"Mübarizəsiz keçən bircə anımız belə varmı?" R.T.Ərdoğan

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 15 iyul tarixi axşam 10 radələrində İstanbul Şəhidlər Körpüsündə Demokratiya və Milli Birlik mərasimində çıxış etdi.

771443
"Mübarizəsiz keçən bircə anımız belə varmı?" R.T.Ərdoğan

  Şəhidlərimizin əmanəti olan qiymətli bacı və qardaşlarım. Dəyərli qazi qardaşlarım. Şəhərin dörd bir yanından 15 İyul Şəhidlər Körpüsünə gələn sevimli İstanbullular. 15 İyul xəyanət cəhdinin birinci ildönümündə Türkiyənin hər guşəsindən meydanlara axışan dəyərli vətəndaşlarımız. Əziz millətim.

  Hamınızı ən səmimi könül duyğularımla, məhəbbətlə və hörmətlə salamlayıram.

  Düz bir il əvvəl bu gün bu saatlarda ölkəmizin bir çox yerlərində olduğu kimi burada - o zamanki adıyla Boğaziçi Köprüsündə bir xəyanət cəhdi başladı. Tanklarıyla, zirehli maşınlarıyla buraya gələn qiyamçıların körpünü bağlamasına bir müddət məna verə bilməsək də, sonra səbəb və hədəflər aydınlaşdı: körpünü qapadan qiyamçılar bütün İstanbula, bütün Türkiyəyə və bütün dünyaya: "Artıq nəzarət bizim əlimizdədir" mesajı vermək istəyirdilər.

  Təxminən eyni saatlarda İstanbul və Ankaranın müxtəlif yerlərində də bənzər işğal cəhdləri xəbərləri gəlirdi. Millətimiz hərəkətlərindən bu çevriliş cəhdinin arxasında FETÖ xəyanət şəbəkəsinin olduğunu anladı. Türkiyənin FETÖ xəyanət şəbəkəsi vasitəsilə bir hücuma, bir işğal cəhdinə məruz qaldığını görən millətimiz dərhal hərəkətə keçdi.

  Hörmətli Baş nazirin və şəxsimin televiziya ekranlarından etdiyi çağırışlarla milyonlarla vətəndaşımız qiyamçılara qarşı küçələrə, meydanlara axın etdi.

  Ən böyük dirəniş və qanlı hücumlar İstanbul və Ankarada yaşandı. Digər rayonlarımızada qiyamçılar hərəkətə keçməyə fürsət tapmamış millətimiz və vətənpərvər əsgərlərimiz onların qarşısını aldı.

  İstanbulda ən çox qanın töküldüyü yer buradır, 15 İyul Şəhidlər Köprüsüdür.

  Körpünü bağlayan tankların qarşısında düz 36 vətəndaşımız şəhid oldu. Saraçhanedə də 20-yə yaxın şəhidimiz var. Çengelköy, Atatürk Hava limanı, Esenlerdəki Topçular Qışlağı qarşısı, Türk Telekomun binası və digər yerlərdə onlarla şəhid verdik.

  Ankarada - Baş Qərargahda, Milli Məclisin olduğu Kızılay ətrafında 40-dan çox vətəndaşımız şəhadətə qovuşdu.

  Cümhubaşkanlığı İqamətgahı qarşısında 29 şəhidimiz var.

  Gölbaşı Özəl Hərakat binasını təyyarələrlə bombalayan xainlər 53 qardaşımızı şəhid etdilər.

  Adının başına qəhrəman ifadəsini əlavə etdiyimiz Ankaranın Qazan rayonunda 9 şəhidimiz var.

  Ankara Təhlükəsizlik Müdirliyinə edilən hücumda verdiyimiz şəhid sayı 10-dan artıqdır.

  Qiyamçıların qəsb etdikləri tanklar bombalar, silahlar güllələr, vertolyotlar və təyyarələr öldürücü sursatlarla dolu idi. Bunları vətəndaşlarımıza qarşı istifadə etməkdə kiçik belə tərəddüd keçirmədilər. Yaxşı, onların qarşısında duran millətimizin nəyi vardı? Onların əllərində silahları, bombaları, tankları, topları yox idi.

  Amma bunlardan daha təsirli bir silahları varıydı: o silah ürəklərindəki iman idi.

  Şair deyir:

"İmandır o cövhər ki, ilahi və böyükdür.

İmansız olan paslı ürəkdir ki, sinədə yükdür".

