Y. Karauz: "Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər Ermənistanın qurtuluşunun yeganə yoludur"

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qafqaz bölgəsində uzunmüddətli sülhün və əmin-amanlığın formalaşması üçün zəmin yaradır.

1576463
Y. Karauz: "Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər Ermənistanın qurtuluşunun yeganə yoludur"

Azərbaycanın Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Qafqaz bölgəsində uzunmüddətli sülhün və əmin-amanlığın formalaşması üçün zəmin yaradır.

Bunu AZƏRTAC-ın Ankaradakı xüsusi müxbiri Sabir Şahtaxtına açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.

Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına cavab olaraq başlanan Vətən müharibəsinin bölgədəki geosiyasi vəziyyəti kökündən dəyişdiyini diqqətə çatdıran general Yücel Karauz bildirib: “Noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl etmək Ermənistanın dövlət səviyyəsində üzərinə götürdüyü öhdəlikdir. Bu öhdəlikdən boyun qaçırmaq, yaxud əldə olunan razılaşmanı bu və ya digər formada pozmaq cəhdi yolverilməzdir. Ümumiyyətlə, mənfi çağırışların və onun yaratdığı risklərin məsuliyyətini Ermənistan dövləti daşıyır. Yeni fəaliyyətə başlayan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin funksiyası, sadəcə, bölgədəki prosesləri müşahidə etməklə yekunlaşmır. Əldə olunan informasiyalarda əksini tapan risklərin dərhal aradan qaldırılması Mərkəzin fəaliyyətinin əsasını təşkil edir. Xüsusilə bölgədə mənfi hal yaradan fəaliyyətlər, terror cəhdləri, qanunsuz silahlı şəxslərin hərəkəti, Azərbaycanın suverenliyinə xələl gətirən bütün məqamlar yolverilməzdir. Bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün qısa zamanda konkret addımlar atılacaq”.

Ermənistanın təcavüzkar siyasəti ucbatından uzun illərdən bəri bölgədə qapalı qalan nəqliyyat dəhlizlərinin açılmasını tarixi hadisə kimi dəyərləndirən general Yücel Karauz deyib: “Bölgədə altıtərəfli əməkdaşlıq, siyasi və diplomatik müstəvidə yeni münasibətlərə dair çağırışlar bütün Qafqaza sülh və inkişaf vəd edir. Ermənistan tərəfi nəzərə almalıdır ki, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər onun qurtuluşunun yeganə yoludur”.



Әlaqәli Xәbәrlәr