Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına məktub ünvanlayıb

Xarici işlər naziri  Elmar Mәmmәdyarov  Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə həmkarı Mövlud Çavuşoğluna təbrik məktubu ünvanlayıb.

651438
Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarına məktub ünvanlayıb

Elmar Mәmmәdyarov  məktubda həmkarı Mövlud Çavuşoğlunu Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib.

Məktubda Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının dövlətlərimizin və xalqlarımızın əlaqələrinin ruhunu və sarsılmaz özülünü təşkil etdiyi qeyd olunaraq, ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb və tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyi vurğulanıb.

Elmar Mәmmәdyarov  bu gün də Azərbaycan prezidenti İlham Әliyev  və Türkiyənin  dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  tərəfindən uğurla inkişaf etdirilən dövlətlərimiz arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərimizin xalqlarımızın rifahına, regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr 14 yanvar 1992-ci ildə qurulub.



Әlaqәli Xәbәrlәr