  Bəli. Millətimiz o gecə yalnız imanı ilə dünyanın ən müasir silahlarına qələbə çaldı.

  “Allahu-Əkbərlə” tankın üzərinə gedən bir milləti kim əsir edə bilər?

  Qarşısında, arxasında, sağında, solunda onlarla adam vurulub düşdüyü halda, geri dönüb getməyi bir an belə ağlından keçirməyən, əksinə, durmadan xainlərin üzərinə gedən bir milləti kim məhv edə bilər?

  3-4 metrlik məsafəsinə düşən güllələri saymadan gedən və özünə "geri dön, yoxsa öləcəksən" deyənlərə "bu gün ölməsək, nə zaman öləcəyik" deyən bir millətə kim zəncir vura bilər?

  Ah, bu körpünün dili olsaydı, o gecə burada yaşanan qəhrəmanlıqlardan nələr danışardı…

  Ah, o gecə şəhid qanlarıyla suvarılan hər qarış torpağın, hər daşın, hər santimetr asfaltın dili olsaydı, igidlik necə olurmuş, bütün dünyaya izah etsəydi...

  Çünki bizim dilimiz bunları sözlərlə ifadə etməkdə acizdir. Bu yerdə sözü Çanaqqala şəhidlərinə ithaf edilən şeiri, Mehmet Akifin sözlərini demək istəyirəm:

Şühəda gövdəsi, bir baxsana, dağlar, daşlar,

O rükü olmasa, dünyada əyilməz başlar.

Vurulub tərtəmiz alnından, uzanmış, yatır.

Bir hilal uğruna, ya Rəbb, nə günəşlər batır!

  15 İyul gecəsi bu hilal uğrunda batan bütün günəşlərimizə, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

  O gecə yaralansa da, əyilməyən bütün başlara minnətdarlığımı bildirirəm.

  Azadlığına, azanına, bayrağına, vətəninə, dövlətinə, gələcəyinə sahib çıxan millətimin bütün insanlarına təşəkkür edirəm.

  Qardaşlarım, biz 15 İyul gecəsi qiyamçılardan ikisinin xain hücumlarında 250 qəhrəmanımızı torpağa verdik. Qarşılığında isə 80 milyonluq Türkiyənin gələcəyini, istiqbalimizi xilas etdik.

  O gecə 2194 nəfər yaralanaraq qazi oldu, şərəf qazandı və gözünü bizə dikən milyonlarla insanın ümidini yaşatdı.

  Bədəlimiz ağırdır.

  Anaların, ataların, həyat yoldaşlarının, qardaşların, bacıların, övladların gözyaşlarının, ürək yanğılarının əvəzini vermək əsla mümkün deyil.

  Bu fədakarlıq qarşısında əldə etdiyimiz istiqlaliyyət və istiqbalımızın da dəyəri əvəzolunmazdır.

  Təsadüfən bir araya gəlmiş tayfalarla millətlər arasındakı fərq budur.

  İttifaqlar yalnız mənfəətləri üçün bir arada gəlir. Millətlərin isə ortaq keçmişləri, ortaq dəyərləri, ortaq arzuları vardır və bunlar uğrunda canlarını belə fəda etməyə “uf” demirlər.

  Türk milləti 15 iyulda minlərlə illik tarix boyu, dəfələrlə etdiyi kimi, yenə müqəddəs dəyərlərini qorumaq uğrunda canını verməkdən çəkinmədiyini göstərdi.

  Tarix boyu həmişə odla imtahan olmuş, düşmən hücumlarının və xəyanətlərinin məngənəsində bişərək yol getmiş bir millətik.

  Dəmirlə filiz odda yoğrulup polad olduğu kimi yaşadığımız hücumlar və xəyanətlər də bizi birləşdirir, bütövləşdirir, gücləndirir.

  15 İyul çevriliş cəhdi xalqımıza ilk hücum deyil. Son hücum da olmayacaq.

  Terror təşkilatlarını piyada olaraq istifadə edənlərin əsrlik quyruq ağrılarını çox yaxşı bilirik.

  FETÖ-nün yalnız FETÖ olmadığını, PKK-nın yalnız PKK olmadığını, DAEŞ-in yalnız DAEŞ olmadığını, digər terror təşkilatlarının yalnız görünən üzlərdən ibarət olmadığını çox yaxşı bilirik.

