31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd edilməsi barədə qərar qəbul olundu

1925945
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

 

  1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd edilməsi barədə qərar qəbul olundu. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən müraciət nəzərə alınaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə qanun qəbul olundu.

  2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Heydər Əliyevin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi.

  Qurultaydan sonra H.Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki azərbaycanlılarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarla bağlı dövlət siyasəti haqqında qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

  Heydər Əliyev siyasi fəlsəfəsinə, məktəbinə söykənən Azərbaycan prezidenti İlham Əliyev onun bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlət başçısının “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı.

  Azərbaycan Diasporunun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda Dünya Azərbaycanlılarının Xartiyasının qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqlədi.

  Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu birliyi Vətən müharibəsində bir daha gördük. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə aldı.

  2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Xalq müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. İkinci Qarabağ Müharibəsi bu əminliyi bir daha təsdiqlədi. Öz liderinin ətrafında dəmir yumruq tək birləşən xalq ordusuna arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğal altında inləyən Azərbaycan torpaqları düşmən tapdağından azad edildi. Sıldırım qayalarla əhatələnən qədim Azərbaycan-türk obasının – Şuşanın noyabrın 8-də azad olunması isə bu qəhrəmanlığın zirvəsi idi. Azərbaycan əsgərinin şücaətinə, bacarığına dünyanın hərbi mütəxəssisləri də heyran qaldı. İndi azad olunan torpaqlar yenidən qurulur, o yerlərə yenidən həyat qayıdır.

  2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər qurultayı Şuşada keçirildi. Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində dedi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilib. O, dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdi və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - ulu öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

  Azərbaycan dövlətinin diaspor siyasəti, həmvətənlərin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

  31 Dekabr - Dünya Azərbaycanlıları Həmrəyliyi Günümüz mübarək!

 



Әlaqәli Xәbәrlәr