Bakıda Türk Şurası nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir

Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı işə başlayıb.

Bakıda Türk Şurası nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı keçirilir

Mayın 7-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısı işə başlayıb.  Türk Şurasının baş katibi Bağdad Amreyev informasiya və media üzrə məsul nazirlərin və yüksək vəzifəli rəsmilərin ötən toplantısından sonra görülən işlər barədə məlumat verib. O, işçi qrupunun VII toplantısında müzakirə edilən məsələlərdən danışıb. Baş katib deyib ki, VII toplantıda şuraya üzv dövlətlər üçün önəmli məsələlər müzakirə olunub. Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, on il bundan əvvəl Naxçıvanda yaradılan Türk Şurası üzv dövlətlərin maraqlarını ifadə edərək müxtəlif aspektlər üzrə fəaliyyət göstərir. Burada müzakirə olunan əsas məsələ dövlətlərimiz arasında mətbuat sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir. Bu əməkdaşlıq Avrasiya və dünya məkanında xalqlarımızın maraqlarının qorunmasına xidmət etməlidir. Prezidentin köməkçisi qeyd edib ki, Şuraya üzv olan ölkələrin hər biri bərabərhüquqludur. Əməkdaşlıq mühiti Şuranın əldə etdiyi ən böyük nəticədir. Əməkdaşlıq istiqamətində bütün məsələlərə dəstək verməyə hazırıq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında infrastrukturu dağıdıb. Biz istərdik ki, türkdilli ölkələrin mətbuatında bununla bağlı məlumatlar, informasiyalar getsin. Əgər Türkiyə regionda hər hansı problemlə rastlaşırsa, biz onlara informasiya dəstəyi verməliyik. Türk Şurasına daxil olan ölkələr qarşılıqlı şəkildə bir-birinə dəstək verməlidir. Əli Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr genişləndirilməli və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyaları bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının verilişlərinin nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və ictimai televiziyalarının verilişləri Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda, həmin ölkələrin də dövlət və ictimai televiziyalarının verilişləri Azərbaycanda yayımlansın. Prezidentin köməkçisi qeyd edib ki, vahid türkdilli televiziyanın yaradılması təşəbbüsü dörd ildir müzakirə olunur. Təəssüflər olsun ki, bu məsələ həllini tapmayıb. Mövcud televiziyalardan birinin türkdilli dövlətlərin vahid kanalına çevrilməsi, bu funksiyanın hansısa formada icra edilməsi gündəlikdədir. TRT AVAZ kanalı bu mənada müzakirə obyektidir. Qazaxıstanın informasiya və sosial inkişaf nazirinin müavini Marad Azilxanov qeyd edib ki, ölkəsi Türk Şurasının üzvü olan dövlətlərin telekanallarının və informasiya agentliklərinin əməkdaşlığının genişləndirilməsini dəstəkləyir. O təklif edib ki, Şuraya üzv ölkələr Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin "Böyük Çölün yeddi özəlliyi” adlı məqaləsi ilə bağlı sənədli filmin çəkilməsinə dəstək versinlər. Nazir müavini, eyni zamanda, üzv dövlətlərin telekanallarında 4 ölkənin filmlərinin nümayiş olunması təklifini yüksək dəyərləndirib. Qırğızıstanın Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Baxtımgül Novruzbayova bildirib ki, ölkəsi Şuraya üzv dövlətlərə aid xəbərlərin və videoların yayılmasını təmin edir. Qırğızıstan Türk Şurası ölkələrində baş verən hadisələrin operativ şəkildə geniş coğrafiyaya çatdırılmasında maraqlıdır. B.Novruzbayova vurğulayıb ki, media qurumlarının imicinin artırılması istiqamətində daha çox iş görülməlidir. Türkiyə Prezidentinin baş müşaviri, mədəniyyət, informasiya və turizm nazirinin müavini, TRT-nin İdarə Heyətinin üzvü Mustafa Akış çıxış edərək deyib ki, 2009-cu ildə yaradılan TRT AVAZ türk xalqları arasında əməkdaşlığı daha da gücləndirdi. Bu kanal türk xalqlarına aid mədəniyyətin və tarixin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görür. TRT AVAZ-ın hazırladığı verilişlər TRT-nin digər kanallarında da nümayiş olunur. TRT AVAZ-ın həyata keçirdiyi işlər bundan sonra da gücləndirilməlidir. Bunun üçün türk dünyasının dəstəyi artırılmalıdır. Qeyd edək ki, toplantı çərçivəsində milli ictimai televiziya kanalları arasında çoxtərəfli texniki əməkdaşlıq protokolunun imzalanması mərasimi olacaq.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr