Azərbaycan şeirinin hər iki qolunda çağdaşlaşma prosesi

Türkiyə ədəbiyyatındakı çağdaşlaşma prosesini Azərbaycan ədəbiyyatına gətirmək üçün Türkiyədə çıxan bir neçə kitabı İranda yayınlamışam.

549103
Azərbaycan şeirinin hər iki qolunda çağdaşlaşma prosesi

  İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi şəhəri Təbrizdəki “Yaşar qələm” nəşriyyatının müdiri, 50-dən çox kitabın naşiri, şair Xosrov Barışan bu günlərdə Azərbaycan Respublikasının paytaxtı Bakıda olub.

  Azərbaycan ədəbiyyatının cənub (İran) və şimal (Azərbaycan Cümhuriyyəti) qollarının müzakirəsilə bağlı dəvət olunan X.Barışan ədəbi səfəriylə bağlı təəssüratlarını belə bölüşüb: “Bu gün Güneydə güclü və ciddi ədəbi proses var, dünyanın müasir ədəbiyyatıyla ayaqlaşmağa çalışır. Hətta deyə bilərəm ki, Güneydəki çağdaş ədəbiyyat bugünkü Quzey ədəbiyyatından, yəni Azərbaycan Respublikasındakı ədəbiyyatdan daha güclüdür. Quzeydə yeni nəsil şairlərdə çağdaşlaşmağa doğru bəzi addımlar var, ancaq, məncə, bu daha öncə başlamalıydı. Sovet dönəmi poeziyasında şairlər içində mən Rəsul Rzadan başqa klassik ədəbiyyatdan fərqlənən şair görmürəm. Vaqif Səmədoğlunu da güclü və çağdaş şair sayıram. Şair öz şeirlərimdə hər hansı bir şairi yamsılamamalıdır. Özü olmağa çalışmalıdır, həm də tam müasir biçimdə. Bu baxımdan bu gün Türkiyədə çox güclü ədəbi proses var.

  Mən çağdaşlaşma prosesini Güney Azərbaycan ədəbiyyatına gətirmək üçün Türkiyədə çıxan bir neçə kitabı çevirmişəm. Atilla İlhanın şeirlərini ərəb əlifbasında Azərbaycan türkcəsində çap etmişəm. İbrahim Sədrinin şeirlərini və Sərdar Özkanın romanını farscaya çevirmişəm. Ümumiyyətlə isə, nəşr etdiyim kitabların çoxu Azərbaycan türkcəsindədir və ədəbiyyatla bağlıdır. Çünki öz dilimizdəki kitablara böyük maraq var. Güneydə türkcə (Azərbaycan türkcəsində) başqa kitab və dərgilər də çap olunur”.

  Xosrov Barışan Azərbaycanın paytaxtı Bakı haqqında isə duyğularını belə paylaşıb: “Burada hər şey və hər kəs mənə doğmadır. İnsanlar çox təmiz ürəkli və mehribandır. Hamı məni qonaq dəvət edir. Bakı, sözün əsil mənasında, gözəl şəhərdir. Burada tanınmış söz ustası Ramiz Rövşən, şairlər Fərqanə Mehdiyeva, Kəmaləddin Qədim, Nəzakət Məmmədova, Sayman Aruz, Əzizə Hüseynağaqızı, ədəbiyyatçı-alim Esmira Fuad Şükürova, uzunömürlü “Ulduz” jurnalının şöbə müdiri Hicran Hüseynova və adlarını çəkə bilmədiyim onlarla ədəbi sənət adamlarıyla isti görüşlərimi heç zaman unutmaram”.

 

  Qeyd edək ki, Xosrov Barışan 1983-cü ildə İran Azərbaycanında dünyaya gəlib. İndiyədək özünün 8 müəllif kitabı çıxıb ki, bunların 6-sı şeir kitabıdır, o cümlədən, 3 kitabda uşaqlar üçün şeirləri toplanıb. Şeir və yazıları müxtəlif mətbuat orqanlarında yayınlanır. 4 ədəbi mükafat sahibidir.
 



Әlaqәli Xәbәrlәr