Xocalı soyqırımı: bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırım Memorial Kompleksinin əməkdaşı, dosent Sübhan Talıblının elmi məqaləsini təqdim edirik

1951501
Xocalı soyqırımı: bəşər tarixinin ən qanlı və dəhşətli faciəsi

 

  Qarabağ tarixi Azərbaycan torpağıdır. Çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər. 1918-ci ildə regional və beynəlxalq güclərin tarixi Azərbaycan torpaqlarında yaratdıqları “Ermənistan” onların himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırım və etnik təmizləmə siyasəti həyata keçirdilər.

 AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Soyqırım Memorial Kompleksinin əməkdaşı, dosent Sübhan Talıblının elmi məqaləsini təqdim edirik.

  Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdi.

  Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyotla əlaqə qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində 41 nəfərin faciəli surətdə həlak olmasından sonra bu əlaqə tamamilə kəsildi və yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmədi.

  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etdi. Qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə ata, ya anasını itirdi. Faciədə 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər əsir isə götürüldü.

  Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində 41 nəfərin faciəli surətdə həlak olmasından sonra bu əlaqə tamamilə kəsilmiş, yanvarın 2-dən isə şəhərə elektrik enerjisi verilmirdi.

  1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edilərək əhalisi köçürüldü, nəticədə 99 adam həlak oldu, 140 nəfər yaralandı.

  Ermənilər Xocalıya üç istiqamətdən hücum etdiklərindən əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur olmuşdu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla məhv edildi.

  Xocalıya hücum edən ermənilər Artsax Milli Azadlıq Ordusu (AMAO) və qondarma Dağlıq Qarabağ respublikasının Ali Soveti Plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe ərazi komandanlıqlarının nəzarətindəki dəstələrdən (bölüklərdən) ibarət idi.

  Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılması, azərbaycanlı əsirlərin erməni işğalçılarının meyitləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən qurtarıb. Allahverdi erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verib. O, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirlərini təhvil alıb. A.Bağırov azərbaycanlı cəsədləri Ağdam məscidində kəfənə tutdurub torpağa tapşırıb. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub.

  A.Bağırovun döyüşçüləri həmin gün 85 şəhidin çıxarılmasında iştirak etmişdilər. Sonradan Milli Qəhrəman adı alan Əlif Hacıyev və Aqil Quliyevin meyitləri də onların arasında idi. Həmin meyitləri artıq axşam Ağdam yaxınlığında iki yük maşınından boşaldan zaman orada olan “Reuters”in fotomüxbiri Frederika Langen də çəkmişdi. F.Langen “The New York Times” qəzetinə verdiyi müsahibədə gördüklərini bu cür təsvir edirdi: “Birinci yük maşınında mən 35 cəsəd saydım. İkincisində də təxminən o qədər var idi. Bəzilərinin başı kəsilmişdi. Onların hamısı kişi idi. Bəzilərinin əynində hərbi forma var idi. Ölənlərin çoxu yandırılmışdı”.

  Ümumiyyətlə, bəşəriyyətin bu qanlı faciəsindən sonra Xocalı rayonundan olan 14577 nəfər məcburi köçkün Azərbaycanın 52 müxtəliş şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdı.

  Ermənilərin özləri də Xocalıda törətdikləri qətliamlar və vəhşiliklər haqqında demişlər. Zori Balayan öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifin sözlərinə əsasən yazıb: “Xocalı strateji məqsəd idi, lakin bu həm də bir qisas hadisəsi oldu”. Müəllif “Arabo” və “Aramo” adlı iki erməni dəstəsi silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir: “Şəhərin bəzi sakinləri erməni əsgərləri onları təqib edənədək təxminən 6 mil məsafə qət etdikdən sonra elə bildilər ki, təhlükəni arxada qoyublar. Amma əsgərlər uzun müddət ombalarında gəzdirdikləri bıçaqlarını çıxardı və onları bıçaqlamağa başladılar”.

