Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov açıqlama verib.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam etdirilir. Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Ordumuzun nəzarətinə keçib.
Azərtac informasiya agentliyinin məlumatına görə, bu sözləri bu gün keçirilən növbəti brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov söyləyib.
O əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq 82 və 120 millimetrlik minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox “Martira” radioelektron mübarizə stansiyası və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirilib.