Türk respublikalarının bərpasının 25-ci ildönümünə ithaf

Türksoy Xalq Çalğı Alətləri Orkestrinin Qala konsertləri oktyabrın 3-də Ankaradan yoluna davam edir.

580691
Türk respublikalarının bərpasının 25-ci ildönümünə ithaf

  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türksoy türk respublikalarının müstəqilliyi bərpasının 25-ci ildönümünə öz töhfəsini verməkdədir. Bu münasibətlə qurumun nəzdində təşkil olunan Xalq Çalğı Alətləri Orkestri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 25 illiyi şərəfinə qala-konsertlərə başlayıb.

  Xatırladaq ki, bu barədə qərar ötən ilin noyabrında Türkmənistanın Mərv şəhərində keçirilən Türksoy Daimi Şurasının toplantısında qəbul olunub.

  10 türkdilli ölkə və diyardan 40-a yaxın musiqiçinin yer aldığı Türksoy Xalq Çalğı Alətləri Orkestrinin bu silsilədən ilk konserti sentyabrın 27-də Qazaxıstanın Taldıkurqan, 28-də isə Almatı şəhərində keçirilib.

  2016-cı ilin Novruz bayramı tədbirləri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyası salonunda ilk dəfə səhnəyə çıxaraq böyük rəğbət qazanan Türksoy Xalq Çalğı Alətləri Orkestri daha sonra Bakıda Azərbaycan Dövlət Filarmoniyasında möhtəşəm konsert vermişdi.

  Beş türk respublikasının müstəqillik bərpası yubileyi münasibətilə tərtib olunan konsert turnesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi, Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyi, Türkmənistan Mədəniyyət Nazirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə həyata keçirilir.

  “25-ci il qala konsertləri” silsiləsindən növbəti proqram sentyabrın 30-da Bişkekdə T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasında olacaq.

  Türksoy Xalq Çalğı Alətləri Orkestrinin bu silsilədən növbəti üç konserti isə Türkiyə və Şimali Kipr Türk Respublikasında reallaşacaq.

  Oktyabrın 3-də isə kollektiv Ankarada Cümhurbaşkanlığı Simfonik Orkestri konsert salonunda çıxış edəcək.

  Qeyd edək ki, 3 oktyabr Türkdilli xalqların həmrəyliyi günüdür. Bu gün 2010-cu ildə türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.

  Türk respublikalarının müstəqilliyinin bərpası şərəfinə “25-ci il qala konsertləri” 5 oktyabrda Girnə şəhərində (Şimali Kipr Türk Respublikası) davam edəcək və 7 oktyabrda İzmirdə yekunlaşacaq.



Әlaqәli Xәbәrlәr