Güclü Türkiyə güclü Azərbaycan deməkdir

Azərbaycanın ictimai və siyasi münayəndələri 31 Mart Türkiyə Bələdiyyə Seçkilərinə münasibət bildirir...

1173592
Güclü Türkiyə güclü Azərbaycan deməkdir

  Yeni Azərbaycan Partiyası Gəncə millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev TRT Azerbaycan saytına verdiyi açıqlamada Azərbaycanda da Türkiyə 31 Mart Bələdiyyə seçkilərinin maraqla izlənildiyini bildirib.

  M. Quliyev Azərbaycanda hamının onlara dost və qardaş ölkə olan Türkiyədə yenə də demokratiyanın, sabitliyin və özünəinamın qalib gələcəyinə inandığını qeyd edib. Türkiyənin illərdir azadlıq, insan hüquqları, demokratiya sahələrində ciddi anlamda yol qət etdiyini deyən Azərbaycanlı millət vəkili bu ölkədə xalqın dəyərlərindən üstün başqa heç nəyin olmadığını da sözlərinə əlavə edib: ‘‘Biz buna cani-dildən inanırıq ki, bu seçkilər xalqın istədiyi kimi nəticələnəcək. Mən Azərbaycan parlamenti nümayəndə heyətinin üzvü kimi Türkiyədə bir neçə dəfə Prezidentliyə və Milli Məclicə seçkiləri izləmişəm və demək olar ki, hər seçkidə necə düzgün, necə şəffaf seçki keçirildiyinin şahidi olmuşam. Bu seçkilərdə də Türkiyə xalqnın doğru seçim edəcəyinə inanıram və bilirəm ki, qardaş ölkə onu idarə edəcək yerli özünüidarə orqanlarını müəyyən edəcək. Əvvəlcədən nələrisə təxmin etmək istəyimiz bəlkə bir az siyasi etikadan uzaq görünə bilər, amma bizim düşüncəmiz belədir ki, təqribən iyirmi ildir Türkiyənin düzgün yolda addımlamağına şərait yaradan, ölkəni inkişaf etdirən, gücləndirən, milləti bir yerə yığmağı bacaran, regional və qlobal mənada yeni uğurlara aparan hakim Ədalət və İnkişaf Partiyası bu seçkidə də qələbə qazanacaq. Və Ak Partiyanın zəfəri bütün Türkiyə xalqının zəfəri olacaq. Güclü Türkiyə, eyni zamanda güclü Azərbaycan deməkdir.’’

  NATO üzrə azərbaycanlı mütəxəssis Fərrux Məmmədov TRT Azerbaycan saytına verdiyi açıqlamada bu gün Türkiyənin təkcə özü üçün yox, eyni zamanda həm Avropa, həm də Yaxın Şərq üçün önəmli bir mübarizə apardığını bildirib. F.Məmmədov buna görə də 31 martda keçiriləcək seçkilərin təkc Türkiyənin yox, eyni zamanda NATO ölkələri başda olmaqla Yaxın Şərq, Cənubi Qafqaz və ətraf bölgələrin taleyinə ciddi mənada təsir edəcəyini xüsusi ilə vurğulayıb. Buna görə də seçkidə mövcud iqtidar partiyasının, yəni Türkiyə dövlətinin qalib gəlməyinin önəmini xüsusi ilə vurğulayan NATO mütəxəssisi əks halda Türkiyədə sabitliyin və inkişafın təhlükə altında olacağını da bildirib: “Hazırda beş milyondan çox qaçqının öz ərazisində təhlükəsizliyini qoruyaraq onlara qapı açan Türkiyə dövləti gələcək və milli təhlükəsizlik problemi ilə üz – üzədir. Bir tərəfdən beynəlxalq münasibətlər və beynəlxalq hüquq sistemindəki xaos, digər tərəfdən BMT-də qayda və qanunların çalışmadığı bir dövrdə Türkiyənin öz sabitliyini qoruması vacibdir. Hamı da bilir ki, Türkiyəni inkişafdan və güclənməkdən sadəcə bir yolla saxlamaq olar: o da daxildə qarışıqlıq salaraq siyasi hakimiyyətin gücünü zəiflətməklə. Bunun isə əsas yolu seçkiyə müdaxilə edərək insanları seçki öncəsi sosial media vasitəsiylə bu və ya digər formada aldadaraq, seçkiyə və nəticələrə zərbə vurmaqdır.

  Son 18 ildə Türkiyə beynəlxalq hüquq, beynəlxalq münasibətlər və diplomatiya sahəsində dünyanın ilk iyirmi super güc dövlətləri sırasındadır. Yeganə türk-müsəlman dövlətidir ki, bəzi qüvvələri olduqca narahat edir, onlar da bunu bəzən açıq, bəzən də gizli yollarla biruzə verir. Onların əsas məqsədi Türkiyənin hakim partiyası ilə bərabər Türkiyə dövlətini də zəiflədərək azad bir dövlətdən gücsüz və parçalanmağa hazır dövlətə çevirməkdir. Bu proses əvvəllər yavaş gedirdisə, indi isə daha açıq və güclü formatda davm edir. Bir NATO ölkəsinin bütün bunları yaşaması həmin alyans üçün olduqca təhlükəlidir, çünkü əgər Türkiyə zəifləyərsə, o zaman Alyansın taleyi də sual altına düşəcək.

