Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb.

2116888
Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb

Martın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə ki, görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəsinin NATO ilə əməkdaşlığın, xüsusilə bu il 30-cu ildönümü tamam olan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən birgə fəaliyyətin daha da inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Beynəlxalq sülh və təhlükəsizliyə töhfəyə istiqamətlənən əməkdaşlığın, eyni zamanda, müvafiq sahə üzrə islahatlar, təkmilləşdirmə və ixtisasartırma fəaliyyətində öz əksini tapdığı qeyd edilib.

Cari ildə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinə hazırlıq prosesindən bəhs edən nazir Ceyhun Bayramov COP29 irsinin iqlim dəyişikliyi təhlükəsi ilə mübarizəyə töhfə olması üçün tərəfimizdən aidiyyəti tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, aparılan fəaliyyətin qarşısında dayanan ən böyük çağırışlardan biri olan mina təhdidi, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib. Vətəndaşların təhlükəsizliyinə təhdid yaradan, eləcə də aparılan yenidənqurma işlərinə maneə törədən mina problemi ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyinin əhəmiyyəti vurğulanıb. Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şəraitin mövcud olduğu, bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün Azərbaycan tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb.

Baş katib Yens Stoltenberq isə Azərbaycanın NATO ilə əməkdaşlıq çərçivəsində bir çox sülhməramlı missiyalarda nümunəvi fəaliyyətinin təqdirəlayiq olması ilə yanaşı, Azərbaycanın NATO bölgəsinin enerji təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətindən bəhs edib. Xüsusilə cari ildə Azərbaycanın COP29-a sədrliyinin enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə mübarizə sahələri arasında sinerjiyə töhfə verəcəyinə dair inam ifadə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib daha sonra Gürcüstana gedib.

NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Tərəflər arasında təkbətək görüş keçirilib.

    Hökumət administrasiyasında baş tutan görüşdən sonra tərəflərin mətbuata birgə açıqlaması olacaq.

    Qeyd edək ki, Yens Stoltenberq martın 19-da Tbilisidən İrəvana yola düşəcək.



    Әlaqәli Xәbәrlәr