  Amma bu da bir gerçəkdir ki, piyadaları əzib keçmədən topları, filləri, atları, vəziri ala bilməz, şahı mat edə bilmərik. Ona görə əvvəlcə bu xainlərin başlarını qopardacağıq. Sonra əsl düşmənlərimizi alt-üst edəcək hücumları edəcəyik. Bunun üçün iqtisadiyyatımızı gücləndirəcəyik. Bunun üçün ordumuzu gücləndirəcəyik. Bunun üçün diplomatiyamızı gücləndirəcəyik. Bunun üçün infrastrukturumuzu gücləndirəcəyik. Bütün bunların başında isə birlik və bərabərliyimizi möhkəmləndirməkdir. Türkiyənin son 15 ildə etdiklərinə baxsanız, atdığımız addımlara baxsanız, hamısında bu məqsədin olduğunu görəcəksiniz.

  Bəli, qarşımızdakı təşkilatlar göründüyü kimi deyil. Amma Türkiyə də göründüyündən ibarət deyil. Bizim arxamızda minlərlə illik dövlət ənənəsi var. Rəhbər bayrağındakı hər bir ulduz, bax, bu ənənənin simvoludur.

  Bizim arxamızda 1400 illik bir mədəniyyət təcrübəsi var. Dünyaya gələndən qulağımıza oxunan azan, öləndə arxamızdan oxunan fatihəyə qədər həyatımızın hər anını mənsub olduğumuz mədəniyyət şəkilləndirir.

  Coğrafyamızdakı min illik keçmişimizin tək bir anını göstərə bilərsinizmi ki, mübarizəsiz kesçin?

  15 İyulda püskürən bir vulkan kimi gecəni işıqlandıran ruh bir gün içində ortaya çıxmadı. Gəldiyi yolda möhtəşəm bir keçmiş vardır. Şairin dediyi kimi,

Yaşamaz ölümü gözə almayan.

Zəfər göz qırpmadan ona qaçana gedər.

Bayrağına qanının qırmızısı səpilməyənə

Gözyaşı axa-axa gedər.

Qazanmaq istəyirsənsə sən də zəfəri,

Guruldayan səsinlə doldur göyləri.

Qələbə deyilən Qəhrəman pəri

Susandan qaçar, coşana gedər.

Bu yolda hər kəs birdir, ey dəliqanlı!

Dirilər şərəfli, ölülər şanlı.

Yurd üçün döyüşən başı dumanlı

Hər zaman bu şandan o şana gedər.

  Bəli... Biz diriləri şərəfli, ölüləri şanlı türk milləti olaraq coğrafyamızın, bölgəmizin, dünyanın gələcəyinin sahibiyik.

  Bizi nə terror təşkilatlarının alçaq hücumları, nə onları istifadə edən güclərin hiyləgər oyunları çökdürə bilməz. Biz bu ruhu, bu inancı, bu iddianı itirdiyimiz gün bitərik. Allahın izni ilə o gün əsla gəlməz. Bir ölərik, min dirilərik. Ölümü ölümlə qorxudaraq yolumuza davam edəcəyik. Qəlbimizdən inancı, ürəyimizdən cəsarəti, biləyimizdən gücü, kürəyimizdən təri əskik etmədən, dayanmadan çalışacağıq. İstiqlal marşımızda deyildiyi kimi:

Doğulacaq sənə vəd etdiyi günlər Haqqın.

Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yaxın.

  Bununla belə bəziləri israrla "idarəli çevriliş" deyərək millətimizin bu şanlı müqavimətini şərləməyə çalışır.

  Diqqət etsəniz, bu sözü iki cür insanlar israrla istifadə edir. Birincisi FETÖ-çülər və onları dəstəkləyən xaricilərdir. Etdikləri xəyanətə millətimizin verdiyi reaksiyaya FETÖ-cülər, həmişə etdikləri kimi, bu dəfə qarşı çıxırlar. İkincisi isə ana müxalifət partiyasının başında olan insanlardır.

  15 İyul gecəsi İstanbul Atatürk Hava limanından, qiyamçıların nəzarətindən çıxıb, Bakırköydə etibarlı evdə, çay-qəhvə içə-içə televiziyadan hadisələri izləyən bəlkə də belə bir hissə qapıla bilər. Amma o gecə küçələrdə, meydanlarda, hava limanlarında, körpülərdə qiyamçıların hərəkətlərini canları bahasına görən, mübarizə aparan insanların yaşadıqları, hiss etdikləri tamam fərqlidir.

