Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir

Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına axışır..

655550
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir

20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi yazılıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar  Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə ən parlaq səhifələrindən biri kimi daxil oldu.

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 27 il ötsə də, unudulmayıb və xalqın qan yaddaşına əbədi yazılıb.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu..

Qanlı Yanvar faciəsinin səhəri günü ümummilli lider Heydər Əliyev həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqının kədərini bölüşdü və kommunist rejiminin respublikada həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin bu addımı xalqa təpər və güc verdi ona dayaq oldu.

Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayanda 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıldı. Ulu Öndərin fərman və sərəncamları ilə Şəhidlər xiyabanı yenidən quruldu, burada möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi yaradıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, “20 Yanvar şəhidi” fəxri adı təsis olundu, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi, pensiya təminatı gücləndirildi.

Bu siyasətə Prezident İlham Əliyev sadiq qaldı. Bu gün  Azerbaycan xalqının müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanı kütləvi şəkildə ziyarət olunur. Ardı-arası kəsilməyən insan axınını seyr etdikcə ümummilli lider Heydər Əliyevin sözləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

 Xalqın müqəddəs ziyarətgahı olan Şəhidlər xiyabanına insan axını davam edir, şəhid məzarlarının üzərinə al qərənfillər düzülür. Bu, qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramın parlaq təcəssümüdür.

http://azertag.az/



Әlaqәli Xәbәrlәr