  Digər erməni yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibəti “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində fəxrlə belə yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan işarə etdi ki, qorxmayın. Ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim.

  Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacağam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”.

  Erməni yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı amansızlıqla izah edir: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək”.

  Xocalı hadisələri ilə bağlı jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirib-keçirmədiyi sualına Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan belə cavab vermişdi: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Amma biz bunu [stereotipi] qıra bildik. Və budur baş verənlər… Mən heç bir təəssüflənmirəm… Hətta minlərlə əhali ölərsə belə, bu cür sərt gedişlər zəruridir”.

  Qeyd edək ki, Ermənistanda Xocalıda soyqırımı faktını ermənilərdən hüquq müdafiəçisi Mixael Danielyan və jurnalist Vahe Avetyan tanıyıb.

  Xocalı faciəsi erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə ilk dəfə Türkiyə ictimaiyyətinə Rəhbər Bəşiroğlunun “Milliyyət” qəzetində çıxan yazısı ilə çatdırıldı. Sonra ABŞ-ın “Washington Post”, “The New York Times”, “Boston Globe”, “Wall Street Journal”, “Sunday Times”, “Chicago Tribune” qəzetləri, “Associated Press” və “Time” informasiya agentliklərində, Böyük Britaniyanın “Reuters” xəbər agentliyi, “The Times”, “Sunday Times”, “The Guardian” qəzetləri və BBC kanalında, 1992-ci ilin 14 martında Fransa mediasında özünəməxsus yeri olan “Le Monde” qəzetində, Rusiyanın “Komsomolskaya pravda”, “Trud”, “Pravda” mətbuat orqanları, “Pasport” jurnalı, İrlandiyanın “The İrish Times”, Avstraliyanın “The Age” qəzetləri və xarici ölkələrin başqa KİV-lərində Xocalıda törədilmiş soyqırım haqqında məqalələr yazıldı.

  1993-cü ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü olaraq qəbul edildi. H.Əliyevin 25 fevral 1997-ci il verdiyi N 498 qərara əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində deyirdi: “Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı törədilmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtlərdir”.

  2014-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında bunları söylədi: “Xocalı faciəsi 200 ilə yaxın bir müddət ərzində erməni şovinistlərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qoyqırım olaraq Pakistan və Sudan tanıyıb. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edildi. Həmin il Pakistan Senatı Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı qınayan qətnamə qəbul olundu.

  Faciəni parlament səviyyəsində qətliam kimi Meksika 2 fevral 2012, Kolumbiya 24 aprel 2012, Çexiya 19 fevral 2013, Bosniya Herseqovina 26 fevral 2013, Panama 7 avqust 2013, Peru 14 iyun 2013, Honduras 17 yanvar 2014, İordaniya 2016, Cibuti 2017, Şotlandiya 22 fevral 2017-ci il tarixlərində tanıdı, eləcə də ABŞ-ın 22 ştatı Xocalı ilə bağlı sənəd qəbul etdi.

  Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakının Xətai rayonundakı “Ana harayı” abidəsinə ümumxalq yürüşü təşkil olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslardan, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.

  26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı saatlarla davam edən aksiyalarda “Hamımız xocalılıyıq”, “Hepimiz Hocalılıyız”, “We are all from Khojaly” şüarları səsləndirildi.

  2012-ci ildə Azərbaycan-Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya zamanı Nyu-York şəhərinin “Penn Station” ən böyük dəmiryolu vağzalının giriş və çıxış qapıları, müxtəlif köşələri, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirildi, avtobusların üzərlərinə və dayanacaqlara bannerlər yapışdırıldı, Vaşinqton şəhərində 400-dən çox metro qatarı, 95 metro stansiyası və “Capitol Hill”ə gedən avtobuslarda posterlər yerləşdirildi.

