Balakəndə II Beynəlxalq Xurma Festivalı

Festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

1077199
Balakəndə II Beynəlxalq Xurma Festivalı
Hurma festivali_Balaken_01.jpg
Hurma festivali_Balaken_02.jpg
Hurma festivali_Balaken_04.jpg
Hurma festivali_Balaken_05.jpg
Hurma festivali_Balaken_06.jpg
Hurma festivali_Balaken_07.jpg

  Azərbaycan xalqı tarixən məhsul yığımını, bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd edib. 2017-ci ildə Balakən rayonunda ilk dəfə beynəlxalq xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyuldu. Bu ənənə yenə də davam etdirilir. Qoz-fındığı, tərəvəzi, meyvəsi ilə tanınan Balakən rayonu ikinci dəfədir beynəlxalq xurma festivalına ev sahibliyi edib.

  AZERTAC-ın yazdığına görə, 27 oktyabrda başlayan II Beynəlxalq Xurma Festivalı oktyabrın 28-də Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında maraqlı və yaddaqalan tədbirlərlə öz işini davam etdirib.

  Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları və digər qonaqlar iştirak ediblər.

  Festivala dəvət olunan qonaqlar əvvəlcə H.Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

  Sonra qonaqlar “Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkib, istehsal prosesi ilə tanış olublar. Məlumat verilib ki, 2017-ci ildə fəaliyyətə başlayan bu müəssisə quru və yarımquru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqla təchiz olunan, nəzdində yuyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən istehsal sahəsidir. “Balxurma” müəssisəsində istehsal üçün meyvələr sakinlərin şəxsi xurma bağlarından yığılır, tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsul istehsal edilir. Xurma məhsulu qablaşdırılmış formada daxili bazara, həmçinin MDB, Avropa və ərəb ölkələrinə ixrac olunur. Müəssisənin fəaliyyətə başlaması, eyni zamanda, yerli əhalinin xurma ağaclarının əkininə marağını da xeyli artırıb.

  Diqqətə çatdırılıb ki, ötən ilin sentyabrında Moskva şəhərində keçirilən "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və sərgi təşkilatçılarının diqqətini cəlb edən Azərbaycanın xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsalçısı "Balxurma" və fındıq istehsalçısı "Azərstar" şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüblər.

  Müəssisə ilə tanışlıqdan sonra qonaqlar festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiblər.

  Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.

  Qonaqlar yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb. Tədbir iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın bişirilməsi prosesini izləyiblər.

  Tədbirin rəsmi açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib.

  Bildirilib ki, bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik mühüm rol oynayır. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurma xüsusi yer tutur. Xurma istehsalı Balakən rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən sayılır. Xurma Balakəndə ən çox istehsal olunan və bol məhsul verən meyvəçilik sahələrindən biridir. Balakən xurması dadına, növlərinin sayına, keyfiyyətinə görə həmişə fərqlənib. Son illər rayonda gəlirli sahə olan xurmaçılığın inkişafına böyük diqqət göstərilir. Hazırda rayonda 812 hektar xurma bağı var. 2017-ci ildə bağlardan 14,5 min ton xurma tədarük olunub.

  II Beynəlxalq Xurma Festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.



Әlaqәli Xәbәrlәr