  İndi də Məclis Araşdırma Komissiyasının hesabatını bəhanə edərək qiyamçılarla eyni xəttdə qalıb onların siyasətini izləməyə, gizlətməyə və saxlamağa çalışırlar.

  15 İyul gecəsi Məclisdə aslanlar kimi qiyamçılara qarşı duran, həqiqətən ölkəsinin, millətinin, demokratiyanın səfində olan CHP-liləri bu sözlərimdən ayrı tutaraq deyirəm: “15 İyul “idarəli çevriliş cəhdi” deyildi. Amma CHP-nin başındakı bu adam qəti şəkildə idarə olunaraq ortaya gətirilib və ilk gündən bəri orda oturanlara sədaqətlə xidmətini göstərməyə davam edir. Özünün o gecə harada nə etdiyi bütün sənədlərlə, şəkillərlə, şahidlərlə açıq şəkildə ortada ikən, küçələrə tökülən milyonlarla insanı təhqir edən, qiyamçılar üçünsə yollara düşən bu zat üçün nə desək, boş-mənasızdır. Aydın olan odur ki, eynilə FETÖ-çülər kimi, bu adam da ona verilən tapşırıqları yerinə yetirir. Getsin o FETÖ-çülərlə, terrorçularla yürüsün. Biz ölkəmiz, azadlığımız, gələcəyimiz üçün millətimizlə getməyə davam edəcəyik.

 

  Qardaşlarım. 15 İyulu unutmamaq və unutdurmamaq təkcə şəhid, şəhid yaxınları və qazilərimizə deyil, tariximizə qarşı da ən böyük məsuliyyətimizdir.

  Əgər 15 İyulun bizə verdiyi dərslərdən düzgün nəticə çıxarmasaq, növbəti 15 İyulları yaşamaq vazkeçilməz olacaq. Üstəlik sonrakı 15 İyullarda düşmən qarşımıza hansı oyunlarla çıxacaq, kimləri istifadə edəcək, bilmərik.

  Müsəlman ağıllı insandır: bir ilandan iki dəfə sancılmaz.

  15 İyulu etdirənlərin hansı məqsədlər daşıdığı, edənlərin bu gücə necə çatdığı ortadadır. Bu həqiqətləri siz də, biz də çox yaxşı bilirik.

  15 İyul hər zaman şəhidlərimizi yadetmə, şəhid yaxınları və qazilərimizə minnətdarlıqla yanaşı bu yolda nə qədər məsafə qət etdiyimizi bizə xatırlatmalıdır.

 

  Gəlin, indi sizə 2016-cı ilin 15 iyulundan bu günə qədər nələr baş verdiyinin təhlilini edək.

  Çevriliş cəhdini basdırdıqdan sonra ölkəmizə bu xəyanəti edən təşkilatın mənsublarının üzərinə getdik. Əvvəlcə bu təşkilatın cəmiyyətdə çalışan və müəyyən edilən bütün mənsublarını sürətlə vəzifə başlarından uzaqlaşdırdıq. Bu günə qədər Türkiyə Silahlı Qüvvələri, Təhlükəsizlik Təşkilatı, Milli Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, məhkəmələr və universitetlər başda olmaqla bir çox idarələrdən kənarlaşdırılan fetö-çülərin sayı 111 minə yaxınlaşdı. İstintaqı gedən 38 min adamla əlaqədar araşdırmalar davam edir. 134 minə yaxın adam nəzarətə alınıb, sorğulanır, bunlardan 50 min 400-ü həbs olunub. Qaçan 8500-ə yaxın təşkilat üzvüylə əlaqədar həbs-qəti imkan qərarı var.

  FETÖ-lə əlaqəsi təsbit edilən dərnək, cəmiyyət, məktəb, kurs, universitet və media orqanlarından 5 mindən çoxu bağlanıldı, mal varlıqları dövlət xəzinəsinə, yəni xalqa təhvil verildi. Təşkilatın hiyləylə insanlarımızdan qəsb etdiyi nə varsa, geri qaytarıldı. Bu xəyanətkar təşkilatla əlaqəsi olan minə yaxın özəl şirkət nəzarətdədir.

  Təkcə FETÖ deyil, medalyonun ikinci üzü olaraq onunla eyni yolla gedən PKK terror təşkilatı üçün eyni tədbirlər görülür.

  FETÖ məhkəmələrindən yavaş-yavaş qərarlar çıxır. Bu ölkəyə xəyanət edən heç bir xain cəzasız qalmayacaq, buna əmin olun.

