Türkiyədə Azərbaycan məktəbi, Azərbaycanda Türkiyə məktəbi

Son günlər Türkiyədə Azərbaycan məktəbinin açılması məsələsi tez-tez gündəmə gətirilir. Mövzuyla bağlı Türkiyə Palata və Birjalar Birliyi (TOBB) İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl bu barədə məlumat verir.

903894
Türkiyədə Azərbaycan məktəbi, Azərbaycanda Türkiyə məktəbi

   Son günlər Türkiyədə Azərbaycan məktəbinin açılması məsələsi tez-tez gündəmə gətirilir. Buna səbəb dünyanın başqa ölkələrinə nisbətən qonşu ölkədə xeyli sayda azərbaycanlının yaşamasıdır.

  Türkiyənin paytaxtı Ankarada yaşayan və çalışan azərbaycanlı tarixçi, Türkiyə Palata və Birjalar Birliyi (TOBB) İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Toğrul İsmayıl bu barədə məlumat verir: 

  “Türkiyədə, xüsusilə də, Ankarada Azərbaycanın ziyalı potensialı var. Məsələn, paytaxtın qabaqcıl universitetlərində Azərbaycandan olan fakültə dekanları, bölüm rəhbərləri, tanınmış alimlər çalışır. Onları və övladlarının ailələrini də nəzərə alsaq, böyük bir Azərbaycan diasporası yaranmaqdadır. Amma çatışmazlıq bu diasporanın uşaqlarının təhsil almaları üçün hara göndərilməsi məsələsidir. Məsələn, Rusiya Səfirliyi nəzdində Rusiya, İran Səfirliyinə bağlı fars məktəbləri, o cümlədən, Amerika məktəbləri, kursları var. Bunu nəzərə alaraq və Türkiyə dövlətilə anlaşaraq Azərbaycan ibtidai və orta təhsil (lisey) səviyyəsində məktəbin açılması məqsədəuyğundur. Bu yarı özəl və ya dövlət məktəbi ola bilər.

  Doğrudur, Türkiyədə məktəblər var ki, bizim siyasi liderlərimizin - M.Ə.Rəsulzadə və Heydər Əliyevin adlarını daşıyır.  Amma bizim təklif etdiyimiz Azərbaycanla bağlarını qoparmayan, Türkiyə təhsil sisteminə bağlı, amma xüsusi dərslər, məsələn, Azərbaycan dili, ədəbiyyatı, tarixini tədris edəcək məktəbin olmasıdır. Bunu təkbaşına, özəl olaraq həyata keçirmək olar. Amma fikrimcə, bu məsələni Azərbaycan dövləti öz üzərinə götürməlidir. Bununçün başqa ölkələrin, millətlərin nümunəsi və bir çoxunun Türkiyədə öz məktəbləri var. Ən sadə nümunə: ermənilərin belə Türkiyədə 10-larla məktəbi var, amma Azərbaycan vətəndaşlarının yoxdur və bu çox üzücüdür. İstanbulda belə bir məktəb olduğu deyilsə də, Türkiyənin paytaxtında Azərbaycan məktəbinin olması, mənə görə, şərtdir.

  Bəziləri deyir ki, onsuz da qardaş ölkə ilə dil, din adət-ənənə yaxınlığımız olduğundan buna o qədər də ehtiyac yoxdur. Amma nə qədər olsa, fərqli tərəflərimiz var. Azəraycan Türkiyə ilə qardaş olsa da, ayrı bir dövlətdir və buna görə öz maraqlarını təmin etməlidir. Baxın, hüquqi baxımdan Azərbaycan vətəndaşları Türkiyədə xarici vətəndaş sayılır. Nə qədər desək ki, biz bir millət, iki dövlətik, hüquqi baxımdan ayrı-ayrı dövlətlərin təmsilçiləriyik.

  Hətta ilk türk qurultaylarında təkliflərdən biri bu idi: Azərbaycan məktəblərində Türkiyə türkcəsini, Türkiyədə Azərbaycan dilinin məcburi  türk ləhcəsi kimi məktəblərdə öyrədilməsi. Bu, dillərimizin daha da yaxınlaşmasına xidmət edəcəkdi. Amma hamısı kağız üzərində qaldı. Əksinə, birliklərə yeni ifadələr gəlib: “Türkcə danışan dövlətlər birliyi”. Yəni, baxın, “türkcə danışan” ifadəsi önə çıxıb. Bu, doğru deyil, “türk soylu” deyilməlidir. “Türkcə danışan” rus da, alman ola bilər. Amma biz türk soyluyuq, danışdığımız dil də türk dilinin ləhcələridir.

    Azərbaycan türk dünyasına böyük töhfələr vermiş ölkədir. Bu gün Türkiyədə bizim uşaqlarımız bunları tam mənimsəyə bilmir. Biz Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov və kimi şəxsiyyətləri gənc nəslə tanıtmalıq, öyrətməliyik.

  Azərbaycan türkcəsi  Azərbaycan Cümhuriyyətində, Anadoluda və İranın yarısında danışılır. Deməli, bu, çox yayılmış bir dildir."



Әlaqәli Xәbәrlәr