Mətbuat var olanı yoxa endirmək, yoxdan var yaratmaq gücünə malik canlı bir varlıqdır

Azərtac informasiya agentliyinin xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı 22 İyul Azərbaycan Mətbuatının 145 yaşı münasibətilə paytaxt Ankarada fəaliyyət göstərən Türkiyə dövlət qurumu TRT-nin Azərbaycan saytına məqalə təqdim edib

1459893
Mətbuat var olanı yoxa endirmək, yoxdan var yaratmaq gücünə malik canlı bir varlıqdır

 

 Mətbuat var olanı yoxa endirmək, yoxdan var yaratmaq gücünə malik canlı bir varlıqdır

 

 “Qəzet aləmin güzgüsüdür. Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet cismi-həyatın ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir”, Məhəmməd ağa Şahtaxtılı

 

  22 iyul Azərbaycan təqvimində Milli Mətbuat Günüdür. Təxminən bir əsr yarım bundan əvvəl ilk nömrəsi çap edilən “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə tarixə keçən bu təqvim Azərbaycanda milli aydınlaşma dövrünün də başlanğıcı hesab olunur. Görkəmli ictimai-siyasi xadim, söz və fikir adamı, tanınmış publisist və maarifçi Həsən bəy Zərdabinin redaktorluğu ilə işıq üzü görən “Əkinçi” qəzetinin geniş kütlə arasında yayılması həmin dövr üçün mədəni həyatda inqilabi hadisə hesab olunurdu. Bu il bizi həmin tarixdən 145 il ayırır. Bu əlamətdar tarixi gün ərəfəsində Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Əslində milli mətbuatımızın qət etdiyi 145 illik yolu xarakterizə etmək o qədər də asan deyil. Ən azı ona görə ki, qeyd etdiyimiz ötən zaman kəsiyində milli mətbuatımız müxtəlif keyfiyyət mərhələləri keçib. Çar Rusiyası dövründə, məhz həmin üsul idarənin icazəsi əsasında fəaliyyətə başlayan “Əkinçi”nin ilk buraxılışı və sonrakı nömrələrinin işıq üzü görməsi, bu qəzetə qarşı başlanan basqılar, onun bağlanması tələbləri, bütün bu çətinliklərə davam gətirmək və s. kimi məqamların hər biri öz-özlüyündə hadisədir. Beləliklə, “Əkinçi”nin nəşri ilə Azərbaycanda vüsət alan qəzetçilik prosesinə nəzər yetirmək niyyətindəyik.

  Azərbaycan dilində yayımlanan ilk milli qəzet statusu ilə xalqımızın könlündə əbədi yer qazanan “Əkinçi” qısa ömürlü olsa da, nəşri dayanandan sonra belə onun yaratdığı səs-soraq ölkəmiz və xalqımız üçün əlamətdar olmuşdur. Əvvəla qeyd etməliyik ki, Çar Rusiyasında başlanan siyasi inqilabi proseslər çərçivəsində Azərbaycanda, eləcə də Qafqazın bütün bölgələrində müsəlman-türk xalqlarının fəallığında “Əkinçi” təcrübəsi ilə yaranan maarifləndirici işlər böyük təsirə malik olmuşdur. Məhz həmin proseslərdə gizli vərəqələrin nəşrində və yayılmasında “Əkinçi” məktəbi böyük təsir göstərmişdir. Ümumiyyətlə, xüsusilə kütləvi savadsızlıq dövründə qəzetlərin cəmiyyətdəki proseslərə təsirinin gücünü və miqyasını müəyyən etmək mümkünsüz bir işdir. Lakin məntiqi mülahizələrə və bəzi faktlara söykənərək deyə bilərik ki, istər milli burjazistlərin cəmiyyətin maarifləndirməsi proseslərinə qoşulmasında və prosesi dəstəkləməsində, istərsə ayrı-ayrı ailələrdə yazmaq və oxumaq maraqlarının artmasında, o cümlədən milli qəzetçilik yolunun davam etməsində “Əkinçi”nin rolu danılmazdır. Həmçinin bu gün milli varlığımız, dövlətçilik tariximiz, zəngin mədəniyyətimizlə öyünməyimizdə bu qəzetin nəşr tarixi qürur yerimiz, iftixar mənbəyimizdir.

