Özbəkistan, Türkiyə və Pakistan birgə hərbi təlimi

Açılış mərasimində iştirakçılara Türkiyə türkcəsi və urduca xitab edən Özbəkistanın baş qərargah rəisinin müavini Şuhrat İkramov dedi...

1188465
Özbəkistan, Türkiyə və Pakistan birgə hərbi təlimi

  Özbəkistan, Türkiyə və Pakistan silahlı qüvvələrinin iştirak etdiyi Tərəfdaşlıq Qalxanı 2019 təlimi Özbəkistanda start götürdü.

  Cizzah vilayətindəki Forış poliqonunda üç ölkənin silahlı qüvvələrinin iştirak etdiyi Tərəfdaşlıq Qalxanı 2019 birgə hərbi təlimi açılış mərasimilə başladı.

  Özbəkistan Müdafiə Nazirliyi və baş qərargahının rəsmiləri, Türkiyənin Özbəkistandakı Səfirliyinin hərbi attaşesi, polkovnik Mustafa Baloğlu, Pakistanın Özbəkistandakı Səfirliyinin hərbi attaşesi İmran Arif və təlimə qatılan ölkələrin silahlı qüvvələri nümayəndələrinin olduğu mərasimdə himnlər səsləndikdən sonra bayraqlar qaldırıldı.

  Açılış mərasimində iştirakçılara Türkiyə türkcəsi və urduca xitab edən Özbəkistanın baş qərargah rəisinin müavini Şuhrat İkramov dedi:

  “Türk əsgərlərini ata yurdu kimi gördükləri bu torpaqlarda qarşılamaqdan məmnuniyyət duyuruq. Birgə təlim üç ölkə arasında inkişaf etməkdə olan hərbi əməkdaşlığın göstəricisidir.

  Son illər Özbəkistan müxtəlif ölkələrlə hərbi sahədə əməkdaşlığı artırıb. İlk dəfədir ki, üç ölkənin iştirakı ilə birgə təlim keçiririk.”

  Türkiyənin Özbəkistandakı Səfirliyinin hərbi attaşesi, polkovnik Mustafa Baloğlu da öz növbəsində çıxış edərək deyib:

  “Türkiyə hal-hazırda PKK, DAEŞ, FETÖ olmaqla üç terror təşkilatı ilə eyni zamanda mübarizə aparan yeganə ölkədir. Terrorla mübarizədə böyük təcrübəyə malik Türkiyə Silahlı Qüvvələri dili, dini və mədəniyyəti bir olan qardaş Özbəkistan ordusu və yenə böyük təcrübəyə malik qardaş Pakistan silahlı qüvvələri ilə ilk dəfədir ki, üçlü birgə təlim keçir. Bu birgə təlim ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək”.

  Pakistanın Özbəkistandakı Səfirliyinin hərbi attaşesi İmran Arif Arif isə bunları söyləyib:

  “Qardaş Türkiyə və Özbəkistan silahlı qüvvələri ilə birgə hərbi təlim keçmək Pakistan ordusu üçün də çox əhəmiyyətlidir. Pakistan Özbəkistan və Türkiyə kimi qardaş ölkələrlə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz bu ölkələrin də terrorla mübarizə sahəsində bilik və təcrübələrindən faydalanmaq istəyirik.”

  Açılış mərasimində üç ölkə əsgərlərinin parad keçidi də olub.

  Qeyd edək ki, 26 apreldə başa çatacaq birgə hərbi təlimdə Türkiyə Xüsusi Qüvvələr Komandanlığına bağlı 15 əsgər və zabit iştirak edir.



Әlaqәli Xәbәrlәr