“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır”,  H. Hacıyev

H.Hacıyev daimi sülh və təhlükəsizliyin təmini üçün Ermənistanın qoşunlarını işğal altında tutduğu Azərbaycan torpaqlarından çıxarması və Türkiyəyə qarşı əsassız iddialarına son qoymasının vacibliyini dilə gətirib.

871349
“Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır”,  H. Hacıyev

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daimi sülh və təhlükəsizliyin təmini üçün Ermənistanın qoşunlarını işğal altında tutduğu Azərbaycan torpaqlarından çıxarması və Türkiyəyə qarşı əsassız iddialarına son qoymasının vacibliyini dilə gətirib.  

Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyə ilə Ermənistan arasında 2009-cu il oktyabrın 10-da Sürihdə imzalanan protokolların təsdiqlənmə prosesindəki ləngimənin məsuliyətinin Türkiyəyə aid olduğu barədəki açıqlamalarına dair suallara cavab verib.

Hacıyev bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalına son qoymalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı əsassız iddialarına son qoymalıdır. Ermənistan, nəhayət, qonşu dövlətlərlə sivil münasibətlər qurmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, o qədər də tez erməni əhalisi qonşu dövlətlərlə münasibətlərin yaxşılaşması, Ermənistanın regional əməkdaşlığa cəlb olunmasından faydalana bilər.

Ermənistan Xarici İşlər Nazirliyinin dekabrın 16-da yaydığı açıqlamada Türkiyə və Azərbaycan əleyhinə əsassız iddialar irəli sürüldüyünü xatırladan Hikmət Hacıyev açıqlamanın rəsmi Yerevanın “qonşu ölkələrlə sivil münasibət qurma gücündə olmadığını və primitiv düşüncəyə sahib olduğunu ortaya qoyduğunu” bildirib.

Hacıyev onu da deyib ki, müstəqilliyini əldə etdikdən sonra qonşu dövlətlərlə mehriban əlaqələr qurmaq əvəzinə, Ermənistan mifik ideologiya əsasında “Böyük Ermənistan” xülyası ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdü. Bu siyasətin nəticəsi olaraq, Ermənistan Azərbaycana qarşı müharibəyə başladı, ölkəmizin ərazilərinin 20 faizini işğal etdi, Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan torpaqlarında yaşayan bir milyondan artıq köklü Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törətdi. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı açıq ərazi iddiaları irəli sürülür, həmçinin, ziddiyyətli və mifik “Armyanskoye Naqorye” ideologiyası ilə Ermənistanın qonşu İran və Gürcüstana qarşı da ərazi iddiaları var. Bu feodal və faşizm əsaslı siyasətin nəticəsidir ki, Ermənistan bu gün regionda özünü təcrid vəziyyətinə salmış dövlətdir. Ermənistanı artıq müstəqil dövlət hesab etmək belə, mümkün deyil. Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın özünütəcridi daha da artıb, ölkənin xarici borcu ümumdaxili məhsulu dəfələrlə üstələyib, ölkə sosial-iqtisadi və demoqrafik böhran şəraitindədir. Belə bir vəziyyətdə Azərbaycan və Türkiyənin timsalında düşmən obrazı yaratmaqla Ermənistanın hakim rejimi erməni xalqını aldatmağa və öz mövcudluğunu saxlamağa çalışır.

Ermənistan Xarici İşlər Nazirliyi dekabrın 16-da verdiyi açıqlamada Türkiyəni Sürih protokollarının təsdiqlənmə prosesindəki ləngimənin məsuliyyəti kimi göstərmiş, ermənilərin 1915-ci il hadisələrilə əlaqəli iddiaları yenidən gündəmə salmışdı.



Әlaqәli Xәbәrlәr