  Əslində qəzetin 1875-ci ildə çapa başlayaraq cəmi iki il işıq üzü görməsi, 300-400 tirajla nəşr edilərək 56 saydan sonra bağlanması da, Azərbaycan xalqına qarşı tarixi haqsızlıqların biri kimi siyasi hadisədir. Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbu nəşrin adının "Əkinçi" olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoymuşdular. Zərdabi nəşrdə hansı məsələlərin işıqlandırılacağına öz yazıları ilə aydınlıq gətirib.  Qəzetin məramnaməsi çar Rusiyasının ictimai-siyasi tələblərinə zidd deyildi. Nəşrin məram və məqsədlərində göstərilirdi ki, əkinçilik, elm və gündəlik xəbərlər ana xətt kimi qorunacaq. Mənbələrdən məlumdur ki, çap dövründə bütün əsassız iddialara və sorğulara redaktor Həsən bəy Zərdabi tərəfindən tutarlı cavablar verilmişdir. Bütün bunlara baxmayaraq qəzet cəmi iki il fəaliyyət göstərəndən sonra bağlandı. Lakin iki illik zaman kəsiyində “Əkinçi” milli düşüncəmizdə geniş bir sahəni qaydasında şumladı və redaktor istədiyi toxumları burada əkməyə və cücərtməyə nail ola bildi.

  Hər bir qəzetin nüfuz göstəricilərindən biri tiraj çoxluğudursa, digəri imza rəngarəngliyi və yazarların şəxsiyyətidir. Bu mənada “Əkinçi” Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Seyid Əzim Şirvani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətəli Axundov kimi görkəmli qələm sahiblərinin imzalarının “Əkinçi” səhifələrinində görünməsi heç şübhəsiz ki, dostları sevindirir, düşmənləri məyus edirdi. Zənnimcə “Əkinçi”nin bağlanmasında məhz imza rəngarəngliyi faktı da mühüm rol oynamışdır. Həm o dövrdə mətbuatın idarə edilməsini təmin edən çar çinovnikləri, həm müsəlman-türklərin qəflətdən oyanmasını istəməyən digər toplumların başbilənləri, eləcə də müsəlman ruhanilər bu faktdan ciddi narahatlıq keçirmişlər. “Əkinçi”nin xalq arasında geniş yayılması və rəğbət qazanması, eyni zamanda Azərbaycan aydınlarını birləşdirən məkana çevrilməsi ölkəmizdə cəhaləti qorunmaqla imperialist maraqlarını təmin edən qüvvələri sakit buraxa bilməzdi. Üstündən illər keçəndən sonra Azərbaycan Xalq Cümhuriyyəti elan olundu və “Əkinçi”nin toxumları sözün əsl mənasında yenidən cücərməyə başladı. Cümhuriyyətimizin süqutundan sonra Azərbaycan milli mətbuatı özünün durğunluq mərhələsinə qədəm qoysa da, sovet ideologiyası prinsipləri əsasında müəyyən bir inkişaf mərhələsi keçdi. Rəsmi qəzetçilik, televiziya və radio işlərinin formalaşmasında yumşaq desək “Əkinçi” ənənələrinin töküntüləri belə öz sözünü deməyə bilməzdi. Qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatının inkişafında Osmanlı dövründə və müasir Türkiyədə təhsil alan və mühacirət həyatı yaşayan ziyalılarımızın böyük əməyi olmuşdur.

  1987-ci ilin sonlarından başlayaraq ermənilərin Azərbaycana qarşı əsasız torpaq iddiası ortaya çıxanda xalqımız “Əkinçi”nin nəşrindən bu tərəfə mətbuata ən böyük ehtiyacını yaşadı. Ermənilərin keçmiş sovet və dünya mətbuatında Azərbaycana qarşı mətbuatdan başladığı qarayaxma kompaniyası tüğyan edəndə “Əkinçi”nin və sözlə fikir cücərdən ziyalıların yeri göründü.

  Heç şübhəsiz ki, 1987-1989-cu illərdə “Əkinçi” ilk nömrələri çap olunduğu səviyyədə belə işıq üzü görsəydi və Dağlıq Qarabağ mövzusunu ən sadə dildə yazsaydı bu qəzet milyonların sevimlisi kimi əldən ələ gəzər, evlərin, ailələrin masaüstü məlumat daşıyıcısı olardı...