  Ona xidmət edəni başının üstündə gəzdirən türk milləti xəyanət edənin başını əzməkdə də əsla tərəddüd etməz.

  Şəhidlərimizin xatirəsi bizim ürəyimizdə həmişə yaşayacaq, o xainlər isə həmişə nifrətlə yada salınacaq.

  Diqqət etsəniz, 15 İyul çevriliş cəhdinə qatılanların heç birinin üzündə ən kiçik belə peşmanlıq əlaməti görə bilməzsiniz. FETÖ qruplaşması tərəfdarı olanların da vəziyyətləri böyük ölçüdə eynidir. Demək, bunlar bilmədən deyil, qəsdən ölkəmizin kürəyinə xəncər keçirmək istəyiblər.

  Türk milləti aman diləyənə nə qədər mərhəmətlidirsə, xəyanətinə israr edənə qarşı da o qədər sərtdir.

  O xainlər həbsxanaların divarları arxasında çürüyüb gedənə qədər bunları düşünəcək çox zamanları olacaq. Biz isə ölkə və millət olaraq 15 İyuldan çıxardığımız dərslər işığında yolumuza davam edəcəyik. Rəbbim bizə yar və köməkçi olsun. Rəbbim bizi bu cür xəyanətlərdən, hər cür düşmən hücumundan, yerdən və göydən gələcək fəlakətlərdən qorusun. Sözlərimi mərhum Arif Nihat Asyanın çox sevdiyim və hər zaman təkrarladığım duası ilə bitirmək istəyirəm:

Biz qırıq səslərik. Minarələri,

Sən azansız buraxma, Allahım!

Ya çağır bal yapanlarını,

Ya da şansız buraxma, Allahım!

Məhyasızdır minarələr. Göyü də

Kəhkəşansız buraxma, Allahım!

Müsəlmanlıqla yoğrulan yurdu

Müsəlmansız buraxma, Allahım!

Bizə güc ver. Cihad meydanını

Pəhləvansız buraxma, Allahım!

Qəhrəman gözləyən insanlarını

Qəhrəmansız buraxma, Allahım!

Bilək kimə qarşı olduğumuzu.

Bizi sansız buraxma, Allahım!

Sabahın yollarında illəri də

Ramazansız buraxma, Allahım!

Ya dağıt kimsəsiz qalan sürünü,

Ya da çobansız buraxma, Allahım!

Bizi sən sevgisiz, susuz, havasız

Və vətənsiz buraxma, Allahım!

Müsəlmanlıqla yoğrulan yurdu

Müsəlmansız buraxma, Allahım!

  Bəli, Rəbbimə məni belə bir millətin mənsubu olaraq yaratdığı üçün şükür edirəm. İndi 250 şəhidimizin hər birinin adlarını oxuyacaq və hörmət işıqlarını yandıracağıq. Sonra 15 İyul şəhidlərimizin xatirələrini yaşatmaq üçün ucaltdığımız iki abidədən biri olan, elə yanımızdakı Şəhidlər Mövqeyinin – Xiyabanının açılışını edəcəyik.

  Şəhid yaxınları və qazilərimizlə birlikdə bu açılışı etdikdən sonra təyyarələrin bombaladığı saatda Türkiyə Böyük Millət Məclisi qarşısında olacaq mərasimdə millətimizlə birlikdə olmaq üçün Ankaraya yola düşəcəyik.

  Ankara Beştepe Millət Məscidində qılacağımız səhər namazından sonra Cumhurbaşkanlığı İqamətgahı qarşısında ucaldılan Şəhidlər abidəsinin açılışını edəcəyik. Bu gecə 00.13-də oxunacaq fatihələrlə bütün Türkiyədə Milli Birlik gedişləri və demokratiya keşikləri başlayacaq. Demokratiya keşikləri sabah gecə 12-yə qədər davam edəcək.

  Bir daha 15 İyul və terrorla mübarizə şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına və bütün millətimizə başsağlığı diləyirik. Qazilərimizə can sağlığı arzu edirik. Eyni zamanda, 15 İyulun ildönümü münasibətilə təşkil edilən proqramlara qatılan, şəhidlərin xatirələrinə, veteranlar, ölkəmizə, dövlətimizə, demokratiyaya, gələcəyinə sahib çıxan millətimin hər bir üzvünə minnətdarlığımı bildirirəm. Sizi bir daha sevgiylə, hörmətlə salamlayıram. Çox sağ olun.



Әlaqәli Xәbәrlәr