TBMM 15 iyul çeviriliş cəhdini dərindən araşdıracaq

Bununla əlaqədar Məclisin ümumi toplantısında yekdilliklə Araşdırma Komissiyası yaradılıb

538296
TBMM 15 iyul çeviriliş cəhdini dərindən araşdıracaq

  Türkiyə Böyük Millət Məclisi Fətullahçı Terror Təşkilatı Paralel Dövlət Qurumunun 15 iyulda çevirilişə cəhdini dərindən araşdıracaq. Bununla əlaqədar Məclisin ümumi toplantısında yekdilliklə Araşdırma Komissiyası yaradılıb.

  Təklifi imzalayan AK Partiyanın sədr müavini İlknur İnceöz çıxışında vurğulayıb ki, "Türkiyə hiyləgər və xain bir terror təşkilatıyla üz-üzədir. Müharibələrdə belə bombalanmanın qadağan olunduğu Qazi Məclisinin terror təşkilatı tərəfindən hədəfə alındı. Amma dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çevirilişə cəhd gecəsi xalqı meydanlara dəvət etməsi vəziyyəti müsbət istiqamətə dəyişdi".

  17-25 dekabr tarixlərində reallaşan hadisələrin də çevirilişə cəhd olduğunu xatırladan İlknur İnceöz bildirib ki, "Söhbət ölkənin gələcəyindən getdiyi zaman xalqın birlik nümayiş etdirməsi vacibdir... Bu gün yaradılan komissiya tarixi əhəmiyyətə malikdir".

  CHP-nin Muğla üzrə millət vəkili Ömər Süha Aldan da çıxışında vurğulayıb ki, "Araşdırma komissiyasının işlərində hansı partiyaya üzvlüyündən asılı olmayaraq millət vəkilləri bərabərlik nümayiş etdirməlidir".

  MHP-nin Muğla üzrə millət vəkili Mehmet Ərdoğan da bu işdə müzakirələrin əhəmiyyətinə toxunub.

  HDP-nin İstanbul üzrə millət vəkili Cəlal Doğan isə çıxışında vurğulayıb ki, "İndiyədək baş verən hərbi çevirilişlərdən fərqlənən hadisəylə qarşılaşmışıq... Son hərbi çevirilişə təşəbbüsün əsl məqsədinin aşkarlanması vacibdir".

  Araşdırma Komissiyası yaxın günlərdə üzvlər təyin edildikdən sonra tam fəaliyyətə başlayacaq.



Әlaqәli Xәbәrlәr