Tehranda Dədə Şəmşir Beynəlxalq Aşıq Festivalı

24 mayda başlanan festivalda İranın – Güney Azərbaycanın və Azərbaycan Respublikasının əksər şəhərlərindən olan aşıq və aşıq qrupları və saz sənəti araşdırmaçıları iştirak edib

497437
Tehranda Dədə Şəmşir Beynəlxalq Aşıq Festivalı

  Paytaxt Tehranda İran Aşıqlar Birliyinin təşkil etdiyi Dədə Şəmşir Beynəlxalq Aşıq Festivalı keçirilib.

  24 mayda başlanan festival Aşıqlar Biriyinin sədri aşıq Səlcuq Şahbazi, İranın – Güney Azərbaycanın bütün şəhərlərindən olan aşıq və aşıq qrupları, Aşıq Şəmşir yaradıcılığının araşdırılması ilə məşğul olan, o cümlədən Azərbaycan Respublikasından gələn alim və aşıqlar iştirak edib.

  Festival iştirakçıları yaratdığı 75 saz havası ilə lent yazılarında yaşayan Aşıq Şəmşirin xatirəsini yad edərək haqqında çıxışlar etmiş, onun ifalarından parçalar səsləndirmişlər.  

  Bu gün dünyanın irsi sayılan və Azərbaycan Respublikası Heydər Əliyev Fondunun təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinin ustadları daha çox Güney Azərbaycan torpaqlarında dünyaya gəlmiş, yaşayıb-yaratmış, şimali Azərbaycan ərazisində çoxlu şagirdlər yetişdirmiş və burada da böyük bir aşıq məktəbi yaratmışlar.

  Xatırladaq ki, Aşıq Şəmşir 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Söz -sənət tariximizdə Ağdabanlı Qurban adı ilə qalan bu ustad aşıq və tanınmış el şairi aşıq Ələsgərin müasiri olub, onların yaxın ünsiyyıtindən, dostluq əlaqələrindən bir sıra deyişmələri yadigar qalıb. Aşıq Ələsgər və Ağdabanlı Qurban dövründə Kəlbəcər-Göyçə ədəbi mühitinin eyni ənənələr üzərində formalaşması, saz və söz sənətinin coğrafi hüdudsuzluğu ərazi etibarı ilə yaxın olan bu qonşu ellərin mənən də yaxın olmasına təbii şərait yaradıb.  Belə bir mühitdə daxili dünyasını tapan Dədə Şəmşir bu ustadların və uluların təsiri ilə cilalanıb, çox keçmədən el yığıncaqlarında müstəqil məclislər aparan istedadlı saz şairinə çevrilib və dədəlik mərtəbəsinə qədər ucalıb (Adil Cəmil, AR Filologiya elimləri üzrə fəlsəfə doktoru). Professor Şahlar Əsgərovun sözlərilə də desək, “Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb”.

  İran Aşıqlar Birliyinin mayın 24-də İranın paytaxtı Tehran şəhərində təşkil etdiyi Dədə Şəmşir Beynəlxalq Aşıq Musiqi Festivalının sonunda 6 ustad Azərbaycan aşığına “Dədə Şəmşir diplomu” veriləcək.



Әlaqәli Xәbәrlәr