  Nəhayət, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunanda Azərbaycan milli mətbuatı yeni bir mərhələsi meydana çıxdı. Təəssüf ki, demokratik şüarlar, söz və mətbuat azadlığı prinsiplərini irəli sürməklə siyasi hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyü ölkəni hərtərəfli tənəzzülə apardıqları kimi mətbuatın inkişafına da sarsıdıcı zərbə vurdular. Jurnalistlərin təqibi, redaksiyalara basqın, mətbuat işçilərinin döyülməsi ilə bərabər hərbi senzuranın tətbiqi gücləndirildi. Dövlət tərəfindən mətbuatın inkişafına dəstək verilmədi. Müstəqilliyimizin bərpasından sonra mətbuatın ilk qaranquşları hesab olunan KİV nümunələrinə biganəlik bu sahənin işıqlı gələcəyinə böyük təhdidlər yaratmağa başladı...

 Lakin yaman günün ömrü az olar deyiblər. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müasir müstəqil Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Mətbuatın bütün sahələrinin fəaliyyətinə yaşıl işıq yandırıldı. Azərbaycan həqiqətlərinin, o cümlədən Dağlıq Qarabağda baş verənlərin dünya ictimaiyyətinə düzgün çatdırılması üçün KİV və jurnalistlər milli fəaliyyətlərini geniş masştabda həyata keçirməyə başladılar. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan mətbuatı üzərində imperiya əsarətində olduğumuz çar Rusiyası və totalitar sovet rejimi dövrlərində, həmçinin müstəqilliyimizin ilk illərində mövcud olmuş və bir az da sərtləşdirilmiş senzura aradan qaldırıldı. Həmin illərdə Azərbaycan mətbuatı iki mühüm inkişaf mərhələsi keçdi: senzurasız fəaliyyət və latın qrafikalı əlifbaya sürətli keçid təmin edildi. KİV orqanlarının dövlət borcları donduruldu. KİV reklam bazarına daxil olaraq özünümaliyyələşdirmə prinsipləri ilə dinamik inkişaf startı götürdü.

...Hazırda Azərbaycan milli mətbuatı çoxşaxəli inkişaf mərhələsinin zirvəsindədir. Milli Mətbuatımızın 145 illiyi ilə bağlı 30 iyun tarixli Prezident sərəncamı bir daha göstərdi ki, Azərbaycan dövləti söz və mətbuat azadlığının inkişafını dövlətçilik ənənələrinin qorunması sırasında saxlamaqdadır. Ötən dövrdə Azərbaycan jurnalistikasının inkişafı üçün tarixi addımlar atılıb. Bunlardan biri də mətbuat işçilərinin sosial-məişət problemlərinin həlli istiqamətində atılan addımlardır. Son illər bir sıra KİV orqanına hər il dövlət tərəfindən maliyyə yardımı alınması davam edir. Xəzərin sahilində, Bakının ən gözəl məkanlarından birində jurnalistlər üçün inşa olunan sayca üçüncü yaşayış binasının istismar mərhələsinə çatması hazırda bütün dünyada KİV əməkdaşlarına analoqu olmayan dövlət qayğısıdır.

...Növündən asılı olmayaraq KİV müasir həyatın ən vacib gündəlik tələbatıdır. Bir sözlə, mətbuat varı olan yoxa endirmək, yoxdan var yaratmaq gücünə malik olan canlı bir varlıqdır. Milli mətbuatımızı qorumaq və inkişaf etdirmək milli kimliyimizi mühafizə etməkdir.

  Məqalənin sonunda iyulun 12-dən başlayaraq Ermənistan silahlı birləşmələrinin Tovuz rayonu istiqamətindən Azərbaycana qarşı törətdiyi növbəti təxribatların beynəlxalq KİV-də əks olunmasına dair qısa bir arayış vermək istərdim. Artıq on günə yaxındır ki, bu məsələ beynəlxalq KİV-in ən aktual mövzusudur. Azərbaycan milli mətbuatında yayılan xəbərlər və milli təfəkkürlü jurnalist kontingenti bu prosesdə aparıcı və istiqamətverici gücdür.

 

 

 



Әlaqәli Xәbәrlәr