  2019-ci il fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Brüsselin Lüksemburq meydanında “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” və b. şüarlarla ümumavropa Qarabağ mitinqi keçirdi.

  2019-cu il fevralın 26-da Bakı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Xətai rayonundakı “Ana harayı” abidəsinə ümumxalq yürüşündə 55 min insan iştirak etdi.

  2003-cü il 15 fevralda Xocalı qaçqınlarının BMT, Avropa Şurası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti oldu. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına, dünya ictimaiyyətinə 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaq idi.

  Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlini “Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olaraq müəyyən edib.

  Ermənilər ötən əsrin əvvəlində olduğu kimi, Birinci və İkinci Qarabağ (Vətən) müharibələrində də mülki əhaliyə qarşı terror siyasətini davam etdirdilər. 2020-ci ildə sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistan hökuməti təxribatlar törədərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı cəbhəboyu əraziləri, vətəndaşları, sosial obyektləri ağır silahlardan atəşə tutdu, müxtəlif cinayətlər törətdi.

  Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi Azərbaycan torpaqlarında türk mili-mənəvi dəyərinə, tarixi abidələrə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli 1803 (XVII) saylı bəyannaməsinin tələblərinə zidd hərəkətlər ediblər.

  XX əsrdə ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən Azərbaycan xalqına qarşı 1905, 1918, 1920, 1948-1953, 1988-ci ildən törədilmiş bütün etnik təmizləmə və soyıqırımlar, köçürülmə siyasi, Xocalı faciəsi kimi hadisələrn dünyaya çatdırılması bu gün çox mühüm işdir. Xocalı soyqırımını beynəlxalq aləmdə daha sistemli şəkildə təbliğ etmək üçün bir sıra məsələlər həll edilməlidir. Elmi sahədə çalışan hər kəs - tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, həmçinin milli təhlükəsizlik və ordu, mətbuat, diaspor və digər sahələrdə araşdırma aparan tədqiqatçılar Xocalı soyqırımı ilə bağlı xarici KİV-lərdə, elm və təhsil mərkəzlərində cıxışlar etməli, xarici dillərdə məqalələr yayınlamalıdırlar. Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün siyasi partiya və diaspor təşkilatları beynəlxalq aləmdə öz fəaliyyətlərində Xocalı soyqırımının təbliği sahəsində xüsusi fəallıq göstərməlidir. Dünyanın aparıcı universitetləri, elmi tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib Xocalı soyqırımı haqqında birgə məqalə və kitablar yazılmalı, dəyirmi masalar təşkil edilməli, layihələr həyata keçirilməlidir.

  Görüləcək işlər çoxdur. İnanırıq ki, Azərbaycan dövləti uğurlu siyasəti nəticəsində qarşıya qoyulan hər bir hədəfə çatacaq və illərdir Azərbaycan və Türkiyə türklərinə qarşı soyqırım və deportasiya siyasəti yeridən ermənilər cinayətkar əməllərinə görə beynəlxalq məhkəmədə cavab vercəklər.

  Müzəffər və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi düşmən işğalından azad edildi. Hər bir azərbaycanlının qalib ordunun əsgəri olması bir şərəf, bir qürur, bir qeyrətdir. Bu torpaqlar Azərbaycan şəhidlərinin və qazilərinin qanı və cani bahasına azad edilib. Bu gün Xocalı şəhidlərinin, o cümlədən Allahverdi Bağırov, Əlif Hacıyev, Ələsgər Novruzov, Tofiq Hüseynov, Aqil Quliyev, İnqilab İsmayılov, Füzuli Rüstəmov və adlarını çəkə bilmədiyimiz neçə-neçə şəhidin ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  İnanırıq ki, Azərbaycanın ali baş komandanın səyi nəticəsində Qarabağ tarixi ad-sanını yenidən özünə qaytaracaq, dünyada strateji, iqtisadi, mədəni və mənəvi dəyəri daha da artacaqdır.



Әlaqәli Xәbәrlәr