Gürcüstanda Azərbaycan dili fakültəsi məsələsi müzakirə olundu

Tbilisi Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı fakültəsi yaradılması məsələsi müzakirə olunub

1625925
Gürcüstanda Azərbaycan dili fakültəsi məsələsi müzakirə olundu

 

  Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev aprelin 21-də İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb.

  Səfirlikdən bildirilib ki, görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Strateji tərəfdaş olan ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

  Görüşdə həmçinin Bakı Dövlət Universiteti ilə Tbilisi Dövlət Universiteti arasında əməkdaşlığın inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb, universitet rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.

  2019-cu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün Azərbaycanda olduğunu vurğulayan rektor G.Şaravaşide ölkənin inkişaf tempindən fərəh duyduğunu, rəhbərlik etdiyi ali təhsil ocağının Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu bildirib.

  Görüş zamanı Tbilisi Dövlət Universitetinin nəzdində Azərbaycan dili və ədəbiyyatı fakültəsinin yaradılması barədə müzakirələr aparılıb. Vurğulanıb ki, bu fakültənin yaradılması Gürcüstanın azərbaycandilli məktəblərində kadr çatışmazlığı probleminin qarşısını alacaq.

  Səfir Azərbaycanla əlaqələrə verdiyi böyük önəmə və dəstəyə görə rektora təşəkkür edib, Tbilisi Dövlət Universiteti ilə səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləyib.

  Daha sonra F.Quliyev Tbilisi Dövlət Universitetində yerləşən Heydər Əliyev Mərkəzində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olub. Universitet rəhbərliyi Mərkəzdə təmir işlərinin növbəti tədris ilinin başlanmasına qədər yekunlaşacağını bildirib.

 

P.S: Mənbə və foto Azərtac informasiya agentliyinə məxsusdur.



Әlaqәli Xәbәrlәr