Azərbaycanda şəhidlərin xatirəsi silsilə tədbirlərlə yad olunur

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sentyabrın 27-də Bakı vaxtı ilə saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

2043051
Azərbaycanda şəhidlərin xatirəsi silsilə tədbirlərlə yad olunur

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi sentyabrın 27-də Bakı vaxtı ilə saat 12:00-da ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

İnsanlar şəhid əsgər və zabitlərin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Hərbçilər ölkənin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlət başçısı və birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Bu gün ölkənin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərdə anım mərasimləri keçirilir, şəhidlər dərin ehtiramla yad olunur.



Әlaqәli Xәbәrlәr