  Bütün bunlar da onu göstərir ki, Türkiyə hakimiyyəti və seçim ittifaqı olan partiya ilə bərabər seçkilərdə qalib gəlməlidir və Qərb başda olmaqla Avropa da bu prosesdə Türkiyə dövlətiə və hakimiyyətinin yanında olmalıdır. Onlar unutmasınlar ki, Türkiyə böyük bir barajdır: əgər burada sabitlik pozularsa, xaos,savaş və ya buna bənzər durumlar olarsa, ən böyük zərbəni Avropa və NATO alacaqdır. Çünki əgər baraj partlasa, altında qalacaq olan Türkiyə yox, məhz onlardır. Buna görə də Amerika başda olmaqla Avropa İttifaqı da düşünməlidir ki, bir NATO ölkəsini qorumaq elə özlərini qorumaq deməkdir!”

  Politoloq Ceyhun Əhmədli Türkiyədə gedən siyasi prosesləri sanki Azərbaycanda baş verirmişcəsinə izlədiklərini bildirdi, bunun iki dövlət arasında çox isti münasibətlərdən qaynaqlandığına diqqət çəkərək fikrini  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox önəmli sözü ilə vurğuladı: “Türkiyə gücləndikcə biz də güclənirik.” Məncə, bu tarixə düşəsi cümlə hər bir azərbaycanlının Türkiyədə baş verən siyasi proseslərlə bağlı baxışlarını müəyyənləşdirir. Hakim Ədalət və İnkişaf Partiyasının iqtidarı dövründə Azərbaycan-Türkiyə strateji ittifaqı hər gün inkişaf edərək özünün ən yüksək həddinə çatıb.

  Bu gün hər iki ölkə regionun taleyini müəyyənləşdirən aktyorlardır. Ötən il Bakı şəhərində keçirilən hərbi paradlarda iki ölkənin dövlət başçıları və hərbçilərinin yan-yana dayanması bütün dünyaya verilmiş qardaşlıq mesajı idi. Təbii ki, Azərbaycan xalqı olaraq bu münasibətlərin davamlı xarakter almasının tərəfdarıyıq. Qarşıdan gələn seçkilərdə Türkiyə demokratiyasının növbəti təntənəsinin yaşanacağına əminliyimiz yüksəkdir.

  Sosial şəbəkələrdəki müşahidələrimə və tanınmış sorğu şirkətlərinin rəylərinə istinadən, AK Partiya iqtidarının inamlı qələbə qazanacağını düşünürəm. Hesab edirəm ki, bu qələbə təkcə AKP-nin yox, həm də Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəri olacaq.

  İstənilən iqtidarın fəaliyyətinin əsas göstəricisi ölkədə siyasi-iqtisadi sabitliyə nə dərəcədə nail olmaqla müəyyən edilir. Əminliklə deyə bilərik ki, ötən 17 il ərzində cənab Ərdoğanın rəhbərliyi altında Türkiyə dövləti daxili siyasi-iqtisadi sabitliyə tam nail olub. Terrorun kökü kəsilmək üzrədir. Uğurlu “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarından sonra bölücü terror təşkilatları tarix boyu görmədikləri zərbəni alıblar.

  Türkiyə dövləti öz sərhədlərindən kənarda da təsir dairəsini genişləndirməklə regional geosiyasi aktyora çevrilib. Sevindirici haldır ki, regionun taleyi həll olunarkən, əvvəlki dövrlərdən fərqli olaraq, artıq Türkiyə dövlətinin ümdə maraqları nəzərə alınır. Bütün bu nailiyyətlərin arxasında, söz yox ki, sağlam və möhkəm siyasi iradə dayanır. Türkiyə dövlətinin növbəti seçkilərdən də çıxaraq əldə etdiyi bu uğurların davamını gətirəcəyinə təmənni edirik”.

  Azərbaycandakı siyasi partiyalardan olan AĞ partiyanın sədri Tural Abbaslı Türkiyədə hər seçimi həm Azərbaycan cəmiyyətinin bir fərdi, eyni zamanda siyasi partiya rəhbəri olaraq diqqətlə izlədiklərini bildirdi.

  Ağ Partiya sədri TRT Azerbaycan saytına verdiyi açıqlamada Türkiyə və Azərbaycanın bir-biriləri ilə tarixi, dini, mədəni əlaqələri olan iki dövlət olduqlarını və bu ölkələrdə baş verən müsbət, ya mənfi proseslərin birbaşa bir-birinə təsir etdiyini qeyd etdi. Hər zaman səsləndirdikləri bir şüara bu gün də sadiq olduqlarını vurğulayan T. Abbaslı "Güclü Türkiyə, güclü Azərbaycan" sözlərinin hər zaman qəbul olunması, Türkiyənin inkişafını sürətlə davam etdirməsi üçün hazırkı hökumətin, yəni AK Partiyanın iqtidarda qalmasının vacib olduğunu bildirdi: ‘Azərbaycanın AĞ partiyası olaraq hər seçki və hər dövrdə AK partinin yanında olmuşuq, inşaallah, bundan sonra da olacağıq.

  Hamıya məlumdur ki, Türkiyədə bələdiyyələr yüksək səlahiyyətlərə malikdir. İlk növbədə, AK partiya və MHP, onların qurduqları Cümhur İttifaqına partiyamız adından uğur diləyirəm. Əminəm ki, seçkilərin nəticələri hər iki xalqı sevindirəcək. Yaşasın Türkiyə, yaşasın Azərbaycan və bu iki dövlətin qardaşlığı!”



Әlaqәli Xәbәrlәr