Türk Xalqlarının Mühacirət Ədəbiyyatı Beynəlxalq Simpoziumu

Dünyanın çeşidli yerlərindən gələn 40-a yaxın alimin toplaşdığı simpoziuma İstanbul Universiteti ev sahibliyi edirdi

2073258
Türk Xalqlarının Mühacirət Ədəbiyyatı Beynəlxalq Simpoziumu
Türk Xalqlarının Mühacirət Ədəbiyyatı Beynəlxalq Simpoziumu_03.png
Türk Xalqlarının Mühacirət Ədəbiyyatı Beynəlxalq Simpoziumu_04.png
Türk Xalqlarının Mühacirət Ədəbiyyatı Beynəlxalq Simpoziumu_05.png

 

  İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan "Eğitim, Kültür ve Sosyal Dayanışma" dərnəyinin birgə təşkilatçılığı ilə "Türk xalqlarının mühacirət ədəbiyyatı" beynəlxalq simpoziumu ötən ay İstanbulda gerçəkləşdi.

  Dünyanın çeşidli yerlərindən gələn 40-a yaxın alimin toplaşdığı simpoziuma İstanbul Universiteti ev sahibliyi edirdi.

  Simpoziumu giriş sözü ilə açan dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədova ömrünü ədəbiyyata və Turan Birliyinin qurulmasına adamış böyük şəxsiyyətlərin çəkdiyi keşməkeşli həyatlarından və bu gün birliyə gedən yoldan danışdı.

  İstanbul Universitetinin rektoru, professor Osman Bülent Zülfikar köç və mühacirət probleminin tarixən bütün türk xalqlarının, özəlliklə yazarların, şairlərin taleyində acı rol oynadığını və bunun ədəbiyyatda da öz əksini tapdığını vurğuladı.

  Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə köcən, İstanbul Universitetinin professoru, Türkiyyat Araşdırmaları İnstitunun qurucusu, Əhməd Cəfəroğlunun qızı, “Sabancı” muzeyinin müdiri, professor Nazan Ölçer simpoziumun kecirilməsindən məmnunluğunu ifadə edərək atasının həyatının son anlarına qədər başı üstündə üc rəngli Azərbaycan bayrağı asdığını böyük qürurla dilə gətirdi.

  Azərbaycanın millət vəkili, professor Rafael Hüseynov türk xalqlarının zaman-zaman amansız təzyiqlərə, təqiblərə məruz qaldığını, köckün və mühacir həyatı yaşadıqlarını faktlarla ortaya qoydu, "Mühacirət ayrı düşməkdir, insanların vətənindən, bir- birindən uzaqda yaşamasıdır. Amma mühacirət düşüncəsi, qəriblikdə yaşayanları xatırlamaq, onları anmaq birlikdir, bərabərlikdir. Bir daha belə halların baş verməməsi üçün həmrəylik nümayiş etdirmək lazımdır" deyərək bu simpozumun məqsədini xüsusi vurğuladı.

  İki gün davam edən simpoziumda fərqli mövzularda təşkil edilən panellərdə danışan alimlər müxtəlif represiyalara məruz qalan yazıçılardan, tarixi şəxsiyyətlərdən, dövrünün mövcud siyasi rejiminin təzyiqləri üzündən öz ana dilindən uzaqlaşdırılan türk xalqlarının mənəvi sarsıntılarından və bütün bunların ədəbiyyatda öz əksini necə tapmasından danışdılar.

P.S: Adının çəkilməsini istəməsə də, belə bir önəmli simpoziumun təşkilinə və ədəbiyyatın inkişafına göstərdiyi dəstəklərinə görə iş adamı Anar Əlizadəyə biz də təşəkkür edirik.



Әlaqәli Xәbәrlәr