Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edildi

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

1077877
Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edildi

Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Səfir Erkan Özoral tədbirdə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin yaranmasının 95-ci ildönümü münasibətilə xalqa müraciətini oxuyub.

Azərbaycanın Baş naziri Novruz Məmmədov rəsmi qəbulda çıxış edərək Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Türkiyə xalqını və dövlətini təbrik edib, Türkiyəyə davamlı sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıb.

“Bu gün Türkiyə xalqı Cümhuriyyətin 95 illiyi ilə yanaşı, daha bir bayramı - tarixi İstanbul şəhərində yeni hava limanının açılışını qeyd edir. Bu, nəinki Türkiyədə, eləcə də dünyada həyata keçirilən nəhəng layihələrdən biridir. Bu mühüm hadisə münasibətilə də Türkiyə xalqını, Prezidentini təbrik edirik”, - deyə Azərbaycanın Baş naziri vurğulayıb.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

İftixarla qeyd etmək lazımdır ki, Qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən mühüm hadisələrindən idi. Keçən dövr ərzində Türkiyə Cümhuriyyəti hərtərəfli inkişaf edərək çox böyük və şərəfli yüksəliş yolu keçmiş, ən qabaqcıl dövlətlərlə bir sırada layiqli yerini tutmuşdur.

Azərbaycanın Baş naziri qeyd edib ki, dünyanın siyasi xəritəsində mühüm mövqeyə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilib. Təsadüfi deyil ki, Türkiyə “Böyük İyirmilik” ölkələri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir.

Novruz Məmmədov deyib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb.

“Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir”, - deyən Baş nazir bildirib ki, bu gün Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.

Baş nazir Novruz Məmmədov qeyd edib ki, münasibətlərimizin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir. Təsadüfi deyil ki, hər iki ölkənin prezidentlərinin ilk rəsmi səfərlərini bir-birinin ölkəsinə etməsi artıq diplomatik ənənəyə çevrilib.

Bu gün Azərbaycanda 3400-ə yaxın Türkiyə şirkətinin, Türkiyədə isə 2300-dən çox Azərbaycan şirkətinin fəaliyyət göstərdiyini deyən Novruz Məmmədov qeyd edib ki, bu şirkətlər qarşılıqlı olaraq ölkə iqtisadiyyatına böyük həcmdə investisiya yatırırlar və bu da münasibətlərimizdə hərtərəfli inkişafın göstəricisidir.

“İkitərəfli müstəvidə uğurla inkişaf edən əməkdaşlıq münasibətlərimizlə yanaşı, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında biz bir-birimizi həmişə dəstəkləyirik. Azərbaycanın və Türkiyənin rəsmi nümayəndə heyətlərinin hər hansı biri beynəlxalq tədbirlərdə iştirak etmədikdə, dəfələrlə digərinin mövqeyini müdafiə etməsinin qürurla şahidi olmuşuq. Biz ölkələrimiz və xalqlarımız, hətta Avrasiya üçün böyük önəm daşıyan nəhəng layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı –Tbilisi-Ərzurum, TANAP neft–qaz kəmərlərinin tikintisi və istismarını birlikdə həyata keçirmişik”, - deyə Baş nazir vurğulayıb.

Novruz Məmmədov deyib: “Əlaqələrimizin daha da dərinləşməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın xüsusi rolunu vurğulamaq istərdim.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səyə və bizim haqlı mövqeyimizi daim müdafiə etdiyinə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığımı bildirirəm.

Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaq”.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.



Әlaqәli Xәbәrlәr