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Türkiyəyə sanksiya tətbiqi məsələsini çox yaxşı düşünməli olduğunu qeyd edərək: "Bizim də özümüzə məxsus əks sanksiyalarımız olacaqdır" dedi.

1222198
Rəcəb Tayyib Ərdoğan:"Bizim də özümüzə məxsus əks sanksiyalarımız olacaq"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda xarici mətbuat nümayəndələri ilə görüşündə açıqlamalar verdi.
  Ərdoğan: "ABŞ-ın bir sıxıntısı var. Bizim hörmətli prezident Donald Tramp ilə olan əlaqələrimiz çox çox fərqlidir, amma cənab Trampdan daha aşağı vəzifədə olan səlahiyyətli şəxslərlə münasibətlərimiz daha çox  fərqlidir. Beləliklə, sanksiyalar olacağına heç bir ehtimal vermirəm.  S-400  hava müdafiə sistemləri  bizim üçün və eyni zamanda, Rusiya üçün bitmiş bir işdir.
Zənn edirəm ki, qarşıdakı ilk 15 gündə sistemlərin təhvili başlayacaq. Təhvil başladığı andan etibarən  yerləşdiriləcəyi məkanlar da silahlı qüvvələr tərəfindən müəyyən olunub, oralara yerləşdirilmək vasitəsilə bu prosesi davam etdirəcəyik" deyə bildirdi.

 NATO və sanksiyalar məsələsində isə ABŞ-ın NATO  üzvü olan hər hansı bir ölkəni təşkilatdan çıxarmaq səlahiyyəti olmadığını qeyd edən Ərdoğan ABŞ-ın bu sanksiyalar məsələsində daha həssas davranmalı olduğunu söylədi.
 Türkiyənin NATO-nun ən mühüm və ən güclü ölkələrindən biri olduğuna diqqət çəkən Ərdoğan: " Bu ana qədər NATO çərçivəsində həyata keçirilən bütün fəaliyyətləri ilə təşkilata bu qədər həmrəy münasibət sərgiləyən bir ölkəyə qarşı sanksiyalar tətbiq etmək niyyətində olan ABŞ bunu çox yaxşı düşünməlidir. Bizim də özümüzə məxsus əks sanksiyalarımız olacaqdır, biz bunlara "hə" demərik" dedi.
Sabiq ABŞ prezidenti Barak Obama dövründən etibarən Türkiyənin "Patriot"ları almaq istədiyinə, lakin "Patriot"ların o vaxt verilmədiyinə diqqət çəkən Ərdoğan: "O gündən bəri konqres hər zaman bunlara qarşı çıxdı, qarşısını aldı. İndi ABŞ bizə "Patriot"ları verməyəcək. Bunlar müdafiə raketləridir. Mən öz müdafiə məsələmi həll etməyəcəyəm? Bununla bağlı tədbir görməyəcəyəm? Bunun üçün  gözləyəcək vəziyyətdə deyilik" dedi.
 Türkiyənin ətrafında təhlükə ünsürlərinin olduğunu vurğulayan prezident: "S400-ləri Rusiya ilə çox uyğun şərtlərlə aldıq" deyə danışdı. 
Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyanın istehsal etdiyi inkişaf etmiş texnologiyaya malik  S-400 havadan müdafiə sistemlərini satın almasını istəmədiyini dəfələrlə bildirib. ABŞ Türkiyənin S-400-ləri alması halında F-35 döyüş təyyarəsi layihəsindəki rolunun təhlükəyə girəcəyini də bəyan edib.
 



Әlaqәli Xәbәrlәr