Ərdoğan "79 Milyon Bir Bayraq Altında" adlı bayramlaşma tədbirində çıxış etdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan PKK, Fətullahçı Terror Təşkilatı (FETÖ) və DAEŞ kimi terror təşkilatları arasında heç bir fərq olmadığını dedi.

570452
Ərdoğan "79 Milyon Bir Bayraq Altında" adlı bayramlaşma tədbirində çıxış etdi

Türkiyə prezidenti Türkiyə Könüllü Təşəkküllər Vəqfi (TGTV) tərəfindən Haliç Konqres Mərkəzində "79 Milyon Bir Bayraq Altında" adı ilə təşkil olunan bayramlaşma tədbirində çıxış etdi.
 
Çıxışında birlik və bərabərliyin hər növ təhlükəni dəf etdiyini qeyd edən Ərdoğan:"Əgər təməlində iman və əhdə vəfa duran bu birləşmə olmasaydı, nə 2007-ci ildəki qəyyumluq savaşından, nə 2013-cü ildəki Gəzi və 17-25 dekabr çevrilişi cəhdlərindən, nə PKK və DAEŞ vasitəsilə bir ildən çox aparılan terrorla pərdələnmiş beynəlxalq əməliyyatlardan, nə də ən son məruz qaldığımız 15 iyul dövlət çevrilişi cəhdindən millətimizi və dövlətimizi xilas etmək mümkün olardı" dedi.
 
 Ərdoğan terror təşkilatları ilə sona qədər mübarizəyə davam edəcəklərini bildirdi.
 
 Edam cəzası ilə əlaqədar müzakirələrə toxunan Ərdoğan: "Millət bir şeyə qərar verirsə və onun vəkilləri, parlamenti də bu istiqamətdə bir qərar qəbul edirsə, bu qərar həyata keçirilir" dedi.
 
 15 iyuldakı dövlət çevrilişi cəhdinin pərdə arxasındakı oyunu barədə danışan Ərdoğan: "Bunun böyük bir oyun olduğunu bilirik. 15 iyul bu oyunun sonu deyil, sadəcə mərhələsidir. Yalnız Türkiyəni qarışdırmırlar. İraq, Suriya, Əfqanıstan, Misir, Tunis, Liviya- hamısını qarışdırırlar. Oyun İslam dünyasında, müsəlman ölkələrində oynanır. Millətimiz bizdən bu oyunu kökündən pozmağımızı tələb edir və gözləyir" şəklində danışdı.
 
 Ərdoğan Türkiyəyə istiqamətlənmiş xəyanətin digər tərəfində də separatçı terror təşkilatı PKK-nın olduğunu bildirdi.

 "PKK ilə FETÖ və DAEŞ arasında heç bir fərq yoxdur. Bunlar eynidir. Hamısı da bu ölkəyə, bu millətə zərər vermə missiyaları ilə hərəkət edir" deyən Ərdoğan PKK-nın nəzarətindəki bəzi bələdiyyələrin və bələdiyyə sədrlərinin dövlətin imkanlarını istifadə edərək terrorçulara yardım və vasitəçilik etdiyini ifadə etdi və: "Seçilmək sizə millət əleyhinə fəaliyyət göstərmək hüququnu vermir" dedi.
 
 Ərdoğanın gündəmində Suriyanın şimalının terror təşkilatlarından təmizlənməsi üçün başladılan "Fərat Qalxanı" əməliyyatı da vardı.
 
Heç kimin Türkiyəni Suriya ilə əlaqədar fərqli niyyətləri olan bir ölkə kimi qələmə verə bilməyəcəyini vurğulayan Ərdoğan: "Bizim Suriya ilə ərazi məsələmiz yoxdur. Suriya suriyalılarındır, bu, belə olmalıdır. Amma istəyirik ki, kimsə də orada torpaq hesabı aparmasın. Hər zaman bunun xəbərdarlığını edirik. Bu gün gördüyümüz iş illərdir müttəfiq ölkələrə, Avropa İttifaqına, NATO-ya təklif etdiyimiz  və hər kəsin  çox məqbul gördüyü bir layihənin həyata keçirilməsidir. Suriya xalqının razı qaldığı bu əməliyyatdan yalnız və yalnız terror təşkilatları şikayətçidir. Demək, düzgün yoldayıq". deyə danışdı.



Әlaqәli Xәbәrlәr