Daşkənddə “Əlişir Nəvai və XXI əsr” adlı elmi-praktik konfrans keçirildi

Daşkənddəki Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı elmi-praktik konfrans keçirildi.

906914
Daşkənddə “Əlişir Nəvai və XXI əsr” adlı elmi-praktik konfrans keçirildi

Daşkənddəki Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı elmi-praktik konfrans keçirildi.

Tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, bu ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Konfransı universitetin rektoru, profesor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yeri və mövqeyindən danışıb.

Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında Əlişir Nəvaini dünya şöhrətli bir söz ustadı kimi xarakterizə ediblər.

Özbəkistanın ali və orta təhsil üzrə naziri Inomjon Macidov, ÖzbəkistanYazıçılar Birliyinin sərdi Muhammad Ali, YUNESKO-nun Özbəkistandakı missiyasının rəhbəri Dendev Badark, Qazaxıstanın Özbəkistandakı səfiri Yerik Utembaev çıxış edərək Özbək ədəbiyyatının böyük siması, söz mülkünün sultanı, dövlət xadimi dahi Nəvainin xidmətlərindən danışaraq, onun yaşadığı Herat şəhərini dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdiyini qeyd etdilər və vurğuladılar ki, Nəvai yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, sənətkarlığın və iqtisadiyyatın inkişafında böyük xidmətləri olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov dahi şairin əsas böyük xidmətinin türkçülük və türk dilçiliyi sahəsində olduğunu, Şərq ədəbiyyatında türkdilli ədəbiyyatın əsasçısı olan Nəvainin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı adlandırdığı qeyd etdi. Nizami-Nəvai arasında bu ədəbi əlaqələrin xalqlar arasında dostluq körpüsünə çevrildiyini deyən S.Abbasov 2011-ci ildə Bakıda Əlişir Nəvainin heykəlinin açılışı olduğunu, habelə, Nəvai yaradıcılığına dair Azərbaycanda çoxsaylı tədqiqat işlərinin aparıldığını qeyd etdi.

Tədbirdə çıxışçılar qeyd edib ki, Nəvainin yaradıcılığı ondan sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına müsbət təsir edib.

Sonra tədbirin bədii hissəsi təqdim olunub. Özbəkistanın xalq artisti, muğam ustası Münacat Yolçuyevanın Əlişir Nəvaiyə dair musiqisi, Daşkənd Dövlət Dram Teatrının hazırladığı səhnəciklər təqdim olunub.

 

Mənbə: AZƏRTAC



Әlaqәli Xәbәrlәr